Övliyalar, ənbiyalar çoxdurur, illa ki, sən,
Cümlədən əla imişsən, ya Əli, səndən mədəd.

Möminə irşad edirsən lütfü ehsanü kərəm,
Kafirə qovğa imişsən, ya Əli, səndən mədəd.

On səkkiz min aləmin sirdaş sən sirrindədir,
Mürşidi-bina imişsən, ya Əli, səndən mədəd.

Yuxarıdakı misralar Böyük Azərbaycanın qurucusu, savaş meydanının arslanı, Allah övliyası, ulu xaqan Şah İsmayıl Səfəvinindir. Bədxahları həmişə çalışmışlar ki, şair təbiətli mömin hökmdarı İmam Əli əleyhissəlama ifrat bağlılıqda və guya bunun nəticəsi olan məzhəbçilikdə “günahlandırsınlar”.

Lakin onların heç bir zaman anlaya bilmədikləri və bundan sonra da dərk etməyəcəkləri bir məsələ var: İmam Əli əleyhissəlama məhəbbət azərbaycanlının, türkün fitrətindədir. Bu məhəbbəti Nizami Gəncəvi, İmadəddin Nəsimi, Muhəmməd Füzuli kimi nəhəng şairlərimiz tərənnüm etmişlər.
Sözsüz ki, Əli obrazını zaman çərçivəsinə salmaq, onun qarşısında coğrafi, milli, hətta dini sərhədlər qoymaq mümkün deyildir. O, əslində, ümumbəşəri dəyərdir. Bu, inkarı mümkünsüz bir həqiqətdir. Amma onu da vurğulamalıyıq ki, azərbaycanlının, türkün Əliyə xüsusi məhəbbəti olmuşdur. Həm də Əli adının özü türkə və onun dilinə doğmadır.

Haşiyə. Qədim türk adlarından biri Alıdır. Fikrimizcə, Alı şəxs adı ilə türk dillərində “uca”, “böyük” mənalarını ifadə edən “ulu” sözü eyni mənşəyə malikdir. Qureyşilər arasında ən populyar adlardan biri Əli idi. Əli şəxs adı ərəb dilində “uca”, “böyük” mənalarında işlənən “ali” sözü ilə etimoloji cəhətdən bağlıdır. Maraqlıdır ki, Əli və Alı adlarına bənzəyən Ali (Ale, Ole) adı qədim skandinaviyalılar arasında da yayılmışdı. “İnqlinqlər haqqında saqa”ya əsasən, əfsanəvi İsveç konunqu Qoca Aunun (Aun inn gamle) qardaşı oğlunun adı konunq Güclü Ale (Ale den Starke) idi. Dəqiqləşdirə bilmədiyimiz bir məlumata görə, bu ad “alicənab” anlamını ifadə edirdi. Eli isə yəhudi şəxs adıdır. “Tövrat”dan götürüldüyü, mənasının “ucalmaq”, “yüksəlmək”, “qalxmaq”, “hündürlük” və ya “ucalıq” olduğu deyilir.
Mərakeşli səyyah Muhəmməd ibn Battuta (1304–1377) Böyük Tatarıstan (indiki Rusiya) ərazisində şahidi olduğu qəribə bir əhvalatı öz “Səyahətnamə”sində nəql etmişdir:

“Kerçdə (Krımda) sahilə çıxdım. Uzaqda bir kilsə gördüm. Ona tərəf getdim və orada rahiblə qarşılaşdım. Kilsənin divarına qurşağında qılınc, əlində nizə olan, başı çalmalı bir ərəbin rəsmi çəkilmişdi. Həmin təsvirin qarşısında şam yanırdı. Rahibdən soruşdum: Bu kimin şəklidir? Dedi: Peyğəmbər Əlinin təsviridir. Onun cavabı məni təəccübləndirdi”.
“Bu yerlər Dəşti-Qıpçaq adı ilə tanınan çölün bir hissəsidir. Çöl yaşıl otlu, güllü-çiçəkli olsa da, orada ağaç, dağ, təpə, yüksəklik yoxdur. Odun olmadığına görə, burada ancaq quru təzək yandırırlar. Bu çöl qıpçaq adlı xalqa məxsusdur. Qıpçaqlar xristian dininə etiqad edirlər. Onlar möhkəm bədənli, güclü, sağlam və cüssəli insanlardır. Oğurluğa görə sərt şəkildə cəzalandırırlar”.

“Qıpçaqlar şirniyyat yeməyi günah hesab edirlər. Əsas qidaları ət, duki adlandırdıqları dənli bitki və qımızdır. Müsəlman qıpçaqlar hənəfi məzhəbində olduqlarına görə, məstedici içkiləri caiz hesab edirlər. Duki dənlərindən çəkilmiş bu içkiyə onlar buza da deyirlər”.
Qeyd. Hənəfi məzhəbinin bəzi keçmiş alimləri İslam dünyasının böyük fəqihlərindən biri olmuş İmam Əzəm Əbu Hənifəyə (699–767) istinadla yalnız xurma və üzümdən hazırlanmış məstedici içikiləri haram hesab etmişlər. Bu alimlərin nəzərinə əsasən, əzəmətli İmam Əbu Hənifə həzrətləri və onun sevimli tələbələri İmam Əbu Yusiflə (735–795) İmam Muhəmməd Şeybani (749–805) ümumi adı nəbiz olan məstedici içkiləri aşağıdakı şərtlərlə halal və təmiz bilmişlər:
  • Üzümdən və ya xurmadan olmamalıdır (nəbiz əsasən buğda, arpa və ya baldan hazırlanırdı);
  • Xəmr (qaynadılmamış, köpüklənən, qazlanan və fermentləşən, yəni tərkibindəki şəkərin spirtə çevrildiyi üzüm, yaxud xurma suyu) sayılmamalıdır;
  • Sərxoş olmaq niyyətilə içilməməlidir;
  • Sərxoş edə biləcək miqdarda içilməməlidir (Hənəfi məzhəbinə görə, məstedici içki qəbul etmiş şəxsin sərxoşluq dərəcəsinə çatdığını göstərən əlamətlər bunlardır: yeri göydən, kişini qadından fərqləndirə bilməməsi və nitqində qüsurların yaranması);
  • Əyləncə məqsədilə içilməməlidir;
  • Belə içkiləri müsəlman elə içməlidir ki, bu zaman günahkara (sərxoşa) bənzəməsin.
    Dağıstanın böyük alimlərindən Əbu Bəkr Aymaki (1711–1791) yazırdı ki, İmam Əzəm Əbu Hənifə məstedici içkilərin tam qadağa edildiyi hədislərlə tanış olmadığı üçün belə bir fətva vermişdir. Digər tərəfdən isə, Osmanlı səyyahı Övliya Çələbi öz “Səyahətnamə”sində qeyd etmişdir ki, “Dağıstanın Koysu şəhərində din xadimləri makşəmə adlı qatı və dadlı buza içirlər”. Həmçinin Dağıstan tarixi və mədəniyyətinin gözəl bilicisi, böyük alim, Stalin repressiyalarının qurbanlarından biri Əli Kayayev Qumukinin (1878–1943) məlumatına görə, “Dağıstanın məşhur fəqihlərindən olmuş Həsən Kəbir Kudali (1715–1795) bəzən az miqdarda buza içirdi”.

    Müsəlman fəqihlərinin buzaya münasibətini əks etdirən maraqlı rəvayətlərdən birini oxucunun nəzərinə çatdıraq: “XVIII əsrin məşhur Dağıstan alimi, qızılbaşlarla sonadək müharibənin qatı tərəfdarlarından, təşkilatçılarından və rəhbərlərindən biri olmuş İbrahim Hacı Gidasa Uradi (1683–1770) növbəti həcc ziyarətindən bir ərəb ilahiyyatçısı ilə qayıtmışdı. Soyuq qış günlərindən birində buzlu suda irtimasi qüsl etmiş (buzlu suya baş vurmuş) ərəb möhkəm donaraq üşüməyə başlamışdı. Evə qayıtdıqdan sonra İbrahim Hacı qonağına “bakva-çaqa” adlı buza vermişdi.

    Ərəb buzanı içib qızınmış, özünü yaxşı hiss etmiş və demişdi: Orada haram olan burada halaldır”. Ehtimal edə bilərik ki, milliyyətcə ərəb olan bu alim Nadir şah Əfşara qarşı mübarizəni koordinasiya etmək məqsədilə Osmanlı imperiyasının Dağıstana göndərdiyi emissarlardan biri idi. Belə ki, İbrahim Hacı müqəddəs şəhərləri 1731, 1743, 1761 və 1769-cu illərdə ziyarət etmişdir. Xatırladaq ki, Dağıstanda Səfəvilərə qarşı silahlı qiyam 1721-ci ildə başlanmış, hərbi əməliyyatlar 1747-ci ilədək sürmüşdür. 1741–1743-cü illər bu münaqişənin ən şiddətli mərhələsi olmuşdur”.

    Qeyd. Müasir Hənəfi alimlərinin əksəriyyəti hesab edir ki, tərkibində spirt olan istənilən içki haram və murdardır.
    Haşiyə. Buza buğda, arpa və darıdan, eləcə də, qarabaşaq və vələmir unundan hazırlanan içkidir. Tərkibində 4–6 faiz spirt olur. Krım, Qafqaz, Volqaboyu və Orta Asiyada, eləcə də Balkan yarımadasında çox populyardır. 2009-cu ildən ABŞ-da da istehsal olunur. Ehtimala görə, bu içkinin adı tatar dilindəki “buza” (səs-küylü münaqişə, dava-dalaş) sözü ilə əlaqəlidir. Rus dilindəki “pivə” sözünün guya qədim slavyan dilindəki “piti” (içmək) sözündən, ingilis və alman dillərindəki “beer” və “bier” sözlərinin isə vulqar latın dilindəki “biber” (içki) sözündən törəndiyi iddia edilir.
    Lakin maraqlıdır ki, başqa fərziyyəyə əsasən, “beer” və “bier” sözləri qədim german dilindəki “beuza” (arpa) sözündən yaranmışlar.

    “Buza” (türk dilində arpa və digər dənli bitkilərdən hazırlanan içki) və “beuza” (qədim german dilində arpa) sözlərinin bir-birinə bənzəməsi, zənnimizcə, onu göstərir ki, türk dillərindəki “buza”, ingilis və alman dillərindəki “beer” və “bier”, eləcə də rus dilindəki “pivə” sözlərinin mənşəyi, əslində, eynidir. Qərbi german dillərindən biri olan şimali friz dilindəki “bere” (arpa) və ingilis dilindəki “barley” sözləri ilə Azərbaycan və digər türk dillərindəki “arpa”–“arba” sözü arasında da, çox güman ki, bağlılıq vardır.
    Belə ki, “arpa”–“arba” (qədim hun dilinə ən yaxın dil sayılan çuvaş dilində isə “urpa”) sözü qədim türk dilindən qədim german dilinə keçdikdən sonra müxtəlif mərhələlərdə transformasiyaya uğrayaraq “abra”–“bara”–“bera”–“bere” formalarını ala bilərdi.
    O da mümkündür ki, qədim german dilinin mənimsədiyi “bere” (arpa) sözündən törənmiş “beuza” (arpa) sözü Xaqan Atillanın Qərb yürüşləri zamanı “buza” şəklində türk dillərinə qayıtmışdır.

    Bu kiçik haşiyə ilə söhbətimizin sonuna çatdıq… Aydındır ki, Muhəmməd ibn Battuta sözügedən ərazilərdə (Qıpçaq çölündə) 1335-ci ildə olmuş və orada bir qıpçaq məbədini görmüşdür. Maraqlıdır ki, müsəlman olmayan türklər arasında da Əli əleyhissəlama böyük sevgi var idi.
    Muhəmməd ibn Battutanın yazdıqlarını böyük İslam alimi Şeyx Abbas Qumi (1875–1941) də təsdiq edir: “Kafir ölkələrin padişahları Həzrəti Əli əleyhissəlamın təsvirini öz məbədlərinin divarlarına çəkdirmişdilər. Türk və Buveyhi hökmdarları təbərrük üçün, eləcə də düşmənə qalib gəlmək niyyətilə Əmirəlmöminin əleyhissəlamın şəklini öz qılınclarına həkk etmişdilər. Onlar həmin qılıncları həmişə özlərində saxlayırdılar”.

    P.S. Mərakeşli səyyah Muhəmməd ibn Battutanın “Peyğəmbər Əli” barəsində məlumatının sirri və izahı bu sətirlərin müəllifinə bəllidir. Lakin o başqa bir tədqiqatın mövzusu olduğuna görə bəhsimizi burada yekunlaşdırırıq.

    Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Araz Şəhrili

Comments are closed.