“Rəsulzadənin Azərbaycan millətçiliyi anlayışı, Azərbaycan coğrafiyasının siyasi müstəvidə vətən olaraq qavranılmasına xidmət etmişdir.”
Milli hərəkatın mərhələlərini araşdırarkən həmin mərhələlərin əhəmiyyətini tam açıqlamaq üçün hər prosesi həmin dövrün bir maarifpərvəri ilə təhlil etməyə çalışdıq.
Bu çərçivədə:

A mərhələsində Mirzə Fətəli Axundzadə,
B mərhələsində Əli Bəy Hüseyinzadə,

C mərhələsində isə Məhəmməd Əmin Rəsulzadə ön plana çıxarılmışdır.

C Mərhələsi: Məhəmməd Əmin Rəsulzadə

Buraya qədərki prosesin aydınlığı baxımından Axundzadə, Hüseynzadə və Rəsulzadənin müasirləşmə, millətləşmə prosesini əhatə edən başlıca əsərlərini sadalamaq yerində olacaqdır.
Axundzanənin əsəri “Kəmalüddövlə məktubları” (1865) idi.

Bu əsər, əsasən ənənəvi anlayışa qarşı müasir dünyagörüşün tezislərinin dilə gətirilməsindən ibarətdir. Müəllifin məqsədi müsəlmanların tərəqqisi idi. Yəni, onlar hər hansı bir milli-siyasi tələb və iddiadan çıxış etmirdilər.
Hüseynzadənin romantik (kollektivist/etnik) millətçiliyini açıqlayan təməl yazısı “Türklər kimdir və kimlərdən ibarətdir?” (1905) məqaləsi olub. Hüseyinzadə, özlərini tanımayan türklərə əzəldəki və tarixdən gələmə kimliklərini tanıtmağı hədəfləyirdi.
M.Ə.Rəsulzadənin “Milli dirilik” (1914) başlıqlı məqalələr toplusu isə ilk dəfə Azərbaycan milli-dövlətinin ideoloji əsasını hazırlamışdır. Bu məqalələrdə siyasi türklük ideologiyasının xüsusi bir qəlibi olan azərbaycançılıq və ya Azərbaycan millətçiliyi anlayışları təsis edilmişdir.
Rəsulzadənin Azərbaycan millətçiliyi anlayışı, Azərbaycan coğrafiyasının siyasi müstəvidə vətən olaraq qavranılmasına xidmət etmişdir.


Müqayisə üçün, Ə.Hüseyinzadənin düşüncəsində, Azərbaycan, müstəqil bir dövlət və ya vətən olaraq mövcud deyildir.
Ancaq M.Ə.Rəsulzadə türklüyü geniş mənada qəbul edərək, Azərbaycan dövlətini müstəqil şəkildə təxəyyül etmişdir. Rəsulzadənin dünyagörüşünün formalaşmasında müxtəlif şəxslərin adlarını saymaq mümkündür. Ona daha çox Balkan və Birinci Dünya Müharibələrinin, eləcə də bu müharibələrin
yaratdığı dəyişikliklərin təsiri olmuşdur.
Yaşadığı əsrin “milliyət yüzili” olacağını qavradığından, daha rasional tutumlu milli ideologiya irəli sürmüşdür.
Beləliklə, milli hərəkatın müəyyənedici mərhələsi olan C mərhələsi, M.Ə.Rəsulzadənin hazırladığı ideoloji baza əsasında formalaşmışdır.

Mənbə: “Azərbaycan milli kimliyin tarixi məsələləri” (məqalələr toplusu)

Comments are closed.