“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”nə əsasən, Bakının Qaradağ rayonundakı Ələt qəsəbəsi türk–monqol mənşəli oyrat tayfasının ələt qolunun adını daşıyır.
XVII əsrə aid “Şara–Tuci” (sarı tarix) adlı monqol salnaməsində belə bir məlumat vardır: “Dörben–oyrat (dörd oyrat) tayfasının əsas tirəsi oqulet idi. Bu nəsil indi sarxis adlanır”.
XVII əsrdə yaşamış monqol buddist ruhanisi Lubsan Danzanın “Altan Tobçi” (altun düymə) əsərində həmin etnonim oqelet şəklində göstərilmişdir.
Alman alimi və etnoqrafı Peter Pallas (1741–1811) isə bu adı oyölöt kimi yazmışdır.
Polşa linqvisti və monqolşünası, professor Vladislav Kotviç (1872–1944) öz mühazirələrində həmin adın olot variantına üstünlük vermişdir.
Komi əsilli Rusiya etnoqrafı və monqolşünası Yöqor Lıtkin (1835–1907) isə “Калмыцкие записки” əsərində həm oyratların, həm də oquletlərin adını elet formasında qeyd etmişdir.
Xatırladaq ki, Azərbaycanın Qaradağ rayonunda Ələt qəsəbəsi ilə yanaşı, Baş Ələt, Ələt Körpü, Yeni Ələt, Hacıqabul rayonunda isə Ələtli adlı yaşayış məntəqələri mövcuddur.
Həmçinin Qaradağ rayonunda – Sanqaçal və Pirsaat burunları arasından Xəzərə doğru uzanan, üzərində Dilyəniz adlı palçıq vulkanı olan Ələt burnu da vardır.
Ələt adına bəzi digər ölkələrin də toponomikasında rast gəlirik. Bu məsələ ilə əlaqədar iki fərziyyə irəli sürə bilərik:
1. Belə eynilik və bənzərliklər təsadüflərin nəticəsidir.
2. Həmin toponimlər arasında müəyyən bir əlaqə mövcuddur.
Göstərilən fərziyyələrə aydınlıq gətirməyin bir yolu da Ələt toponiminin olduğu ölkələrin tarixinə nəzər salmaq və onların hamısı üçün ümumi sayıla biləcək cəhətləri aşkara çıxarmaqdır.
Ələtlər – Dağıstanın Xunzax və Gergebil rayonlarında çay… Qeyd etmək lazımdır ki, Dağıstan e.ə. I əsrdən eramızın V əsrinədək Albaniyanın (Alaniyanın), V–XI əsrlərdə Hun, Türk və Xəzər xaqanlıqlarının, eləcə də Sərir Hun dövlətinin tərkibində olmuşdur.
Alat, Urta Alat, Keçe Alat, Alatka – Tatarıstanın Biektau (Böyükdağ) rayonunda üç qədim kənd və çay… Yerli əhali bu toponimin mənasını “al at” (atı götür və ya atı tut) kimi izah edir.
Maraqlıdır ki, Qazan xanlığı (1438–1552) dövründə də Alat sakinlərinin əksəriyyəti etnik ruslardan ibarət idi.
Deyilənə görə, tatarlar müharibələr zamanı əsir aldıqları rusları burada yerləşdirib onlardan sənətkar kimi istifadə edirmişlər. Yeri gəlmişkən, həmin yaşayış məntəqəsini Rus Alatı da adlandırırlar.
Alat darğalığı – Qazan xanlığının inzibati-ərazi vahidlərindən biri… Tatarıstanın Alat adlı yaşayış məntəqələri məhz keçmiş Alat darğalığının ərazisində yerləşir.
Göstərilənləri nəzərə alaraq ehtimal etmək olardı ki, Tatarıstandakı Alat toponiminin əsl mənası belədir: “Əsirlərin saxlandığı yer” (al – yəni, əsir al və at – yəni, yerləşdir). Amma nəticə çıxarmağa tələsməyək.
Alatır – Çuvaşıstanda şəhər və çay… Bu toponim çuvaş dilində Ulatar formasındadır. Elə buna görə də güman edilir ki, o çuvaş dilindəki Ulatar (Sirius ulduzu) sözündən yaranmışdır. Həmçinin iddia olunur ki, Ulatar adı çuvaş dilində “ula tara” (ala təpə) anlamını verir.
Belə bir rəvayət də vardır ki, Alatır toponimi rus mifologiyasındakı müqəddəs Alatır daşının adından əmələ gəlmişdir.
Alatır daşının öz adına gəlincə, bir fərziyyəyə əsasən, o guya latın dilindəki altarium (qurbangah) və ya altaria (qurbangahın başlığı) sözündəndir.
Qeyd. Böyük Bulqar xaqanlığının (632–671) mərkəzi indiki Tatarıstan və Çuvaşıstan torpaqlarında yerləşirdi.
Ardı var…
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Comments are closed.