Şah İsmayılın babasının babası olan Şeyx Əli Səfəvi Ərdəbildəki xangahda məskunlaşmışdı.

Teymurləng Osmanlı sultanı İldırım Bayazidi məğlub etdikdən sonra çoxlu qənimətlə geri qayıdır.

O, adəti üzrə Rum (indiki Türkiyə) ərazisindən xeyli insanı da əsir tutub özü ilə gətirirdi. Ümumiyyətlə, Teymurləng ələ keçirdiyi yerlərin əhalisi içindən sağlam, gənc insanları, xüsusilə də, sənətkarları seçib Səmərqəndə aparmağı xoşlayırdı. Səmərqənd və Buxara şəhərlərində tikilmiş möhtəşəm memarlıq abidələri bu işçi qüvvəsinin hesabına ərsəyə gəlmişdi.
Yolüstü Ərdəbilə baş çəkən Teymurləng orada Şeyx Əli Siyahpuşla görüşmək istədiyini bildirir. Söhbət zamanı Şeyxə bir neçə sual verib qənaətbəxş cavab aldıqdan sonra Teymur təklif edir ki, ondan nə istəyirsə desin.

Şeyx Əli fatehdən xahiş edir ki, Rum elindən əsir tutub gətirdiyi cavanları ona bağışlasın. Teymur ələ keçirilən əsirlərin arasında həm də qeyri-müsəlman xristianların olduğunu söyləyir və bunların Şeyxin nəyinə lazım olması ilə maraqlanır.
(Əsirlərin arasında Osmanlıların Avropa yürüşləri nəticəsində əsir aldıqları və ya girov kimi göndərilən cavanlar üstünlük təşkil edirdilər).

Şeyx Əli cavab verir ki, onlar xristian olsalar da, insandırlar.
Teymur Şeyxin xahişini yerinə yetirib əsirləri ona bağışlayır. Həmin rumlu əsirlər Şeyx Əli tərəfindən azad edilib indiki İran ərazisində məskunlaşırlar.
Deyilənlərə görə, gələcəkdə Şah İsmayıl hərəkatında mühüm yer tutan Rumlu tayfası onların törəmələri olmuşdur. Beləliklə, Teymur özü də bilmədən Səfəvi hərəkatına öz töhfəsini vermiş olur…
Natiq Rəhimov

Comments are closed.