1524-cü ilin baharında – Novruz bayramından az sonra, Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur.

“Şəki valisi Həsən bəy onu qarşılamağa çıxıb, (şaha) təzim etmək şərəfinə nail oldu və zəmanə hökmdarına bol-firavan peşkəşlər təqdim etdi.

Əlahəzrət şah ov etmək sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verdi ki, qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və Şahdağı (adı) ilə məşhur olan yerdəki cüyürləri və digər vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar.

Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə Şahdağına pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda çoxlu cüyür vardı. Heç bir kəs o cüyürlərə dəyib-dolaşa bilmirdi. Çünki onların (Şahdağında) ovlanması uğursuzluq əlaməti hesab olunurdu.

Bu məsələni (şaha) ərz etsələr də, o həzrət buna məhəl qoymadı və ovun başlamasını əmr etdi. Elə ki cərgə ovu tərtib olundu, hökmdar çoxlu cüyür və saysız-hesabsız vəhşi heyvanları Şahdağında ovlayıb, Ərdəbilə tərəf geri qayıtdı”. Lakin yolda ağır xəstələnir və Ərdəbildən tələm-tələsik Təbrizə yola düşür.

Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Şah ismayıl 23 may 1524-cü ildə vəfat edir.

Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər. Abbasqulu Ağa Bakıxanov “Gülüstani İrəmdə” yazır:

“… Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)… Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi.

Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub, şeir söyləməyə də mail idi”.

Videonun orijinalı: İşte Şah İsmail’in Öldüğü Köy

Comments are closed.