Fəqih, astronom, həkim və memar olan Şeyxin əl işləri Gəncədə hələ də qalır

Dövlət başçılarının qüdrətinin bir səbəbi də onların ağıllı, dərin zəkalı köməkçilərinin olması ilə bağlıdır. Bu mənada “bəxti gətirən” hökmdarlardan biri də Səfəvi İmperiyasının parlaq nümayəndəsi Şah Abbasdır. Şah Abbasın öz dövrünə görə çox güclü, ağıllı köməkçiləri – vəzirləri olub. Onlardan biri də Şeyx Bəhai adı ilə tanınan Bəhaəddin ibn İzzuddin Harisi Həmdani olub.

Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd və ya Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan bu alim, hicri qəməri təqvimlə 953-cü ilinin (Miladi 1546-cı il) zilhiccə ayının 17-də, Livanın Bələbək şəhərinin yaxınlığındakı Cəbə kəndində dünyaya göz açmışdır. Harisi Həmdani Şeyx Bəhainin İmam Əli (ə)-ın ən yaxın əshabından olan Haris Həmdaninin nəslindən olmasına işarədir.

İlk təhsilini atasında, eləcə də Bələbək və Cəbə alimlərindən alıb. Onun təhsil aldığı şəxslərdən biri də Əllamə Şeyx Abdullah Yəzdi olub.

Tarixdən bəlli olduğu kimi, Səfəvilər dövləti qurulduqdan sonra xüsusən də Şah Təhmasibin zamanında dünyanın müxtəlif bölgələrindən olan Əhli-Beyt alimləri Səfəvi dövlətinə dəvət olunub. Həmin illərdə Şeyx Bəhaəddin də 13 yaşında olarkən atası Şeyx Hüseyn ibn Əbdüssəməd ilə birlikdə Qızılbaş məmləkətinə mühacirət edib. Atası qısa zamanda Şeyxülislam vəzifəsinə qədər yüksəlib.

Şeyx Bəhai tarixdə ədib, fəqih, təfsirçi, riyaziyyatçı, mühəndis, şair, həmçinin həkim və filosof kimi qalmışdır. O, cəbr, həndəsə, astronomiyanı Molla Əli Müzəhhəbdən, İbn Sinanın “Qanun” kitabından isə (tibb elmi) Həkimud-din Mahmud adlı alimin yanında dərs almışdır.

Səfəvi şahları bu alimə çox yüksək qiymət verərək onu böyük dini və dövlət mənsəblərinə təyin etmışlər. Şeyx bir müddət Herat və İsfahan şəhərlərinin Şeyxul-İslamı olmuş, camaatın şəri məsələlər barəsindəki suallara cavab vermişdir.

Şah Abbas hicri 1006-cı ildə paytaxtı İsfahana köçürəndə Şeyx Bəhaini Şeyxülislam vəzifəsinə təyin etmiş, ömrünün sonuna qədər Şeyx Bəhai bu vəzifədə fəaliyyət göstərmişdir. Eyni zamanda Şah Abbasın vəziri olmuş Şeyx Bəhai haqqında əfsanələr, rəvayətlər qalıb.

Bunlardan ən məşhurları arasında indiyə qədər dünyaya sirr olaraq qalmış İsfahanda qazanxanası bir şamla qızdırlan hamam, yellənən minarələr, İsfahan şəhərinin su təchizatı sistemi, Şah Saray kompleksi və sairdir.

Həmçinin, həkim, astronom və filosof kimi də tanınan Şeyx Bəhai çoxsahəli elmi istiqamətlərdən bəhs edən bir sıra əsərlərin müəllifidir. Ən məşhur əsərləri isə aşağıdakılardır: “Bəhrul-hesab” (riyaziyyata aid), “Təşrihul-əflak” (astronomiyadan söz açır), “Camei-Abbasi” (fiqh və şəriətə aid), “Xüləasətül-hesab” (cəbr və həndəsədən bəhs edir), “Kəşkül” (ədəbi mövzuda), “Eynül-həyat” (Quranın şərhi), “Fəvadius-səmədiyyə” (qrammatikadan bəhs edir), “Ərbəin” və sair.

Hicri-qəməri tarixi ilə 1030-cu ilin şəvval ayının 12-də (1622-ci il) İsfahan şəhərində vəfat edib. Cənazəsi Məşhəd şəhərinə aparılaraq İmam Rizanın (ə) hərəminin yaxınlığındakı evində dəfn edilib. Yeri gəlmişkən, İmam Rza (ə) Hərəm kompleksinin genişləndirilmiş tikilisinin memarı da Şeyx Bəhai olub.

Şeyx Bəhainin məşhur əl işlərindən biri də Azərbaycan Respublikası ərazisindədir. 1606-cı ildə inşa olunan Gəncə Şah Abbas məscidi Şeyx Bəhainin dəqiq riyazi hesablamaları əsasında tikilib. 400 il əvvəl tikilməsinə baxmayaraq məscidin inşası insanda heyrət doğurur.

Gəncə Şah Abbas məscidinin inşasında yumurta ağı ilə gil-əhəng qatışığından, üyüdülmüş daş kömür və qırmızı kərpicdən istifadə edilib. Divarların qalınlığı 1 metrdən 3 metrə qədər dəyişir. Məscidin hər küncündə 3 hücrə, ümumilikdə isə 12 hücrə var ki, bu da 12 İmamı simvolizə edir. Tikili dərin özüllər üzərində qurulduğundan, şəhərdə 1826-1938-ci illər arasında baş verən 10 zəlzələ zamanı heç bir ziyan görməyib.

Məscidin qərb divarında yerdən iki metr hündürlükdə balıq formasında kərpic çıxıntısı var ki, günəş zenit nöqtədə olanda bu çıxıntıdan düşən kölgə itir. Bununla memar günorta namazının vaxtının gəldiyini göstərmək istəyib. Fəsillərdən asılı olmayaraq hər gün günorta təxminən saat 13:00-da günəş şüasının daim pəncərədən daxilə eyni bir kərpicin üzərinə düşməsi müşahidə olunur.

Məscidin digər möcüzəsi isə bütün məscidi qızdıran bir sobanın olmasıdır. Məscidin digər möcüzəsi içərisindəki özü-özlüyündə bir sənət nümunəsi olan minbərdir. Minbər bir mismar belə işlənmədən palıd ağacından şəbəkə üsulu ilə hazırlanıb. Onun yaşının məscidlə eyni olduğu söylənilir.

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Kənan Rövşənoğlu

Comments are closed.