Şah İsmayılın ana nənəsi Despina xatun mənsub olduğu Komnenoslar nəsli yunan deyil, qədim Roma əsilli idilər?

“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabından

Şah İsmayıl Səfəvinin (1487–1524) anası Aləmşahbəyim xatun (1460–1522) ağqoyunluların I sultanı Uzun Həsənin (1423–1478) və Trabzon şahzadəsi Feodora Despina xatunun (1438–1478) övladı idi.
Despina xatunun atası IV İoann Şərqi Roma imperiyasının məşhur Komnenoslar hökmdar sülaləsindən (1081–1185) olmuşdur. Fransız tarixçisi Charles du Cangen (1610–1688) hesab edirdi ki, Komnenoslar nəsli Şərqi Romaya (Bizansa) IV əsrdə Qərbi Romadan (indiki İtaliyadan) köçmüşdür.

Komnenoslar nəslinin tarixi mənbələrdə adı keçən ilk nümayəndəsi – Manuil Komnenos (?–1020) Balkan yarımadasının Trakya bölgəsində yaşamışdır. Bundan yeddi əsr əvvəl – 330-cu ildə Roma imperatoru Konstantin (274–337) imperiyanın mərkəzini məhz Trakya bölgəsinə köçürüb, orada Konstantinopol (İstanbul) şəhərini salmışdır. O zaman bu bölgəyə xeyli romalı da gəlmişdi.
Konstantinopol–İslambul–İstanbul şəhəri 395-ci ilədək Roma imperiyasının, 1453-cü ilədək Şərqi Roma imperiyasının, 1922-ci ilədək Osmanlı imperiyasının, 1923-cü ilədək Türkiyə Cümhuriyyətinin paytaxtı olmuşdur.
Beləliklə, Komnenosların əslən romalı olduqları barədə fransız tarixçisi Charles du Cangenin irəli sürdüyü fikir heç də əsassız deyildir. Bu ehtimalı qüvvətləndirən həm də odur ki, Şərqi Roma (Bizans) imperatorları özlərini yunan deyil, romalı hesab edirdilər.

Haşiyə. Qədim Roma cəmiyyəti əsasən iki təbəqədən – patrisilərdən və plebeylərdən ibarət idi. Yerli romalılar – patrisi, gəlmələr isə plebey adlanırdı. Hakim sinfi patrisilər təşkil edirdi. Hesab olunurdu ki, yerli romalıların – patrisilərin əhəmiyyətli bir hissəsinin əcdadı alban adlı xalqdır. Məşhur patrisi nəsillərindən Geganilər, Julilər, Quinktilər, Kuriatilər, Kloelilər, Servililər məhz alban əsilli idilər. Yeri gəlmişkən, bugün də İtaliyada Alban adlı dağ silsiləsi, göl və şəhər vardır.
2019-cu ildə ABŞ-ın nüfuzlu “Science” elmi jurnalında bir araşdırmanın nəticələrini əks etdirən məqalə dərc olunmuşdur.

Stenford, Vena və Roma universitetlərinin alimlərindən ibarət böyük bir qrup Roma şəhərində və onun ətrafında yerləşən 29 arxeoloji abidədən (qədim məzarlıqdan) toplanmış 127 genetik nümunəni tədqiq etmişdir. Məlum olmuşdur ki, qədim romalıların böyük bir hissəsi Romaya, təxminən, 3.000 il əvvəl – e.ə. X əsrdə Xəzəryanı ərazilərdən gəlmişdir.
Mifologiyaya əsaslanan qədim ənənəyə görə, Roma şəhərinin əsasını qoymuş Romul e.ə. VIII əsrdə yaşamışdır. Digər tərəfdən isə maraqlıdır ki, Romulun adı ilə bağlı olduğu iddia edilən arxeoloji abidənin (qədim kenotafın) tarixi bundan iki əsr sonraya – e.ə. VI əsrin ortalarına gedib çıxır. Qafqaz Albaniyası barədə ilk məlumatlarsa bundan beş əsr sonraya – e.ə. I əsrə aiddir. Amma vurğulamalıyıq ki, alban xalqının elə bu tarixdən etibarən təşəkkül tapdığı barədə iddia, zənnimizcə, düzgün deyildir. Yəni, Qafqaz albanlarının tarixi, sözsüz ki, daha qədimdir.

Qeyd etmək lazımdır ki, Qafqaz albanları ilə Roma albanlarının adlarının eyni olması qədim Avropa tarixçilərinin də nəzərindən yayınmamışdı. Onlar bu bənzərliyi özünəməxsus şəkildə izah etməyə çalışmışdılar. Məsələn, Uels tarixçisi Nenni (VIII–IX əsrlər) iddia edirdi ki, german tayfalarının əfsanəvi əcdadı Alan mifik Romulun qardaşı, Qafqaz alanlarının isə ulu babasıdır.

Bu iki xalq arasında digər bənzərlik isə odur ki, Qafqaz albanları kimi qədim romalılar da Yeni ilin gəlişini mart ayında qeyd edirdilər. Roma təqviminə görə, mart ayının 1-i Yeni ilin ilk günü, martın 26-ı isə Romul və Remin doğum günü idi.
Yuxarıdakı faktların müqayisəli təhlili onu göstərir ki, vahid Azərbaycanın qurucusu Şah İsmayıl Səfəvinin ana nənəsi Despina xatunun atası İmperator IV İoannın mənsub olduğu Komnenoslar nəsli yunan deyil, qədim Roma əsilli olmuşdur. Belə bir ehtimal da irəli sürə bilərik ki, azərbaycanlıların əcdadı olan Qafqaz albanları ilə qədim romalıların əcdadı sayılan Roma albanları, əslində, eyni kökdəndirlər.

Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Araz Şəhrili

Comments are closed.