Qacarlar nəslinin on beşdən çox oğlu 1918-20-ci illərdə zabit kimi Milli Ordumuzda xidmət edib.
Onların dörd nəfəri general idi: şahzadə Əmir Kazim Mirzə Qacar, Əmənulla Mirzə Qacar, Feyzulla Mirzə Qacar və Məhəmməd Mirzə Qacar.

Qardaşların hərbi nazir Səməd bəy Mehmandarovun adına yazdığı ərizələr Respublika Yeni Tarix Mərkəzi Dövlət Arxivində saxlanılır. General Əmir Kazım Mirzə Qacarın 1918-ci il dekabrın 1-də vətənpərvər ruhda yazdığı ərizədə onun ömür yolunun indiyədək açılmayan səhifələri də var:

“ƏLAHƏZRƏT YOLDAŞ HƏRBİ NAZİRƏ

Hörmətli cənab Səməd bəy, təəssüflər olsun ki, Bakıya gəlib Siz Əlahəzrətlərinə xahişimi çatdıra bilmədim. Bunun da səbəbi hərbi Nazirliyin Gəncəyə köçürülməsi oldu.
Sizinlə görüşə bilmədiyimə çox təəssüf etdim. Bakıyə gəlib Sizi tapa bilmədim, çünki Siz xidməti işlərinizlə əlaqədar şəhərdən müvəqqəti getmişdiniz.
Oğlumun və qızımın xəstəliyi haqqında evdən teleqrama almışam, Tiflis şəhərinə qayıdıram. İcazənizlə Sizə yazılı surətdə müraciət edirəm və bundan əlavə raport da yazmışam. Mən otuz dörd il hərbi xidmətdə olmuşam. Və iki hərbi kompaniyada iştirak etmişəm: 1877-78-ci illərdə rus-türk müharibəsində və rus-yapon müharibəsində. Öz xahişimlə cəbhəyə göndərilmişəm və döyüşlərdə podpolkovnik rütbəsində iştirak etmişəm. Bir neçə döyüş təltifatı alandan sonra polkovnik rütbəsinə layiq görülmüşəm. Xidmət etdiyim müddətdə qoşun hissələrinin iki tədris kursunu bitirmişəm:

Qafqaz süvari tədris rotasının və ikinci süvari zabit məktəbinin kurslarını. Hər iki kursu da birincilər sırasında, mükafatla.
Az müddət istefada olsam da, hərbi ruhda tərbiyə almış, həmişə də hərbi işlə maraqlanmış və hərbi ədəbiyyatı izləmişəm. Məhz buna görə də hərbi qulluğun müasir tələblərinə uyğun olaraq xidmət borclarını icra etmək bacarığına və lazımi qədər fiziki qüvvəyə malik olduğumu hiss edirəm.
Qərargahın Azərbaycan korpusuna təqdim etdiyim xidmət dəftərçəmdə keçdiyim hərbi xidmət haqqında tam məlumat almaq olar.

Zati-aliləri, Vətənin keçdiyi bu ağır vaxtda öz xalqıma xeyir vermək məqsədilə, bu, həm də mənim ailəmin zəifləmiş iqtisadi vəziyyətinin yaxşılaşmasına səbəb olardı.
Xahiş edirəm, Azərbaycanın hər hansı hərbi idarəsində mənə general vəzifəsindən birini nəzarət generalı və ya məiyyət generalı və yaxud Sizin məsləhət gördüyünüz vəzifəni həvalə edəsiniz.
Sizin mənim haqqımda xeyirxah qərarınızı gözləyən bəndəniz
GENERAL-MAYOR ŞAHZADƏ ƏMİR KAZIM MİRZƏ QACAR”.

1919-cu il uylun 9-da Azərbaycan ordusunda əla xidmətlərinə görə birinci artilleriya briqadasının komandanı, polkovnik şahzadə Məhəmməd Mirzə Qacara general-mayor rütbəsi verilmişdir. O, Baş Artilleriya İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Həmin illərin arxiv sənədləri ilə tanış olanda görürsən ki, polkovnik Sədrəddin Mirzə Qacar, rotmistr Rzaqulu Mirzə Qacar, Şuşada ikinci sahə pristavı Ərdəşir Qacar, kornet İdris ağa Qacar, Firudin bəy Mirzə Qacar, kornet Darab Mirzə Qacar və başqaları həmişə ön cəbhələrdə erməni daşnaklarına qarşı igidliklə vuruşmuşlar.

Qarabağ uğrunda gedən döyüşlərdə danılmaz xidmətləri olan şahzadə-general Məhəmməd Mirzə Qacar 1920-ci il yanvarın 24-də Baş Qərargah rəisi, general-leytenant Məmməd bəy Sulkeviçə həyəcanla bildirirdi:
“Xəbər verirəm ki, Qarabağ qubernatorluğunda ermənilər tərəfindən çox ciddi, demək olar ki, faciəli vəziyyət yaradılmışdır. Çox böyük və ciddi qüvvə lazımdır. Xankəndi qarnizonunun dəstə rəisini dəyişmək olmaz, əks halda yerli ermənilər Əskəran va Şuşanı tuta bilərlər. Ermənilər haqqında qəti tədbirlər görmək lazımdır”.

Çox təəssüf ki, milli ordumuzda qulluq edən Qacarlar nəslinin çoxsaylı oğullarının həyatı faciə ilə bitmişdir. İyirminci ildə Azərbaycana soxulan daşnak-bolşevik ordusunun rəhbərləri onların əksəriyyətini ölkədən didərgin salmış və güllələmişlər. General-mayor Əmənulla xan İrana, polkovnik Xosrov Mirzə Türkiyəyə, kornet Darab Mirzə Amerikaya, Tofiq və Ənuşirəvan Mirzə qardaşları isə Fransaya pənah apardılar.
Üç yüksək rütbəli Qacar oğullarını – general Əmir Kazım xanı, polkovnik Sədrəddin Mirzəni və Məmməd Mirzəni bolşeviklər iyirminci ilin iyun ayında güllələdilər.

Mənbə: Şəmistan Nəzirli, arxivlərin sirri açilir

Comments are closed.