Kəbirli eli orta çağda oymaq kimi Cavanşir elinin tərkibində olub. Bilginlər arasında biçimlənən rəyə görə kəbirlilər Xəzər ulusuna qatılan Kəbər oymağının qalığıdır.
Ehtimal olunduğu kimi, dörd qoldan və qırxdan çox tirədən ibarət olan kəbirlilər Qarabağa erkən orta əsrlərdən gəlmişlər. Kəbirli eli uzun illər burada Cavanşir elinin tərkibində olub, Qarabağ xanlığının qüdrətinin artırılmasında əvəzsiz xidmətlər göstərib. Lakin 1712-ci ildə Kəbirli eli Cavanşirlərin tərkibindən çıxaraq Kəbirli mahalına çevrilib. İgidlikləri, cəsarətləri ilə seçilən kəbirlilər həm dövlət işlərinə, həm də onun müdafiəsinə müntəzəm olaraq cəlb olunmuşlar.
Lakin aramsız sasani, monqol, ərəb hücumları səbəbindən Kəbirli eli də digər tayfalarla bərabər müxtəlif dövrlərdə yaşadıqları tarixi ərazilərdən didərgin salınaraq ayrı-ayrı ölkələrə səpələnmişdir. Təsadüfi deyildir ki, hazırda Türkiyə, İran, İraq və digər Şərq ölkələrində, Orta Asiya respublikalarında, Gürcüstanda kəbirlilərin kompakt halında yaşadıqları xeyli sayda ərazilər, yaşayış massivləri mövcuddur.
Kəbirli elinin pərakəndə vəziyyətə düşməsinin əsas səbəblərindən biri də 1736-cı ildə Nadir şahın seçkisi zamanı bir çox tayfa başçıları ilə yanaşı Kəbirli nümayəndələrinin dəvət olunmalarına baxmayaraq səsvermədə iştirak etməmələri ilə bağlıdır. Nadir şahın qəzəbinə tuş gələn kəbirlilər öz doğma yurd-yuvalarından didərgin salınaraq Xorasanın Sərəsx çöllərinə sürgün edilib. Nadir şah sui-qəsd nəticəsində öldürüldükdən sonra bir çox Kəbirli ailəsi tarixi vətənlərinə geri dönsə də, əksəriyyət buna imkan tapa bilməyib.
Çətinliklə Azərbaycana qayıdan ailələrin xeyli hissəsi Qarabağdan kənar ərazilərdə məskunlaşmaq məcburiyyəti ilə üzləşib. Kəbirlilərin hazırda Beyləqan, Bərdə, Füzuli, Ağcabədi, Tərtər, Göyçay, Yevlax, Naxçıvan, Quba və s. bölgələrin ərazilərində toplum şəklində yaşamaları, şübhəsiz, bununla əlaqədardır.
Comments are closed.