Azərbaycan dilindəki “biz”, “siz”, “səkkiz”, “doqquz”, “otuz”, “yüz”, “əkiz”, “söz”, “toz”, “duz” kimi sözlərə xas olan maraqlı bir element vardır. Bu, qədim zamanlarda dilimizdə işlənmiş, lakin sonradan “fəaliyyətini dondurub” öz yerini -“lar”, -“lər” cəm şəkilçisinə vermiş -“iz”, -“uz”, -“üz”, -“oz”, -“öz” cəm şəkilçisidir.
Diqqət yetirsək görərik ki, “söz”, “toz” və “duz” sözlərinin hər biri aid olduğu obyekti kifayət qədər dəqiq təsvir edir. Belə ki, istənilən “söz” bir neçə səsdən, “toz” mineral və orqanik xarakterli xırda hissəciklərdən, “duz” isə ayrı-ayrı dənələrdən ibarətdir.
İndi isə şəxs əvəzliklərinə nəzər salaq. Məntiqlə ibtidai insan saymağa özündən başlamalı idi: “bi” (“ben”, “mən”) – “bir”. Yanındakıları bildirmək üçün “bi” sözünə -“iz” cəm şəkilçisini qoşmuşdur: “biiz” – “biz”, yəni “bilər” – “mənlər”. Sözün təhlili göstərir ki, çətin şəraitdə yaşayan, həyat uğrunda mübarizə aparan qədim insan onunla birlikdə olanlara özü kimi yanaşır, onları özündən hesab edirmiş. Sözsüz ki, o zamanlarda, əslində, elə indinin özündə də sağ qalmağın və inkişafın yeganə formulu məhz fikir birliyi, iş birliyidir. Yeri gəlmişkən, “birlik” sözünün kəsb etdiyi məna ehtimalımızı qüvvətləndirir. Bu söz “bir” miqdar sayının vasitəsilə, əslində, “bi” (“mən”) şəxs əvəzliyindən törəmişdir.
Haşiyə. Müqayisə üçün qeyd edək ki, Altay dil ailəsinə daxil olan monqol və buryat dillərində “mən” şəxs əvəzliyi “bi”, “sən” şəxs əvəzliyi “çi” və “şi”, “biz” şəxs əvəzliyi isə “bid” formasındadır. Monqol dillərindəki -“ud” cəm şəkilçisi Azərbaycan dilindəki –“uz” cəm şəkilçisinin, faktiki olaraq, fonetik variantıdır. Maraqlıdır ki, ingilis dilində oxşar -“es” və -“s” cəm şəkilçiləri işlənir. Digər tərəfdən, İsveç dilindəki -“ar”, -“er” cəm şəkilçisi ilə türk dillərindəki -“lar”, -“nar”, -“dar”, -“tar” cəm şəkilçisi arasında bənzərlik vardır.
Beləliklə, keçək əsas mətləbə. Tovuz Azərbaycanın ən qədim insan məskənlərindən biridir. Bir ehtimala görə, bu toponim “tau oğuz” (dağ oğuz) sözlərindən, digər gümana əsasən, “tau üst” (dağ üstündə qala) ifadəsindən törəmişdir. Yeri gəlmişkən, Tovuz camaatı bu rayonun adını Tooz formasında tələffüz edir. Vurğulamaq lazımdır ki, bəzi türk dillərində dağa “tu” (çuvaş), “tuu” (Altay), “too” (qırğız), “tau” (tatar, başqır, balkar, Qaraçay, qazax), “tav” (qumux, noqay, qaraqalpaq) deyilir. Əslində, “tu”, “tuu”, “too”, “tau”, “tav” sözləri dilimizdəki “dağ” sözünün fonetik variantlarıdır. Bu sözə -“uz” (-“oz”) cəm şəkilçisi əlavə edildikdə “tovuz”, yəni “dağlar” sözü yaranır. Tovuz özünün relyefinə görə yüksək dağlıq, orta dağlıq, alçaq dağlıq və dağətəyi zonalara bölünür. İstənilən halda Tovuz dağlar diyarıdır.
P.S. Tovuz toponimi qədim Azərbaycan dilinin yadigarıdır. Belə ki, bu söz elə bir dövrdə yaranmışdır ki, -“lar”, – “lər” cəm şəkilçisindən hələ istifadə edilmirdi. Bu isə öz növbəsində bir daha onu sübut edir ki, azərbaycanlılar Cənubi Qafqazın əzəli sakinləridir.
Araz ŞƏHRİLİ
Comments are closed.