(Ağ qoyun, qara qoyun keçid başında bəlli olar – atalar sözü)

I hissə – barannılar

“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən

Qədim kimmer-saka tayfaları e.ə. IX əsrdə Azərbaycana, İrana və Xorasana köçmüşlər. Onların Orta Asiya və indiki Qazaxıstanda qalan hissəsi – parnılar isə Aral gölünün ətrafındakı çöllərdə, Xəzər sahillərində (Manqışlaqda), Kopetdağın ətəklərində və əski adı Oxus olan Pənc çayı boyunca yaşamışlar.

E.ə. VI–IV əsrlərdə Əhəməni imperiyasının süvari hissələri əsasən sakalardan, o cümlədən, yüksək döyüş keyfiyyətlərinə malik parnılardan təşkil olunmuşdu. E.ə. 331-ci ildə Makedoniyalı İsgəndərlə Əhəməni şahı III Dara arasında baş vermiş Qavqamela döyüşündə parnılar da iştirak etmişdilər.

E.ə. 250-ci ildə istedadlı sərkərdə Ərsak məhz parnı tayfasına arxalanaraq Makedoniya işğalçılarına – Selevkilərə qalib gəlmiş və qüdrətli Parfiya imperiyasını qurmuşdur. Sonradan parnı tayfası müəmmalı şəkildə “yoxa çıxmış”, IX əsrdə onların vaxtilə yaşadıqları ərazilərdə Oğuz elinin barannı tayfası “peyda olmuşdur”. 1202-ci ildə Azərbaycana gəlmiş barannılar burada Qaraqoyunlu dövlətini (1375–1469) yaratmışlar.

Ehtimala görə, türkmənlərin təkə və ərsarı tayfalarının par adlı tirələri qədim parnı tayfasının – parfiyalıların törəmələridir. Maraqlıdır ki, həm təkə, həm də ərsarı tayfaları məhz qədim parnı tayfasının keçmiş yurd yerlərində – Manqışlaqda və Kopetdağın ətəklərində məskunlaşmışlar. Diqqətimizi cəlb edən digər cəhət isə bu iki tayfadan birinin həm adının, həm də toteminin təkə olmasıdır.
Bəzi türk dillərində “təkə” dağkeçisinin erkəyini bildirsə də, başqırd və çuvaş dillərində “təkə” və “taka” qoç deməkdir. Belə güman edilir ki, ərsarı tayfasının adı “ər” və “sarı” (rəng) sözlərindən yaranmışdır. Amma maraqlıdır ki, qoyuna tatar dilində “sarık”, başqırd dilində “harık”, çuvaş dilində isə “surax” deyilir. Bu faktlara əsaslanaraq, ehtimal edə bilərik ki, ərsarı tayfasının da adı, təkə tayfasının adı kimi “qoç” (ər sarık) anlamını verir.

Beləliklə, göründüyü kimi, tərkibində par adlı tirələrin olduğu hər iki türkmən tayfasının – həm təkələrin, həm də ərsarıların adları, əslində, eyni mənanı ifadə edir.
Roma tarixçisi Ammian Marsellin (330–395) Sasani hökmdarı II Şapuru belə təsvir etmişdir: “Qoç başı şəklində qızıl tac qoymuş və ata süvar olmuş padişah başqalarının üzərində ucalaraq ordunun önündə gedirdi”. 228-ci ildə Sasanilər qiyam qaldıraraq Ərsakilər sülaləsini devirmiş və Parfiya dövlətinin varlığına son qoymuşdular.

Amma bir məsələ də var ki, Parfiyanı idarə etmiş yeddi nəsildən üçü – Suren, Karen və Mehran ailələri (bu adların haylara heç bir aidiyyəti yoxdur) Sasanilər dönəmində də öz nüfuzlarını qoruyub saxlamışdılar. Yeni sülalənin bərqərar olması dövlətin mahiyyətini, əslində, ciddi şəkildə dəyişdirməmişdi. Görünür, Sasani şahənşahı II Şapurun qoç başı ilə bəzədilmiş tacı məhz Parfiya (parnı–baranı) ənənəsinə ehtiramın nümayişi idi.

Haşiyə. Baran (rus, Ukrayna və Belarus dillərində “qoç”) – far (Danimarka dilində “qoç”) – barre (fars dilində “quzu”) – fır (osetin dilində “qoç”) – baran, bərən, parən (tatar, başqırd dillərində “quzu”, “toğlu”) – barannı (Qaraqoyunlu ittifaqının əsas tayfalarından biri) – parnı (Parfiya tayfası) – Barana (Ermənistanın Noyemberyan şəhərinin keçmiş adı) və s.
Qeyd. “Baran” sözünün türk dillərinə guya rus dilindən keçdiyi barədə bəzən irəli sürülən iddia, yəni qədimdən qoyunçuluqla məşğul olmuş türklərin bu sözü həmin sahədən çox uzaq olan slavyanlardan götürdükləri qətiyyən inandırıcı deyildir. Digər ehtimala görə, “baran” sözü qədim İran dilindən qədim türk dilinə, ondan isə qədim slavyan dilinə keçmişdir. Lakin vurğulamalıyıq ki, bu fikrin də, əslində, ciddi bir əsası yoxdur.

Zənnimizcə, slavyan, fars, alman və osetin dillərindəki “baran”, “barre”, “far” və “fır” sözləri türk dilindəki “baran”, “bar”, “var” sözləri ilə eyni mənşəyə malikdir.
Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Araz Şəhrili

Comments are closed.