Toponimin mənşəyi

Alat – Xorvatiyada yaşayış məntəqəsi.
Xorvatiya ərazisi V–VII əsrlərdə Hun və Avar xaqanlıqlarının tərkibinə daxil idi. Ehtimala görə, xorvatları buraya məhz avarlar köçürmüşdülər.

1853-cü ildə Rusiyanın Rostov şəhəri yaxınlığında II–III əsrlərə aid, üzərində qədim yunan dilində yazılar olan iki mərmər lövhə tapılmışdı. Həmin lövhələrdəki şəxs adlarından biri belədir:

Sandarsın oğlu Xoroatos. Əvvəlcə onu vurğulayaq ki, Sandars sarmat–alan şəxs adının qədim yunan dilindəki formasıdır. Xoroatos şəxs adına gəlincə isə, tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, onunla xorvat (hrvat) etnonimi arasında bağlılıq mövcuddur.

Maraqlıdır ki, Şərqi Roma tarixçisi İoannis Skilicis (1040–1101) xorvatları və serbləri saka (skif) xalqının bir hissəsi hesab edirdi. Keçmişdə xorvat xalqı üç qrupa bölünürdü: Ağ xorvatlar, qara xorvatlar, qırmızı xorvatlar.

Yeri gəlmişkən, qədim bulqar türkləri iki qrupa ayrılırdılar: Ağ bulqarlar, qara bulqarlar. Böyük Bulqar xaqanlığının qurucusu, qüdrətli türk hökmdarının adı əski salnamələrdə bir neçə oxşar variantda qeyd edilmişdir: Kurt, Kurvat, Kubrat, Korbat, Krobat (605–665). Sözsüz ki, Kurvat xaqanın adı ilə xorvat (hrvat) etnonimi arasında bənzərlik vardır.

Bir məsələni də vurğulayaq ki, xorvat xalqının indiki Xorvatıstan torpaqlarına gəlişi ilə, Böyük Bulqarıstan xaqanlığının süqutu və bulqarların bir hissəsinin Balkan yarımadasına köçü təxminən eyni dövrə – VII əsrə təsadüf edir.

Alat – Almaniyanın Bavariya vilayətində göl.
Qeyd etmək lazımdır ki, V əsrdə Bavariya torpaqlarına heruli adlı saka–sarmat tayfası köçmüş, VI–VII əsrlərdə isə Bavariyanın bir hissəsi Avar xaqanlığının tərkibində olmuşdur.

Olot – İspaniyanın Kataloniya muxtar regionunda şəhər.
Bir fərziyyəyə görə, Kataloniya vilayəti IV–VII əsrlərdə buraya köçmüş alan (aluan–alban) tayfasının adını daşıyır.

Alat – Hindistanın Rajasthan ştatında yer adı.
Racasthan ştatının ərazisi e.ə. 175-ci ildən eramızın 395-ci ilinədək saka dövlətlərinin tərkibində olmuşdur.

Heydər Ələt – İranın Gilan ostanında kənd.
Məlum olduğu kimi, indiki Gilan ostanının ərazisi və bütövlükdə İran e.ə. III əsrdən eramızın III əsrinədək qədim saka xalqının qurduğu Ərsakilər dövlətinin tərkibində olmuşdur.

Alat – Əfqanıstanın Fəryab və Təxar vilayətlərində iki yaşayış məntəqəsi.
Hər iki vilayətin əhalisinin əksəriyyətini özbəklər təşkil edir. Təxar vilayəti qədim saka xalqının toxar (döger, kuşan, quşçi) tayfasının adını daşıyır. Əfqanıstan e.ə. II əsrdən eramızın I əsrinədək sakaların, I–II əsrlərdə Ərsakilərin, II–III əsrlərdə kuşanların (quşçilərin), III–IV əsrlərdə hunların, V–VI əsrlərdə ağ hunların (abdalıların), VI əsrdə isə türklərin (göytürklərin) hakimiyyəti altında olmuşdur.

Olot – Özbəkistanın Buxara vilayətində rayon və şəhər.
Iva (yıva, qaraqoyunlu) adlı türkmən tayfası bu rayonda yaşayır. Özbək tədqiqatçılarının ehtimalına görə, Olot toponimi türk dillərindəki “uruq” (nəsil, soy) sözündən yaranmışdır.

Buxara e.ə. I əsrdən eramızın IV əsrinədək Kuşan (Quşçi) imperiyasının, V–VI əsrlərdə Ağ hun (Abdalı) dövlətinin, VI–VIII əsrlərdə isə Türk xaqanlığının tərkibində olmuşdur.

Oğuz ləhcəsində danışan özbək tayfalarından biri – Alat.
Özbəkistanın Buxara vilayətində yaşayan və özbək dilinin oğuz ləhcəsində danışan digər tayfalar isə bunlardır: Bayot (bayat), ciqaçi, darqali, janafar, karaun, karavul, sayot, salır, ersari, çandir, eski, tamciq, burcok.

Cənubi hunların on doqquz tayfasından biri – Alat.
Çin tarixçiləri alat tayfası haqqında ilk məlumatı IV əsrdə vermişlər. Çinli müəlliflər onlara boma da deyirdilər. Bu tayfanın başqa adları helai, alai və helan idi.

801-ci ildə yazılmış “Tongdian” adlı Çin salnaməsinə görə, alatların atları ala olduğu üçün onların dövləti də belə adlanırdı. Bəzi tədqiqatçılar alat tayfası ilə Orta Asiyanın qədim alan tayfasını eyniləşdirirlər.

Alat, Alatka – Rusiyanın Krasnoyarsk diyarında hündürlüyü 1765 metr olan dağ və çay…

Rus alimi Lev Qumilyov (1912–1992) bu fikirdə idi ki, hunların alat tayfası indiki Rusiyanın Krasnoyarsk diyarında – Krasnoyarsk şəhərindən bir qədər şimalda – Yenisey çayının sahillərində yaşamışdır.

Haşiyə. Zənnimizcə, Azərbaycan dilindəki “alay” (böyük dəstə, müasir anlamda hərbi struktur – polk) sözü məhz alat etnoniminin “alai” variantından yaranmışdır. Yeri gəlmişkən, rus dilindəki “polk” sözü Azərbaycan dilindəki “bölük” sözündən əmələ gəlmişdir.

İyirmi dörd oğuz tayfasından biri – Alayuntlu… Mahmud Kaşğarinin (1029–1101) “Divani lüğəti ət-türk” əsərinə görə, bu tayfanın adı ulayonduluq olmuşdur. Fəzlullah Rəşidəddinin (1247–1318) “Cami ət-Təvarix” əsərində bildirilir ki, həmin tayfa Oğuz xaqanın nəvəsi Dəniz xanın nəslindən idi.

Fəzlullah Rəşidəddin sözügedən tayfanın adını alayuntlu şəklində göstərmiş, onun mənasını “yaxşı mal-qarası olan” kimi izah etmişdir. Əbul Qazi Bahadur xan (1603–1664) isə belə bir fikirdə idi ki, bu etnonim “ala atlı” anlamını verir.

Sovet sinoloqu (çinşünası) və türkoloqu Yuri Zuyev (1932–2006) yazırdı: “Oğuz elinin alayuntlu tayfasının damğası ilə hunların alat tayfasının damğası bir-birinin təkrarıdır: – Bu tayfaların adları da bir-birinə bənzəyir. Bütün bunlar isə onu göstərir ki, alayuntlu ilə alat, əslində, eyni tayfadır”.

Nəticə. Ələt toponimi saka–sarmat əsilli alan–alban xalqı ilə əlaqəlidir. Eyni zamanda istisna etmirik ki, sadaladığımız toponimlərdən bəzilərinin Ələt adına bənzəməsi təsadüfi xarakter daşıya bilər.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

1-ci hissəyə keçid linki: https://millikimlik.az/2022/5642/

Comments are closed.