Həzrət Əli şəxsiyyətinə böyük hörmət və ehtiramı Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrində, xüsusilə də nağıllarda və dastanlarda görmək olar. Həzrət Əlidən bəhs edən nağıllarımız say etibarı və çoxluğu ilə diqqəti cəlb edir.

Tədqiqatçı Xanım Mirzəyevanın göstərdiyi kimi, bu nağıllarda Həzrət Əlinin möminliyi, təvazökarlığı, sadəliyi, təmənnasızlığı, güzəştə getmək qabiliyyəti, səxavəti, qəhrəmanlığı, qeyri-adi gücü xüsusi olaraq nəzərə çatdırılır.
Azərbaycan xalqının Əhli-beytə sevgisini, ilkin yazılı söz abidəmiz hesab edilən, “Kitabi-Dədə Qorqud”da da görmək olar. Dastanın ilk səhifələrində Qorqud Dədə deyir:

Qılınc çaldı, din açdı Şahi-mərdan Əli görkli,
Əlinin oğulları, Peyğəmbər nəvalələri,
Kərbəla yazısında yezidilər
in əlində şəhid oldu
Həsən ilə Hüseyn iki qardaş bilə görkli.


Daha bir yerində, dastanın “Salur Qazanın evi yağmalandığı boy”unda düşmənlər Qazan xanın oğlu Uruzu asmaq istərkən o asılacağı ağaca müraciətlə aşağıdakı sözləri deyir:

Şahi-Mərdanın Düldülünün əyəri ağac!
Zülfiqarın qınıyla qəbzəsi ağac!
Şah Həsənlə Hüseynün beşiği ağac!


Bütün bu və digər nümunələr “Kitabi-Dədə Qorqud”da islam düşüncəsinin məhsuludur və deməyə əsas verir ki, İslam dini, doğurdan da, əvvəldən sona kimi dastanın abu havasının əsasını təşkil edir.
Dədə Qorqud kitabını, akademik Tofiq Hacıyevin təbiri ilə desək, “islam qoruyub saxladı”. ”Kitabi-Dədə Qorqud” islam inanc düşüncəsini, qazilik və şəhidlik dəyərlərini yaşadan möhtəşəm epik abidədir.

(AMEA Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya doktoru, dosent Aybəniz xanım Rəhimovanın elmi məqaləsi əsasında)

Comments are closed.