19-20-ci əsrin əvvəllərində, keçmiş Qarabağ xanlığı ərazisində, Rusiya ekspedisiyaları zamanı aşkar edilmiş və ilk dəfədir ki paylaşılan Səfəvilər sülaləsinə aid olan bu nadir artefaktlar, hazırda Gürcüstan Milli Muzeyində saxlanılır.
Qalxanın üzərində Qızılbaş imperiyası qurucusunun adı yazılıb – “əs-Sultan Şah İsmayıl”.
Şəmşirin ülgüc hissəsinə isə “Bəndeyi Şahi Velayət – Səfi” sözləri həkk olunub.
Bu yazı xanlıqlar dövrü Azərbaycan dövlətçiliyinin müqəddəs köklərinə işıq salmaqdadır.
Şəmşir üzərindəki epiqrafik yazı, əfsanəvi Şah İsmayıl Xətainin nəslindən olan şah Səfinin (1611 – 1642) adı ilə bağlıdır.
“Şahi velayət” isə İmam Əli (ə), Peyğəmbərin naibi statusunu göstərən rütbələrindən biridir.
Məlum olduğu kimi, Azərbaycan Səfəvilər sülaləsinin hökmdarları öz əcdadlarını İmam Əliyə bağlamışlar və Azərbaycan Qızılbaşlar Dövlətinin müqəddəs əsası, Peyğəmbər evinin birbaşa yoluna xidmət etmək ideyası olmuşdur.
Məhz bu missiya ideyası sayəsində, qızılbaş tayfaları Səfəvilərə xidməti müqəddəs bir çağırışın yerinə yetirilməsi kimi, Qızılbaşlar dövlətini isə bu missiya üçün seçilmiş xalqın dünya mərkəzi kimi qəbul edirdilər.
Tədqiqatlar zamanı məlum olmuşdur ki, üzərində şahların şəxsi adları həkk olunmuş bu mərasim silahları, Qızılbaş imperiyasının ən yüksək rütbəli şəxsləri – ordu əmirləri, xan və ya iri bölgə hakimlərinə (bəylərbəylərə) xidmətə görə mükafat kimi təqdim edilirdi.
Sonuncular üçün bu, təkcə hədiyyə deyil, həm də imperiya əyalətində onların irsi hakimiyyətini qanuniləşdirən reqaliya rolunu oynayırdı.
Beləliklə, Qarabağdan tapılan qılınc və qalxan, ya 1501-ci ildən 200 ilə yaxın bu əraziyə hökmranlıq etmiş Qacar soyundan olan Qarabağ bəylərbəylərinə, ya da Qarabağ xanlığının banisi, Əfşar etno-konqlomeratın tərkibində yer alan Cavanşirlər soyundan olan Pənahəli xanın əcdadlarına məxsus ola bilər.
Məlum olduğu kimi, həm əfşarlar, həm də Qacarlar gənc İsmayılı şah taxtına yüksəldən əsas 9 qızılbaş soyundan biri idi. Sonradan bu qəbilələrin nümayəndələri Qızılbaş imperiyasının yaradılmasında, genişlənməsində və qorunmasında müstəsna rol oynamışlar.
19-cu əsrdə Qarabağda aşkar edilən qalxan və şəmşirin, şahların mərasim hədiyyəsi kimi əmirlər və xanlar tərəfindən, Qızılbaş imperiyası dağıldıqdan sonra da müqəddəs yadigar kimi xüsusi ehtiramla saxlandığını təsdiqləyir.
Bu, onların Qarabağda hakimiyyətinin legitimliyini gücləndirmək, eləcə də Sevefi əcdadlarının tarixi çağırışına qədər gedib çıxan müqəddəs missiyasının davamlılığını vurğulamaq məqsədi daşıyırdı.
Qeyd edək ki, saray mərasimində analoji müqəddəs əmanət və simvollardan digər Azərbaycan xanlıqlarının – Naxçıvan, İrəvan, Bakı hökmdarları da istifadə ediblər.
Beləliklə, XVIII-XIX əsrlərdə Azərbaycan xanlıqlarının yerli sülalələrinin hakimiyyəti, təbəələri tərəfindən qızılbaş (Azərbaycan) etnosunun dövlətçiliyinin davamı kimi qəbul edilirdi.
E.Nadiradze “Qarabağ xanlığı – tarixi və mədəni kimliyi, 2022.
Nəşr, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın tarixi irsinin təbliği çərçivəsində həyata keçirilibdir.
Comments are closed.