Türük oğuz begleri, bodun, eşidinq!

Azərbaycan dili Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dilidir.

İran, İraq, Gürcüstan, Rusiya, Suriya və Əfqanıstanda yaşayan azərbaycanlılar öz aralarında əsas ünsiyyət vasitəsi kimi Azərbaycan dilindən istifadə edirlər. Bugün dünyada Azərbaycan dilinin daşıyıcılarının sayı 50 milyondan çoxdur.

Azərbaycan dili türk, türkmən, qaqauz və Xarəzm dilləri ilə birgə Altay dilləri ailəsinin türk dilləri qrupunun oğuz qoluna daxildir. Ümumilikdə isə türk dilləri leksik, morfoloji və sintaktik cəhətdən bir-birlərinə çox yaxındırlar.

Dillərin yaranması prosesini ağacın böyüyüb qol-budaq atmasına bənzətmək olar. Tipoloji təsnifatına görə dünya dilləri bir neçə qrupa bölünür.
Azərbaycan dili aqlütinativ dillər qrupuna daxildir. Bu o deməkdir ki, Azərbaycan dilində sözün kökü müstəqildir, faktiki olaraq dəyişmir, qrammatik əlaqə sözün kökündən sonra gələn təkmənalı şəkilçi vasitəsilə ifadə edilir.
Hərfi tərcüməsi “yapışma” olan “aqlütinasiya” termini şəkilçinin sözə yapışdığını bildirir. Dilimizdə işlənən bəzi sözlərdə (naməhrəm, namərd, anormal və s.) şəkilçi kök sözdən əvvəl gəlsə də, bunu aqlütinasiyanın pozulması kimi qiymətləndirmək olmaz. Çünki belə sözlər dilimizə elə indiki şəkillərində flektiv dillərdən keçmişdir. Lakin bəzi istisnalar da vardır.

Məsələn, “nakişi” sözündəki – “na” prefiksi türk mənşəli “kişi” sözünə artırılmışdır. “Nakişi” sözü, böyük ehtimalla, “naqis”, “namərd” kimi alınma sözlərin nümunəsində yaradılmışdır. Əslində, qədim türk dilində “kişi” sözü cinsi mənsubiyyəti deyil, “insan” anlamını ifadə edirdi. Digər tərəfdən, “na” prefiksi məna baxımından türk dillərinə yad deyil. Belə ki, hind-Avropa dillərindəki “na” şəkilçisini dilimizdəki “nə” sual əvəzliyi ilə müqayisə etsək, onların hər ikisinin kökünün eyni olduğu qənaətinə gələrik.

Məsələn, “nə danışırsan?” ifadəsinin semantikasına diqqət yetirək. Onun bir mənası heyrət və təəccübdürsə, digər anlamı şübhə və inamsızlıqdır. İkinci halda “nə danışırsan?” ifadəsi “yalan danışırsan, doğru danışmırsan, düz demirsən, yəni, əslində, danışmırsan, demirsən” fikrini bildirir və hind-Avropa dillərindəki “na” prefiksinin iştirakı ilə yaranan bəzi sözlərin məna çalarına yaxınlaşır.

Azərbaycan yazılı dilinin tarixi mövcud materiallara görə XIII əsrdən başlasa da, dilimiz böyük inkişaf yolu keçmiş ən qədim dillərdən biridir. Bunu sübuta yetirmək üçün bir nümunəyə nəzər salaq:

“Öze Kök Tenqri, asire yağiz jer qılıntaqude ekin ara kişi oğulu qılınmış. Kişi oğulınta öze eçüm apam Bumın qağan, İstemi qağan olurmış. Olurupan türük budunığ elim törüsün tuta bermiş iti bermiş. (Üstdə Göy Tanrı, aşağıda qonur yer qılındıqda ikisinin arasında kişi oğlu – insan nəsli qılınmış. Kişi oğlunun – insan nəslinin üstündə əcdadım Bumın xaqan, İstemi xaqan olmuş. Türk xalqını elimin törəsiylə tutub aparmışlar – idarə etmişlər).

Yuxarıdakı sətirlər, VIII əsrin birinci yarısına aid Orxon-Yenisey yazılarındandır. 1300 il keçsə də, türk dilinin indiki daşıyıcıları bu sözlərin mənalarını asanlıqla anlayırlar. Digər dillərin böyük əksəriyyəti belə bir xüsusiyyətə malik deyildir. Bu, demək olar ki, dəyişməyən, zamanın və məkanın təsirinə məruz qalmayan əbədi bir dildir.

Böyük hökmdar, sərkərdə, əfsanəvi bahadır, alim, şair və övliya Şah İsmayıl Səfəvinin qurduğu Səfəvilər dövlətinin saray və ordu dili Azərbaycan dili idi. Rus alimi V.V.Bartold yazır: “Səfəvilər xanədanının təşəkkül tapdığı yerdə Azərbaycan əhalisi türkcə danışırdı və nəticədə türkcə Səfəvilər dövlətində saray və ordu dili olaraq qaldı”.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan az sonra Azərbaycanda kargüzarlığın türk (Azərbaycan) dilində aparılması ilə bağlı qərar qəbul edildi. Bu faktlar ona dəlalət edir ki, müxtəlif dövrlərdə mövcud olmuş Azərbaycan dövlətləri bir-birinin davamı, ardıcılı olaraq təşəkkül tapmışlar.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Comments are closed.