Professor Şirməmməd Hüseynov yazır: “Böyük şairlə ünsiyyətdə olan, onun yaradıcılığına və şəxsiyyətinə məftun olanlardan biri də görkəmli tədqiqatçı-ədəbiyyatşünas, jurnalist və publisist Salman Mümtazdır. Onun “Sabir haqqında xatirələrində biz bunu bariz şəkildə görürük. Həm də məlum olur ki, S.Mümtaz M.Ə.Sabirdən müsahibə alan ilk və yeganə jurnalistdir. Əhvalatı o belə təsvir edir: “1910-cu ilin iyun ayında mən Bakıya gəlmişdim və Bakıdan da Tiflisə gedəcəydim. Burada təsadüfi olaraq ikinci dəfə Sabirlə görüşə bildim. Bu da Aşqabaddan 1893-cü ildə ilk dəfə Sabirlə görüşdüyümüz tarixdən 17 il sonra idi…”
1910-cu ilin iyununda M.Ə.Sabir Haşımbəy Vəzirovun gündəlik “Səda” (1909-1911) qəzetində korrektor (müsəhhih) işləyir və “İsla-miyyə” mehmanxanasında qalırdı. Əvvəlcə “Metropol” mehmanxanasına düşən S.Mümtaz Sabirlə görüşdükdən sonra onun qaldığı mehmanxanaya köçür.
S.Mümtaz yazır: “… Sabiri öz nömrəmə gətirdim və qalmağı təklif etdim. Sabir razı oldu. Əlahiddə krovat qoymaq mümkün olmadığından krovatımı ona verərək özüm kuşetkanın üstündə uzandım. Sabir yarım saatdan çox o böyrü və bu böyrü üstündə çevrildi. Səbəbini soruşduqda krovatdan şikayət edərək “məni atıb-tutur”, -dedi. Yerimizi dəyişdik. Kuşetkanın üstündə uzanan kimi “ox, buna nə demişəm, mən prujinli krovatı harda görmüşəm” – deyərək yatdı… Gecə gec yatmağımıza görə səhər bir az gec durmalı idik. Lakin konkaların zənginin səsi vəbazar əhlinin hay-küyü buna mane oldu və o gün Sabirlə aşağıdakı müsahibəmiz oldu”.
Qeyd edim ki, M.Ə.Sabirdən ilk müsahibə alanda S.Mümtazın 27 yaşı, şairin isə bu vaxt 48 yaşı vardı. 1911-ci ildə M.Ə.Sabir dünyasını dəyişəndə onun yaradıcılığına və şəxsiyyətinə vurğun olan S.Mümtaz “Böyük Sabirə” adlı şeirini yazmış və dərc etdirmişdi. Bu barədə tədqiqatçılar A.Zamanov və R.Tağıyev ətraflı yazmışlar”.
Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsini professor Şirməmməd Hüseynov 2002-ci il aprelin 20-də “Günay” qəzetində (№ 16) dərc edib. Enter.News həmin müsahibəni təqdim edir:
MÜSAHİBƏ:
Sual: – Sizin ilk təxəllüsünüz olan “Hop-hop” sözünün mənası nədir və nə səbəbə bunu qəbul etmisiniz?
Cavab: – Bu təxəllüsü mənə əziz dostum Məşədi Həbib vermişdir. Hop-hop quş adıdır. Bu quşun bu addan başqa el arasında yenə bir neçə adı vardır ki, Fatmabacı, bu-bbu, op-op və şanapipik o cümlədəndir. Məşədi Həbib mənə “Fatmabacı” deyə xitab etmək üçün bu adı intixab etmişdir (seçmişdir). Mən də bunun əvəzində onun təxəllüsünü “Qızdırmalı” qoymuşam ki, mənasını hələ bu günə kimi anlaya bilməmişdir.
Sual: – Nə səbəbə təxəllüsünüzü tez-tez dəyişdirirsiniz?
Cavab: – Bunu şirvanlılardan və mühitdən soruşmalısınız.
Sual: – Abbas Səhhətin neçə yaşı vardır? Siz böyüksünüz, yoxsa o?
Cavab: – Başda o böyükdür, yaşda mən.
Sual: – Səhhət dərin savadlıdırmı?
Cavab: – Mən onun şagirdiyəm, o mənə ustaddır.
Sual: – Osmanlıların klassik şairlərindən kimləri bəyənirsiniz?
Cavab: – Ziya Paşa ilə Namiq Kamal bəyi.
Sual: – Tofiq Fikrəti bəyənirsiniz, düzdürmü?
Cavab: – Siz, Osmanlı şairlərini soruşdunuz, mən də fikrimi dedim. Fikrət ərəb şairidir (M.Ə.Sabir T.Fikrətin əsərlərində ərəb sözlərinin çox işlədildiyini yəqin ki, nəzərdə tuturdu – red.).
Bu adda türk şairi yoxdur. Yaxşı olardı ki, bunu Məhəmməd Hadi əfəndidən soruşaydınız. Yaxşısını o bilər (M.Hadinin də şeirlərində fars və ərəb sözləri çoxdur, Sabir ona da işarə edirdi” – red.).
Sual: – “Molla Nəsrəddin” məcmuəsinin 18-ci nömrəsindəki “Gözəlim” ünvanlı şeirinizin 3-cü və 5-ci bəndləri ayrı bəhrdədir. Bunun səbəbi və hikməti nədir?
Cavab: – Hikməti və səbəbi mürgüləməkdir. Mən gecələr “Səda” qəzetində (“Səda” 1909-1911 -ci illərdə N.Vəzirovun nəşr etdiyi gündəlik qəzet idi. -Ş.H.) korrektorluq edirəm. İdarə xüsusi teleqramlar almır. O qədər gözləyir ki, “Kaspi”, “Həqiqət” və sair qəzetlər çap olub çıxır. Onlar çıxandan sonra teleqramlar tərcümə olunur, düzülür, basılır, mən də korrekturasına baxıram, mən o şeiri Haşım bəyin mətbəəsində gecə yarısı yazmışam və yazarkən mürgüləyib sonra da yuxulamışam. Yuxudan ayılandan sonra da mabədini yazmışam. Şeir təb olub gələndən sonra səhvini başa düşmüşəm ki, bu da çox gec idi.
Sual: – Mətbu şeirlərinizin hansını çox bəyənirsiniz?
Cavab: – Heç birini. Bəyəniləsi şeirləri sonralar yazacağam.
Sual: – Sonra nə vaxt?
Cavab: – Mürgüləməyəndə.
Sual: – Nə üçün şeirlərinizi heca vəznində deyil, əruz bəhrində yazırsınız və şeirin əski formalarını, şəkillərini şiddətli surətdə mühafizə edirsiniz?
Cavab: – Bu çox mühüm məsələdir. Görüm öz fikrimi deyə biləcəyəmmi. Məncə yeni fikirləri və yeni mövzuları mütləq əski formada və əruz bəhrlərində vermək və yazmaq lazım, həm də vacibdir. Bunları birdən-birə dəyişib oxucunu ədəbiyyatdan yadırğatmaq və soyutmaq olmaz. İri-iri toplar ilə hücuma keçən düşmənin qabağına sədəf dəstəli və qızıl suyu ilə yazılı gümüşü xəncəl ilə çıxmaq ağılsızlıqdır. Əruz bizim deyildir. Bunu hamı bilir. Lakin 13 əsrdir ədəbiyyatımızı mühasirəyə almışdır. Bu mühasirə də böyük-böyük ustadların planı, nəqşəsi və əlləri ilə olmuşdur. Bu mühasirəni yarıb ədəbiyyatımızı xilas etmək, yenə yuxarıdakı ustadlar kimi böyük ustadların əlləri ilə mümkün olacaqdır.
Böyük şairləri də, ustadları da ancaq bilik və xalq yetirə bilər. Şair elin, xalqın hökmranı və gözünün işığı olmalıdır ki, o nə desə xalq ona baxsın və nə yazsa el oxusun. Bu hökmranlıq da yalnız elin ruhunu bilməklə və tələblərini ödəməklə olar. Elin halına yanmayıb güclə hökmranlıq edənlər “dostum” Əbdülhəmid və Məmmədəlinin gününə düşərlər.
Şeir ilə musiqi birdir. Bunların hər ikisi də insanların ruhu ilə əlaqədardır. Lakin şeir yüksəkdir və onun məqamı (vəzifəsi) ucadır. Şeir musiqisiz olar, musiqi şeirsiz olmaz. Elin ürəyindən deyilən şeirlər başdan-başa musiqidir. Çünki hər bir kəs onu öz ahənginə uydurub oxuyacaqdır.
Musiqimizdə segah, çahargah, şur, rast və sair muğamlar vardır. Bunlar bizim deyil, gəlmədir, amma bizimdir, ruhumuza kök salmışdır, ruhumuzun qidasıdır. Bu muğamlar əruz bəhrləri ilə bir tarixdə yurdumuza gəlmişdir və bir tarixdə də gedəcəkdir. Bunların həyatı bir-birinə bağlıdır. Dörd yüz ildən bəridir Füzulinin şeirlərinin şöhrəti bütün Şərqi qapsamışdır. Hamı o şeirləri əzbərdən bilir və istədiyi zaman sevə-sevə oxuyur. Halbuki bu şeirlər başdan-başa əruz bəhrlərində yazılmışdır. Sədinin, Hafizin qəzəllərinin qabağına ancaq qəzəl ilə çıxmaq olardı ki, Füzuli bunu duymuş, çıxmış və onların nüfuzlarını qırmışdır.
Mən Füzuli “Divan”ına Füzuli qəzəllərinə başdan-başa nəzirə yazmaq fikrindəyəm, yəni o formada və o bəhrlərdə olmaq şərti ilə yeni-yeni mövzularda qəzəllər yazacağam. Hələ bir neçə nəzirə də yazmışam.
Ah eylədiyim nəşeyi-qəlyanın üçündür,
Qan ağladığım qəhveyi-fincanın üçündür.
***
Könlüm bulanır küçədə cövlanını görcək,
Nitqim tutulur hərzəvü hədyanını görcək –
mətlələri (qəzəlin ilk beytləri) ilə başlanan qəzəllər də o cümlədən Fizulinin aşağıdakı:
Ah eylədiyim sərvi-xuramanın üçündür,
Qan ağladığım qönçeyi xəndanın üçündür.
***
Könlüm açılır zülfü-pərişanını görcək,
Nitqim tutulur qönçeyi xəndanını görcək.-
mətləli qəzəllərinə nəzirədir.
Şeir odur ki, mövzusu həyatdan götürülüb,özü də açıq və aydın yazılsın, həm də xalqın ruhuna uyğun yazılsın. Beş gün,üç gün ömür eyləyib yaşayan şeirlərə şeir deyilməz. Xalqın oxumadığı, əzbərləmədiyi şeir, şeir deyildir. Çünki onların əsası və bünövrəsi yoxdur,onlar hübab (yağış yağanda su üzünə çıxan qabarcıq, köpük) gəmisi kimi tez çıxıb, tez də batırlar. Elin ruhundan,ürəyindən qopmayan şeirlər xalqın ruhunda heç bir zaman həyacan əmələ gətirə bilməz.
Bir adamı rahat oturduğu yerdə yerindən durquzub oynatmaq üçün ona onun könlü istədiyi və sümüyünə düşdüyü hava çalınmalıdır. Belə olmasa o, qollarını açıb süzə bilməyəcəkdir.
Əziz dostum və ustadım olan Səhhət mənim fikrimin bəzi nöqtələri ilə şərik olmursa da eybi yoxdur. Bunu gələcək göstərəcəkdir…
Sabir mənim “Molla Nəsrəddin” məcmuəsində seyrək-seyrək şeir yazmağımın səbəbini soruşdu. Mən də bacarıqsızlığımı və vaxtımın az olduğunu söylədim. “Bunlar bəhanədir” – dedi. Ziya Paşanın məşhur tərkib bəndinin iki parçasına iki saata kimi nəzirə yazmağımı tapşırdı.
Mən də itaət edərək yazdım. Sabir bəyəndi və bir bəndini də təshih etdi.
Təqdim etdi: Rəşad Sahil
Comments are closed.