1753-cü ilin noyabr ayının 23-də Sankt-Peterbruqda çıxan “Sankt-Peterbruqskie vedomosti” qəzetində Hacı Çələbinin 1751-ci ildə gürcü qoşunlarını məğlub etməsi barədə məqalə dərc olunmuşdur və məqalədə belə yazılırdı:

“İran vilayətinin beş xanı, o cümlədən Qazaxın xanı, Borçalının xanı, Şəmşəddilin xanı, İrəvanın xanı və Gəncənin xanı gürçü çarı ilə birləşib öz qoşunları ilə şəkili Hacı Çələbinin üzərinə hücum etmişlər.
Döyüş zamanı İraklinin 6000 nəfərlik qoşunu həlak olmuş və əsir alınmışdır.Keçən ildə də çar İrakli 6000 nəfərlik qoşunla Hacı Çələbi xanın üzərinə hücum etmiş, yenə də qoşunlarını itirmiş və azsaylı döyüşçüləri ilə geri dönmüşdür, hazırda adı çəkilən xanlar-İrəvan, Gəncə, Qazax və Borçalı xanları II İraklidən üz çevirib Hacı Çələbi ilə birləşdilər.”

Mənbə: Fuad Əliyev. Urfan Həsənov. İrəvan xanlığı.

Hacı Çələbinin gürcü qoşunları üzərində qələbələri barədə daha ətraflı…Qızılqaya xəyanəti…

Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirmək siyasətini yürüdən Hacı Çələbi xan bu yolda çox ciddi maneələrlə rastlaşmışdı.1751-ci ildə Kartli-Kaxetiya çarlığı ilə Carda baş tutan döyüşdə məğlub olan II İrakli Azərbaycan xanları ilə Hacı Çələbiyə qarşı ittifaq yaratmağa nail oldu.
1752-ci ildə Gəncə şəhəri ətrafında Qızılqaya adlı yerdə Kartli-Kaxetiya çar II İrakli ilə Hacı Çələbiyə qarşı birləşmək üçün gələn gəncəli Şahverdi xan, naxçıvanlı Heydərqulu xan, qaradağlı Kazım xan, qarabağlı Pənahəli xan və başqaları xəyanətə uğradılar. II İrakli Azərbaycan xanlarını əsir götürərək onları bu yolla asılı vəziyyətə salmağa çalışırdı. Kür çayının sol sahilində mövqe tutan Hacı Çələbi xan II İraklinin xəyanətini eşidən kimi ordusuna Kür çayını keçmək haqqında əmr verdi.Gəncə ətrafındakı döyüşdə II İrakli məğlub edildi.

Bir ləyaqətli azərbaycanlı kimi hərəkət edən Hacı Çələbi xan ona qarşı ümumi düşmənlə birləşən Azərbaycan xanlarını əsirlikdən azad edərək bağışladı. Bu qələbə nəticəsində Şəki xanı Hacı Çələbi xan II İraklinin əlində olan Qazax və Borçalı mahallarını düşmənin əlindən azad edərək Şəki xanlığına birləşdirdi.
1752 -ci ildə II İraklini Carda məğlub edən Hacı Çələbi xan Car azad camaatlığını da özündən asılı vəziyyətə saldı.

Qeyd: “Sankt-Peterbruqskie vedomosti” qəzeti Rusiyada çapdan çıxan ilk qəzet idi və I Pyotrun (1682-1725) dövründə çapdan çıxmışdır.

Gənc araşdırmaçı, Tural Qaffarov

Comments are closed.