Azərbaycan Respublikasının Dövlət Gerbinin üstündəki “alov” təsviri həm də əski əlifba ilə yazılmış “Allah” sözüdür. Bu təsvir Azərbaycan tarixinin iki əsas mərhələsini – zərdüştilik və İslam dövrlərini simvolizə edir.

Ən azı e.ə. VII əsrdən eramızın VIII əsrinədək Azərbaycan xalqının böyük bir hissəsi zərdüştiliyə etiqad etmişdir. VII–VIII əsrlərdən etibarən Azərbaycanda İslam dini yayılmağa başladı. O qısa müddət ərzində zərdüştiliyi əvəz edərək, azərbaycanlıların mütləq əksəriyyətinin dininə çevrildi.

Amma onu da qeyd etməliyik ki, bu iki inanc sistemi arasında əlaqə yalnız dövri xarakter daşımır. Onları bir-birinə bağlayan, bənzədən daha ciddi əsaslar və cəhətlər vardır. Araşdırmamız məhz bu məsələyə həsr olunmuşdur.
Zərdüştiliyin ən mühüm qaydaları bu dinin müqəddəs kitabı olan “Avesta”nın “Yasna” adlı birinci hissəsindədir. “Yasna” sözü parfiyalıların dilində “yasn” formasında olmuş və “ibadət et” mənasını vermişdir. “Yasna” həyatın üç dövrü haqqında təlimdir:

Birinci dövrdə ruhani aləmdə və maddi dünyada yalnız xeyir hökm sürmüşdür.
İkinci dövrdə xeyirlə şər arasında mübarizə gedir.

Üçüncü dövrdə isə xeyir şərə qalib gələcəkdir.

Müqəddəs “Qurani-Kərim”in 36-cı surəsinin adı “Yasin”dir. 83 ayədən ibarət olan bu surəyə “Qurani-Kərim”in qəlbi də deyilir. “Yasin” sözünün dəqiq mənası bəlli deyildir.
Bəzi təfsirçilər onun sadəcə ərəb dilindəki “ya” və “sin” hərflərindən ibarət olduğunu deyir, digərləri isə həmin surədəki “ya” və “sin” hərflərinin sayında müəyyən qanunauyğunluq axtarırlar.
“Yasin” sözünün “ey insan” anlamı verdiyini ehtimal edənlər də vardır. Bir təfsirə görə, “Yasin” elə Muhəmməd Peyğəmbərdir. Sözügedən surənin 2–4-cü ayələrinin məzmunu da faktiki olaraq bu fikri təsdiq edir. Maraqlıdır ki, “Yasin” surəsini də “Yasna” kimi şərti olaraq üç hissəyə bölmək olar.

Dinşünas-tədqiqatçı Hacı Samir Əzizov onların təsnifatını bu şəkildə verir:

Birinci hissə – Təuhid (Allahın təkliyi), başqa sözlə, xeyirin mütləq və şəriksiz hakimiyyəti.
İkinci hissə – Nubuvvət (peyğəmbərlər), yəni xeyirlə şər arasında mübarizə.
Üçüncü hissə – Qiyamət, yəni xeyirin şər üzərində tam qələbəsi.

Qədim türklər və moğollar öz qanunlarına cəm halında “yasa” deyidilər. Qanunlar adətən yazıldığına görə “yasa” sözünə oxşayan “yazı” sözü Azərbaycan dilində həm də qanunu bildirir. Dilimizdəki “yazıya pozu yoxdur” ifadəsi bəlkə də qanunun aliliyinə işarədir. Belə bir fikir də var ki, “yasa” sözü moğol dilindəki “jasaq”, “yasaq” (təşkil et, idarə et və s.) sözündən yaranmışdır.

Haşiyə. Beləliklə, pəhləvi dilindəki “yasna” sözü “ibadət et” (itaət et) mənasını verdiyi halda, türk və moğol dillərindəki bənzər “yasa” sözü “idarə et” anlamını ifadə edir.
Yenə də Azərbaycan dilindəki oxşar “yaş” sözü ömrün illərini, “yaşlı” sözü həyatının çox hissəsini başa vurmuş insanı, “yaşıl” sözü canlını (bitkini), “yaşam” sözü ömrü, həyatı, həyat tərzini bildirir. Başa çatmış həyat, bitmiş ömür üçün saxlanılan matəmə isə dilimizdə “yas” deyilir. Həyatın yenidən canlandığı, torpağın oyandığı gözəl baharın Azərbaycan dilindəki digər adı “yaz”dır. Sözsüz ki, bunlar təsadüfi bənzərliklər deyildir.

“Tövrat”ın birinci kitabı olan, dünyanın və həyatın yaranmasından bəhs edən “Sefer maase be-reşit”in adı ivrit dilində “ilk”, “başlanğıc”, “əvvəldə” və ya “həyatın əvvəli haqqında kitab” kimi mənaları verir.
Bu ad Avropa dillərinə “Genesis” (mənşə, yaradılış), rus dilinə “Бытие” (həyat, olum), Türkiyə türkcəsinə “Tekvin” (yaradılış) kimi tərcümə olunmuşdur.
Göründüyü kimi, bu oxşar sözlərin hamısı həyat, yaşam anlamını ifadə edir.

“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Araz Şəhrili.

Comments are closed.