Azərbaycan Ensiklopediyasında qeyd edildiyi kimi, Miladdan öncə I minillikdən ilk orta əsrlərədək mövcudluğu bilinən Albana şəhərinin Alpan kəndinə aid geniş ərazidə itib-batmış şəhərgahı yerləşir. Albaniyanın şimali-şərqində Mərkəzi Dərbənd şəhəri olan Çola əyaləti Dərbəndin 30-40 km şimalından Beşbarmaq dağınadək uzanırdı ki, bu əyalətdə mövcud olan 3-4 böyük yaşayış məskənindən biri də Albana şəhəri idi. Daha sonrakı dövrlərdə alpanlılar tədricən Xəzər dənizi ətrafı ərazilərə də yayılmışdır ki, hazırda Dərbənd, Xudat ərazisində alpanlılarla eyni ləhcədə danışan türkdilli toplumların yaşaması buna sübutdur. Ən məşhur hökmdarı Anubani olub, Ön Asiyada cəsur, igid, döyüşçü kimi ad qazanmış lulubilər Urmiya gölünün cənubunda yaşayan və tayfa ittifaqı qurmuş prototürk xalqlardan sayılır.
Tarixdə Midiya, Atropatena dövlətləri ərazisində mövcudluğu bilinən bu qədim xalqın – lullubi(illipi)lərin türk mənşəli olduqları ehtimal edildiyi kimi, alpanlılar da türkdilli xalqlar qrupuna mənsub olan Azərbaycan türklərinin tərkib hissəsidir. Roma tarixçisi Dion Kassi də albanların türk-massagetlərlə eyni mənşədən olduğunu yazmışdır. Kökəncə türksoylu olan alpanlılar tarixin ayrı-ayrı dövrlərində Qafqaz xalqlarının, fars və ərəb dillərinin təsirinə məruz qalsalar da, özlərinəməxsus ləhcədə danışdığları türk-oğuz dilini unutmamışlar. Yəni, Xınalıq, Buduq, Qırız, Ləzgi və s. bu kimi müxtəlif dilli tayfalarla əhatələnmiş alpanlılar hal-hazıra qədər öz dillərini qoruyub saxlamaqdadırlar.
Alpan ərazisində 8-ci əsrdən -790-cı ildə Ərəb-İslam Xilafəti bu bölgələrə tam hakim olduğdan sonra köçürülməyə-məskunlaşmağa başlayan azsaylı ərəb tayfaları sonradan Müşkür mahalına köçərək hazırkı Seyidli kəndini də yaratmışlar. XIII əsrdən isə Hülakü xanın məşhur sərkərdəsi Atlıxanın törəmələri Alpan ərazisində yaşamaqa başlamış və bugünki Atluxanlar əqrabası həmin nəslin davamçılarıdırlar. Atlıxanların Dərbənddən Qəbələyə kimi olan ərazidəki geniş mülk sahələrini idarə etdikləri də tarixi mənbələrdə məlum faktdır. Faktiki olaraq “Alban” adlı xalq və dövlət haqqında ilk dəfə məlumat verən müəllifin yunan tarixçisi Strabon (e.ə. 1-ci əsr) olduğu bilinsə də, tarixçi Ramin Əlizadənin yazdığına görə “Alban ölkəsinin adı ilk dəfə Urartu mənbələrində e.ə. 743-cü ildə KUR.Qu^Alban kimi çəkilib.
Urartu mənbələrində Azərbaycanın şimalında 23 boyun yaşamasından bəhs edilir, onların içərisində iskitlərin, utilərin, qarqarların, albanların, kumanların, gellərin, herlərin, lpinlərin və s. adlarına rast gəlirik. Strabon da, “Coğrafiya” əsərinin 11-ci kitabında Albaniyada 26 boyun yaşadığından bəhs edir, onların da bir çoxunun adları məhz 8 əsr əvvəl Urartu mənbələrində olduğu kimidir. Nə Z.Yampolski, Ç.Dovset, K.Trever, K.Əliyev, nə də F.Məmmədova, ümumiyyətlə heç bir tanınmış albanşünas nədənsə bu faktları tədiqaqata cəlb etməyib. Suriya salnaməçisi Mitilenli Zaxariyanın verdiyi məlumata görə, V əsrin 30-80-ci illərində Alban dövlətinin şimal bölgələrində sabir, avğar, burğar, kurtarğar, xasar, dirmar, sirurğur, bağarsık, kulas və abdal türk tayfaları yaşayırdılar. Alban tayfalarının soykökü ilə bağlı bir məqam mütləq diqqətə alınmalıdır.
Alban türkləri də Sarı Kuman (Qıpçaq) əsilli idilər. Onların çox hissəsi Azərbaycanda Oğuz boylarının içərisində qaynayıb-qarışdılar, az bir qismi isə qıpçaq boylarının bir hissəsi ilə Şimali Qafqaza, oradan isə müasir Polşa, Ukrayna və Krım torpaqlarına getdilər. Bugünün özündə də Qazaxıstanda böyük juzun nəsillərindən biri albanlardır. Onlar Alma-Atadan şərqə doğru rayonlarda məskunlaşıblar. Qazaxıstanla yanaşı Qırğızıstanda da yaşayan Albanların burada iki böyük qolu var: Sarı və Şıbıl.”Albanşünas Bəxtiyar Tuncay Şahverdiyevin də bu barədəki qənaətləri maraqlıdır: “Strabonun yazdığına görə, Qafqaz Albaniyasında 26 soy və xalq yaşamaqda idi ki, bunlardan alban, maskut, xəzər, hun, sabir, bulqar, barsil, uti, kaspi, balas, saka, kəngər, qardman, akasir, qarqar, beçeneq, kuman, suvar, hun, dondar, lpin, qaytaq və b. türk soy və boyları olmaqla ölkə əhalisinin böyük əksəriyyətini təşkil edirdilər. Eyni zamanda dağlıq bölgələrdə, əski Andiya ərazisində udin, ciqb, silv (çilb), her, qat, leq (lak) ubıx, gel, ket və digər qafqazdilli tayfalar da yaşayırdılar.
Bu xalqlar əksəriyətlə azsaylı idilər. Onların nəsilləri bu gün də Dağıstanda və Azərbaycanın şimaldakı dağlıq ərazilərində yaşamaqdadırlar.” Tarixçilərin bir qismi qeyd edir ki, “Alban” adını türkdilli tayfalarla bağlamaq daha uyğun variantdır. Çünki, yuxarıda yazıldığı kimi hal-hazırda Orta Asiyada, konkret olaraq Qazaxıstanda (Tyan-şan dağlarının ətəklərində) alban adlı türkdilli qəbilə yaşayır. Bundan başqa, çuvaşların öz yaranışları haqqındakı dastanında bildirilir ki, onların ulu əcdadları Qafqaz dağlarının o tərəfindən gəlmiş alpanlardır. İran tarixçisi Bahar, Alpan adını “İllipi” tayfa adı ilə bağlayır və illipilərin qədim lullubilər olduğunu göstərməklə, illipi- ilpin- elpan- alpan deyiliş formalarının nəticəsi olaraq Alpan adının meydana gəldiyini söyləyir. Buradan belə bir nəticə çıxır ki, “Alban” sözü yaranana qədər “Alpan” toponimi mövcud olmuş və “Albaniya” adı da İllipi- Alpan- Alban (və ya Qafqaz Albaniyasının həmin ərazidəki vilayəti olan Lpina) deyiliş, yazılış formasının nəticəsi olaraq yaranmışdır.
E.ə. III minillikdə Cənubi Azərbaycan ərazisində erkən dövlət qurumları, o cümlədən də lullubilərin dövləti yaranan zaman, cənubdakı əhali kütlələrinin şimal ərazilərə yürüşləri və yayılması prosesi sürətlənmişdir. Onlar Çola və Dərbəndə kimi Xəzər ətrafı əlverişli ərazilərdə də yurd salmışdılar. E.ə I minillikdə Alban tayfası qelləri, leqləri, udinləri və s. çoxsaylı qonşu tayfaları vahid idarəetmədə birləşdirərək Tayfalar itiffaqı yaratmışdı. Antik mənbələr “alban” etnik anlayışını ölkənin bütün əhalisinə şamil edirdilər, ehtiyac duyulduqda Alban tayfalar birliyinə daxil olan ayrı-ayrı tayfaların adını çəkirdilər. Strabon Albaniyada əhalinin 26 dildə danışdığını yazsa da, lakin “26 dil” anlayışını Albaniyanın aran və onu bürüyən dağətəyi hissələrinə şamil etmək mümkün deyildir. Ola bilsin Strabonun istifadə etdiyi mənbədə məlumat düzgün qeydə alınmamış, ya da “26 dil” anlayışı Albaniyanın şimalında (Cənubi Dağıstanda) yaşayan əhalinin dil şəraitini nəzərdə tutmuşdur.
Qafqazda çoxdillilik (bir sıra hallarda çoxləhcəlilik) şəraiti erkən orta əsr qaynaqlarında da qeydə alınmışdı. Albaniyanın mərkəz hissəsində, Kür çayının sağ və sol sahili ərazilərində yaşayan əhali arasında bu cür dil müxtəlifliyi nəzərə çarpmırdı. Yuli Solinə görə, albanlar özlərini əfsanəvi Yasonun nəsli ilə bağlayırdılar. “Mənşə kitabında” əks olunmuş rəvayətə görə, albanlar Midiya tərəfdən şimala və qərbə doğru yayılmışdılar. Özlərini alban adlandıranlar qədimdə Atropatenada da yaşayırdı. Strabon albanların bir hissəsinin Midiya dağlarında yaşadığını yazmışdır. Prof. Q. Qeybullayev qeyd edir ki, Midiya dağlarında eradan əvvəl (Strabonun bu məlumatı er. əv. IV-III əsrlərə aiddir) heç bir Dağıstandilli tayfanın yaşaması qeydə alınmamışdır. Bu məlumatlardan belə nəticəyə gəlmək olar ki, Albaniya əhalisinin alban adlanan qismi miladdan əvvəlki dövrlərdən burada məskunlaşmışdır. Mənbələrdə alban etnonimi iki mənada işlənir: birincisi, Albaniya ölkəsində yaşadıqlarına görə bütün tayfaların ümumi adı kimi; ikincisi, bu tayfalardan birinin konkret etnik adı kimi və ya özünüadlandırması kimi. Tarixçi Əkbər nəcəf 2015-ci ildə Bakıda nəşr olunan “Hun Minilliyi” kitabında, çinlilərin “junq”, yunanların isə “massaget” adlandırdığı türk tayfalarından söz açır və qeyd edir ki, həmin tayfalar özlərini “alplar” adlandırırdılar.
Amma bir qrup (ermənişünas, qafqazşünas və iranşünas) alim – A.Q.Şanidze, Q.A.Melikişvili, İ.M.Dyakonov, K.V.Trever, S.T.Yeremyan, A.P.Novoseltsev, Q.A.Klimov və Azərbaycan tarixçiləri İ.H.Əliyev, F.Məmmədova albanlarının hamısını, o sıradan alban tayfasının özünü də Qafqazdilli hesab edirdilər. Başqa bir qrup tədqiqatçılardan M.B.Məmmədzadə, Y.Yusifov, M.İsmayılov, Z.İ.Yampolski, Q.Qeybullayev, K.Əliyev, Z.Bünyadov, F.Cəlilov, X.Xəlili, B.Tuncay isə albanları türk kökənli tayfa hesab edirlər.Alban – Alpan adı indi də Orta Asiyada türkdilli xalqlarda: qırğız, qazax, qaraqalpaq, türkmən və buryatlarda tayfa adı kimi mövcuddur.
Tarixçi professor Qiyasəddin Qeybullayev “Alpanlılar kimlərdir” məqaləsində yazırdı “Tarixdən xəbəri olan hər kəs bilir ki, Alban etnosunun varlığı ilk dəfə eramızdan əvvəl IV əsrdən məlumdur: Albanlar İran (Əhəməni) ordusunun tərəfində eramızdan əvvəl 331-ci ildə Qavqamel döyüşündə Makedoniyalı İsgəndərə qarşı vuruşmuşdur. Əlbət ki, bu məlumatda konkret bir tayfa nəzərdə tutulur, çünki o vaxt hələ ümummilli Alban xalqı formalaşmamışdı”. Adın alban formasına ilk dəfə e.ə. 4-cü əsrdən başlayaraq antik mənbələrdə təsadüf olunsa da, “Kitabi-Dədə Qorqud” dastanında, “Oğuznamə”lərdə alp – alpan şəklində işlənmişdir. Alban – Alpan adının qədim türk dilli etnosun adını bildirməsi çox da şübhə doğurmur.
Ancaq onun mənası haqqında tədqiqatçılar müxtəlif fikirlər irəli sürürlər. Dilçi professor Qəzənfər Kazımov “Azərbaycan dilinin tarixi” kitabında Albaniya, Alban toponiminin etimologiyası haqqında ətraflı yazmış və onun türk dillərinə məxsus “cəsur, igid” mənalarını verən “alp” və “an” hissələrindən ibarət olduğunu bildirməklə, Albaniya adının “igidlər,cəsurlar ölkəsi” mənasına gəldiyini vurğulayır. Tarixçi, dilçi alimlərdən Q.Qeybullayev, Q.Məşədiyev, M.Adilov, B.Budaqov, F.Cəlilov və digər tədqiqatçıların da Alban, Alpan, Alpout toponimi haqqında fikirləri belədir ki, həmin söz “igid, cəsur” mənasını ifadə edən türk sözü “alp” və “an” morfemlərinin birləşməsindən ibarətdir. Tarixi bilgiləri mötəbər sayılan yunan müəlliflərdən Plutarx (46-127) albanları ən cəsur xalq kimi xarakterizə edirdi.
Son zamanlar “alban” adı barədə yuxarıda irəli sürülmüş yozum daha inandırıcıdır. Herodot burada yaşayan kaspi, uti, mək tayfalarının adını çəkmiş, Strabon isə kaspi və uti tayfalarından başqa qel, leq, mard, amard, qarqar və s. tayfaları da yad etmişdir. Arrian sakasinlərin adını albanlar ilə yanaşı çəkmişdir. Plini (I əsr) silv, lupeni, sodi, udin, Ptolemey isə ud tayfalarının adını qeyd etmişdir. Leq, qel, lupeni, silv və sodilər Samur çayı vadisində yaşayır və leqləri əsasən ləzgidilli tayfalar hesab edirlər. Silv, lupeni, qel etnonimləri də ləzgi dillərinə yaxın dildə danışan etnoslara mənsub olmuşdur.
Ola bilsin ki, bu etnonimlər o dövrdə xınalıq, saxur, qrız, buduq və başqa (avar, lak və s.) ləzgidilli etnosları bildirirmiş. Göründüyü kimi, ilk dəfə ləg formasında ləzgilərin adı I əsr müəllifi Strabonun əsərində çəkilir. O yazır ki, albanların qonşuluğunda ləglər yaşayır. Qədim mənbələrdə ləzgilər haqqında məlumat çox azdır. İlk dəfə olaraq IX əsrə aid ərəb mənbəsində Samurdan şimalda Ləkz ölkəsi qeyd olunur. Yazılanlardan o qənaətə gəlmək olar ki, Alban-Alpan toponimi qədim türklərin mifik və irearxik dünya görüşü ilə əlaqədar olaraq meydana çıxmış və zaman kecdikcə etnonim və toponimə çevrilmişdir. Gürcüstanın şərqində Alpani adlı iki kənd, Ermənistanın Şərur-Dərələyəz qəzasında Alpanos adlı iki kənd, Yardımlı rayonun ərazisindəki (19-cu əsr) Alban kəndi, nəhayət Quba rayonunda Alpan kəndi və s. 19-cu əsrin əvvəllərinə aid ədəbiyyatlarda, yuxarıda adları sadalanan kəndlərin əhalisinin türkdilli (tatar) azərbaycanlılardan ibarət olduğu qeyd edilib.Alpan kəndinin ərazisində ən qədim dövrlərdən insanların yaşaması arxeoloji tapıntılarla da sübut olunur.
Kənd ərazisində Quzeylər massivini çıxmaq şərtilə geniş arxeoloji tədqiqat aparılmasa da, ərazidən tunc dövrünə aid kiçik köpə, e. ə I minilliyə aid dəmir alət, boyalı alban qabı qırıntıları tapılmışdır. E.ə I minilliyə aid “Qalacıq” (Qələcuq) gurgahı isə öz arxeoloji tədqiqatını gözləyir. V-VI əsrlərdə şimaldan Dərbəndə və oradan da Qəbələyə istiqamətlənən hun və xəzər yürüşləri qədim Alpanın (Albana şəhərinin) tənəzzülə uğramasına səbəb olmuşdur. Dağılmış “Yurd yeri”nin şumlanan xarabalıqlarından yerli əhali uzun illər ərzində saxsı qırıntıları yığaraq təndir, sac salınmasında istifadə edirdilər. Geniş ərazidə bu qədər saxsı qırıntısının olması, yaşayış məskəninin əzəmətindən xəbər verir. Qeyd edilən qədim yaşayış məskəni qalıqları müasir “Quru çay”ın sol sahili boyu təpəliklər üzərindəki düzənlikləri əhatə edirdi. Ptolemeyin (eramızın II əsri) bizə gəlib çatmış xəritəsində Albaniyanın 29 şəhər və böyük kəndinin adı qeyd edilmişdir.
Bunlardan biri də 5-ci sırada adı çəkilən Albana şəhəridir ki, tarixçilərin fikrinə görə bu şəhər Quba rayonunun Alpan kəndi ərazisində mövcud olmuşdur. Kas çayı ilə Alban çayı arasında Xəzər dənizinə yaxın ərazidə yerləşən Albananın, indiki “Təzəpir” ətrafı ərazidə olması fikiri də istisna edilmir. Tarixi qaynaqlara görə, Albana şəhəri Xəzər dənizinə yaxın – 40 km məsafədə yerləşmişdir. Nəzərə alsaq ki, dəniz suyunun çəkilməsilə (bu məlumat tarixi-təbii gerişata əsaslanır) əlaqədar olaraq Xəzərin öncəki sahili dağətəyi zonadan xeyli uzaqlaşmış və həmin ərazidə tədricən yeni yaşayış məskənləri salınmışdır. Qədim tarixi mənbələrdə və xəritələrdə (Pliniy, Ptolomey, Tarixi-Dərbəndnamə və s.) Miladi təqvimlə eramızın ilk orta əsrlərinədək Dərbənd Şabran arasında, Dərbənd Qəbələ yolu yaxınlığında və Xəzər dənizinin 40 verstliyində (42 km. 700 m.) mövcudluğu qeyd olunan Albana şəhərinin Müşkürdəki Alpan düzündə olması ehtimalı da diqqətdə saxlanmalıdır.
Hər iki Yurd yerində bilinən rəvayətə görə, islam dinin Azərbaycanda yayılmağa başladığı ilk dövrlərdə (VIII əsrin əvvəlləri) Alpan kəndi ərazisindəki qədim şəhərdə dörd dini icma yaşamışdır – xaçpərəstlər, atəşpərəstlər, bütpərəstlər və gök Tanrısına inananlar. İslamı qəbul edənlərin sayı çoxaldığca onların qanunlarının keçərli olması əsas şərt olaraq qarşıya çıxır. Suvarma suyunun bölüşdürülməsi zamanı baş verən münaqişə nəticəsində yaranan qarşıdurmada, islam qanunlarına tabe olanlar əfv edilir, qarşı çıxanlar qılıncdan keçirilir və narazı əhalinin bir qismi şəhəri tərk edirlər. Bir döyüşdə ağır yaralanıb vəfat edən müsəlman sərkərdəsi Qılıc xan vəsiyyət edir ki, öldürüldüyü yerdə dəfn edilsin və gələcək nəsillərə görk olsun deyə başdaşı əvəzinə də qılıncı sancılsın.
Bildiyimiz kimi, həmin yer hal-hazırda da “Qılıncpir” adlanır. Digər mənbələrdə Albananın Samur çayı yaxınlığında yerləşməsi haqqında məlumatlar yer alır. Müasir Alpan kəndi də Samur çayının 40 km-liyindədir və tam əminliklə demək olar ki, qədim Albana şəhəri müasir Alpan kəndi ətrafındakı ərazilərdə mövcud olmuş şəhərgahdır.
Kənd əhalisinin hal-hazırda məskunlaşdığı Alpan kəndindən 4-5 km. üzü dağlara – qərb tərəfdə yerləşən və yuxarıda qeyd edilən “Qələcuq” adlı sirli-sehrli bir məkan var. Tədqiqatçıların təxminlərinə görə bu yer qədim Albana şəhərinin yerləşdiyi ərazinin yuxarı çıxacağı olub Qalacıq (kiçik qala) adlandırılmışdır. Əgər tarixçilər bu ərazidə tədqiqatlar, arxeoloqlar qazıntı işləri aparsalar nəinki kəndin tarixi, hətta Qafqaz Albaniyası haqqında da dəyərli məlumatlar əldə edilərdi. Qələcuqdan başqa, indiki kənd ərazisinin 3-4 km cənub tərəfində yerləşən Seyfəqələ deyilən qala yeri, Xan təpəsi (xan oturan təpə) və s. məlumdur. 1960-cı illərdə kəndimizin ilk jurnalisti Abdulhəşim Ələsgərovun qonağı olarkən onunla kəndin tarixi məkanlarını gəzən tanınmış tərcüməçi-mətnşunas Əli Fəhmi, Subaba türbəsini Alpanın gerbi, Qalacıq ərazisini isə Alpanın gizli tarixi kimi xarakterizə edib.
Ötən il isə Qafqaz Tarixi Mərkəzinin direktoru, t.e.n. Rizvan Hüseynovun rəhbərlik etdiyi tədqiqat-tanıtım qrupu da iştirakımızla kəndimizin bir neçə tarixi abidəsini nəzərdən keçirmiş, rus və azərbaycan dillərində video-roliklər hazırlayıb paylaşaraq Alpan tarixinə öz töhfələrini vermişlər.AMEA-nın Quba-Xaçmaz zonası üzrə Arxeoloji ekspedisiyasının (1983/94) rəhbəri prof. Cabbar Xəlilovun 1976/80-ci illərdə Alpan ərazisində qeydə alıb pasportlaşdırdiğı 4 tarixi tədqiqat abidə-obyektindən biri olan “Qüzeylər” massivində aparılan qazıntı işlərində iştirak etmiş t.e.n Mübariz Xəlilov 10 il öncə bizimlə birgə kəndətrafı qədim yaşayış məskənlərini araşdırarkən, “O qədər geniş ərazidə arxeoloji qazıntı ocağları mövcuddur ki, haradan başlasaq daha qədim mədəni qat materialı əldə edəcəyimizi qərarlaşdıra bilmirik”-demişdi.
“Quzeylər yaşayış yeri Quruçayın sağ sahilində qərar tutmuş bir neçə təpədən ibarət yüksəklikdədir. Təpələr qərb istiqamətində Quba rayonunun Alpan kəndinə qədər uzanır. Quba-Xaçmaz Arxeoloji ekspedisiyasının I dəstəsi tərəfindən prof. Cabbar Xəlilovun rəhbərliyi altında 1986-cı ildə Alpan kəndi istiqamətində yerləşmiş bu təpələrdən birində arxeoloji qazıntı işləri aparılmışdır. Təpənin səthinin sahəsi 300 kv metrdir və burada başlanılmış arxeoloji qazıntı sahəsi 225 kv metr (15×15) təşkil etmişdir. Mədəni təbəqənin qalınlığı 0,4-0,5 metr dərinliyində müəyyənləşdirilmişdir. Yaşayış yeri çox güman ki, izləri bilinməkdə olan yanğın nəticəsində tərk edilmişdir. Buradakı yaşayış tikililərinin əksəriyəti bünövrəsinədək dağılmışdı. Tikililər dördbucaqlı quruluşa malik olmuş, bəzi yerlərdə 3-4 cərgə çay daşından ibarət divar hörgüsü qorunub saxlanılmışdı. Bu cərgələrin hündürlüyü 0,40 metrə, bünövrə divarının qalınlığı 0,60 metrə çatır.
Yaşayış yerində tapılan bişmiş kərpic parçaları divarların inşasında bu materialdan da istifadə olunduğunu göstərir. Torpaq döşəmə isə saman qatılmış gillə suvanmışdır. Yanmış ağac qalıqları göstərir ki, adətən konstruksiyanın bir sıra elementləri ağacdan hazırlanmışdır. Yaşayış yerində bir neçə ocaq üzə çıxarılmışdır. Tapılmış materiallar əsasən gilinin rəngi çəhrayı, tünd qəhvəyi, tünd boz, qara olan saxsı qablardan (küplər, bardaqlar, nimçələr, güldanlar və s.) , daş məmulatından (daş nimçə qırığı və s.), kiçik və iri buynuzlu mal-qara sümüklərindən ibarətdir. Küplər daraqvari, dalğavari və s. xətli naxışlarla bəzədilmişdir. Bəzi kiçik ölçülü qablar qapağlı idi. Əldə edilmiş bu materialların əksəriyyəti AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda qorunub saxlanılır. Quzeylər yaşayış yeri ilkin nəticə kimi Albana şəhərgahının şərq qurtaracağı olub III-VII əsrlərə aid edilmişdir.” (М.C.Хəlilоv. Quzeylər yaşayış məskəni. Bакı, «Elm», 1988, с. 45-47)
Kəndin cənub – qərb tərəfindəki qəbiristanlıqda XVI əsrin ortalarında tikildiyi uzərindəki lövhədə qeyd olunan “Subaba” (Sufibaba) türbəsi yerləşir. Türbəni şah Təhmasib Səfəvinin 1544-cü il Dərbənd səfəri zamanı Alpan və Kürkündən keçərkən, 15-ci əsrin ikinci yarısında bu ərazilərə yürüş etmiş ulu babası Şeyx Cüneydin müridlərindən biri olan sufi Mikayılın qəbri üstündə tikdirdiyi məlumdur. Kənd ərazisində müxtəlif dövrlərin hadisələrindən, şəxsiyyətlərindən soraq verən 14 övliya – pir ziyarətgahı da mövcuddur. Sufibaba adının “Subaba” şəklinə düşməsi isə, tələffüz tərzimizin bir çox hallarda yığcamlığa meylli olması ilə əlaqədardır: Sufibaba – Sufbaba – Subbaba – Subaba. Türbə 1918-ci il soyqırımında erməni daşnaklar tərəfindən dağıdıldıqdan sonra qismən bərpa edilsə də indiki vəziyyəti acınacaqlıdır… Alpanda indi də qalmaqda olan, “Seyiddaşı” adlandırılan böyük qəbir daşının olduğu qədim qəbirstanlıq isə gəlmə ərəbli tayfasından olanların əcdadlarına məxsusdur.
Alpan kəndi ərazisində 18-ci əsrə aid rus qəbirstanlığı da mövcud olmuşdur ki, kəndin aşağı tərəfində “Dumallar” adlandırılan məhəllənin üstündə, kənd qəbirstanlığının şimal hissəsindəki meşəlikdə yerləşir. Rusların bu ərazilərdə yaşamaları I Pyotrun 1722-ci il Xəzəryanı istilasından sonrakı dövrə aiddir. Bir neçə ailədən ibarət olan ruslar bu ərazidə 1796-cı il hadisələrinə qədər yaşamışdılar. 1796-cı ildə rus generalları Savalyev və Zubov mayın 10-da Quba xanı Şeyx Əlini məğlubiyyətə uğradıb Dərbəndi tutduqdan sonra Qubanı ələ keçirmək üçün qoşun yeritmişdi. Şeyx Əli xan Qazıqumuq hakimi Surxay xanla birləşərək Bulqakovun başçılıq etdiyi hərbi hissələrə qarşı döyüşürdü. Tərəflər arasında ən gərgin döyüş 1796-cı ilin iyun ayında Alpan kəndi ərazisində oldu. İlk döyüşdə ruslar podpolkovnik Bakunin və beş zabitlə yanaşı 250-dən artıq əsgər itirmiş, 20-yə yaxın ağır yaralını əsirlikdə buraxmışdılar.
Lakin sonrakı döyüşdə yeni itkilər verərək çətinliklə də olsa Alpanı və Qubanı işğal edə bildilər. Məhz bu hadisələr zamanı həlak olmuş rus kazakları Alpan ərazisindəki həmin rus qəbirstanlığında dəfn edilmişdi. İndiki Alpan kəndinin mərkəzində 1806/08-ci illər arası tikildiyi tarixçə daşı üzərinə həkk olunan məscid yerləşir. Alpan məscidi miladi təqvimlə 1806-cı ildə İbrahim bəyin rəhbərliyi, maddi dəstəyi və kənd camaatının iştirakı ilə usta Pirqulu tərəfindən tikilməyə başlanmışdır.
Mənbə: Quba Dərbənd Gülüstani-İrəm
Comments are closed.