“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında
Tarixin təkrarlanmasının bir səbəbi də odur ki, həmin tarixi hadisələrin iştirakçıları fərqli zamanlarda, lakin oxşar coğrafi-siyasi şəraitdə və eyni regionda yaşayır, fəaliyyət göstərirlər. Bu isə, öz növbəsində, bənzər qərarların verilməsinə, oxşar forma və metodların seçilməsinə gətirib çıxara bilər. Əslində, başqa cür mümkün də deyildir.
Hər bir dövlətin xarici siyasətinin istiqamətlərini və xarakterini məhz onun yerləşdiyi coğrafi məkanın şərtləri diktə edir.
Yuxarıdakı fikrə əsaslanaraq deyə bilərik ki, Əhəmənilər imperiyası ilə Makedoniya dövləti arasında müharibə istənilən halda baş verməli idi. Bu savaşı İranın və Yunanıstanın yerləşdikləri coğrafi ərazilərin şərtləri alovlandırmış, III Daranın bacarıqsızlığı və Makedoniyalı İsgəndərin istedadı isə bəlli nəticələri yaratmışdır. Lakin coğrafi-siyasi rakursdan baxsaq görərik ki, bu nəticələrin özü də kifayət qədər nisbidir. İranı və Orta Asiyanı işğal etmiş Makedoniyalı İsgəndər özünü Əhəmənilərin varisi kimi aparmağa başladı.
Onun ölümündən sonra (e.ə. 323-cü il) keçmiş Əhəməni ərazilərində möhkəmlənmiş makedoniyalılarla (Selevkilərlə) Misirdə və Yunanıstanda qurulmuş digər Makedoniya dövlətləri arasında qanlı müharibələr qısa fasilələrlə e.ə. 321-ci ildən e.ə. 168-ci ilədək davam etdi.
1514-cü ildə baş vermiş Çaldıran döyüşünü məzhəbçiliklə əlaqələndirənlər unudurlar ki, 1473-cü ildə Otluqbeli savaşında bir-birini qılıncdan keçirən hər iki tərəf – həm ağqoyunlular, həm də osmanlılar hənəfi məzhəbində olan türkmanlar idi. Şiə Şeyx Cüneydi sünni şirvanşahla şiə qaraqoyunlular, şiə Şeyx Heydəri isə sünni şirvanşahla sünni ağqoyunlular qətlə yetirmişdilər. Sünni Osmanlıya qarşı mübarizə aparan sünni Misir məmlüklərinin ən yaxın müttəfiqi şiə Səfəvilər idi.
Yenə də sünni Babur şah sünni Şeybani xanla müharibədə yalnız şiə Şah İsmayıla arxalanırdı. Bu misalları ona görə çəkdik ki, orta əsr insanlarının dini fanatizmdən kifayət qədər uzaq olduqları, proseslərə rasional və praqmatik yanaşdıqları aydın şəkildə görünsün.
Geosiyasətin eyni məkanda, lakin müxtəlif dövrlərdə doğurduğu digər analoji nəticələrə nəzər salaq:
VI əsrin ortalarında Orta Asiya regionunda böyük və güclü Abdalı imperiyası mövcud idi. Altayda və indiki Moğolustanda isə tarixin ən qüdrətli imperiyalarından biri – Göytürk xaqanlığı qurulmuşdu. 560-cı ildə Abdalı şahı Qatfar göytürklərin diplomatik missiya ilə göndərilmiş karvanına hücumun təşkil olunması barədə göstəriş verdi və Göytürk elçiləri qətlə yetirildi.
İstemi xaqanın əmri ilə böyük Göytürk ordusu Orta Asiyaya soxuldu. Abdalı qoşunları həlledici döyüşü qəbul etməyib geri çəkildilər.
Buxara, Səmərqənd və digər şəhərlər göytürklərin əlinə keçdi, Daşkənd şəhəri yandırıldı. 565-ci ildə Qarşi şəhəri yaxınlığındakı döyüşü uduzduqdan sonra abdalılar Faqoniş adlı knyazı özlərinə yeni şah seçərək müqaviməti davam etdirsələr də, bir neçə illik aqoniyadan sonra Abdalı dövləti süquta uğradı.
XIII əsrin əvvəllərində bu faciəli hadisələrin üstündən təxminən yeddi əsrə yaxın bir vaxt keçmişdi. Orta Asiya regionunda böyük və güclü Xarəzmşahlar imperiyası mövcud idi. Altayda və indiki Moğolustanda isə tarixin ən qüdrətli imperiyalarından biri – Yekə Moğol Ulusu qurulmuşdu.
1218-ci ildə Xarəzmşah Əlaəddin Muhəmməd moğolların ticarət karvanına hücumun təşkil olunması barədə göstəriş verdi, ardınca isə bunun səbəbini aydınlaşdırmaq üçün gəlmiş moğol elçiləri qətlə yetirildi. 1219-cu ildə Çingiz xaqanın əmri ilə böyük monqol ordusu Orta Asiyaya soxuldu.
Xarəzm qoşunları həlledici döyüşü qəbul etməyib geri çəkildilər. Buxara, Səmərqənd və digər şəhərlər moğollar tərəfindən məhv edildi. Yandırılmış şəhərlərdən biri yenə də Daşkənd idi. 1220-ci ildə Orta Asiya türkləri şahzadə Cəlaləddini yeni xarəzmşah kimi tanıyaraq onun rəhbərliyi altında müqaviməti davam etdirsələr də, 12 illik aqoniyadan sonra, 1231-ci ildə Xarəzmşahlar dövləti süquta uğradı.
Ardı var…
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Moğolların Azərbaycan və Orta Asiya üzərinə yürüşlərinin əsl səbəbləri və ya tarix təkrarlanır – I yazı
In
Məqalələr
Comments are closed.