Şah İsmayıla münasibət müxtəlifdir. Biri onu türk soylu olub qədim  İran kimi regiona hökmdarlıq edən türk lider kimi türkçülüyündən, biri şiəliyi və ya Əhli-beyt kultunu rəsmi dövlət inancı səviyyəsinə qaldırıb regionu şiələşdirən lider kimi məzhəb gözündən sevir. Eyni səbəblərdən də kimsə onu soykökünə, kimsə də məzhəbinə görə sevməz, nifrət edər. Əslində Şahın bizə lazım olub olmaması bunların heç biri ilə bağlı olmamalıdı. Ondan əvvəl də, sonra da İrana hökm edən türk şah və sultanlar, şiəliyi Misirə, Bağdad xilafətinin sarayına kimi aparan sülalələr olub.

Şahın bizə lazım olması onun “ilk Azərbaycan dövlətçiliyinin banisi” simvolikasındadır. Şah İsmayıl Azərbaycan mərkəzli və adına da özünün Azərbaycan dediyi (“Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxt-tacı?”, yəni dövləti), 3 milyon kv.km ərazini əhatə edən bir dövlətin qurucusudur. Bu günkü Azərbaycan xalqının ənənə, tarix, mədəniyyət və dövlət olaraq tarixi yaddaşı məhz Səfəvilərlə bağlıdır. Bizim nağılların, zərb-məsəllərin, bayatıların, bir-sıra tarixi terminlərin mənbələri həmin dövrdəndir, qəhrəmanları Şahlardır. Şah – dövlətçiliyin simvolikasıdır.

Azərbaycan ərazisində və regionda Azərbaycan mərkəzli başqa dövlətlər də mövcud olub, həmin dövrün də ənənələri xalqımızın damarında öz izini qoyub, amma onların heç biri Səfəvilər dövründə olduğu kimi etnik və mədəni olaraq indiki Azərbaycan xalqı ilə eynilik daşımayıblar. Səfəvilər dövrü özündən əvvəl uzun əsrlər ərzində formalaşıb başa çatmış Azərbaycan kimliyinin sırf öz dövlətçiliyinə malik ən parlaq dövrü olub. Səfəvilər və Şah İsmayılla biz sübut etmişik ki, azərbaycanlı olaraq biz yalnız rəiyyət və kiminsə təbəəsi yox, Şah, hakim, imperiya və imperator ola bilirik və bunu çox gözəl də həyata keçirməyi bacarırıq. Şah İsmayıl yalnız türk kökənli şiənin simvolikası deyil, özünü azərbaycanlı hesab edən talışın da, tatın da, sünninin də dövlətçilik simvolikasıdır. 

Öz dövlətçilik simvolikası tarixinə malik olmaq müstəqil dövləti olan və ya elə bir dövləti qurmaq istəyən bütün xalqların zəruri siyasi ehtiyacıdır. Bunun üçün bəzən xalqların idarəçiləri və ziyalıları tarixi miflər belə yaratmalı olurlar. Elə qonşumuz olan ermənilər kimi. Tarixi təhrif etməklə yaratdıqları və hər vasitə ilə qoruduqları bu miflərin hesabına heç zaman dövlətçiliyə sahib olmayan xalqlar belə dövlət qura və bu dövləti inkişaf etdirə bilirlər. Nəzəri əsası olmayan heç bir təşəbbüs reallaşa bilməz. Dövlətçilik simvolikaları da məhz həmin nəzəri əsaslardır.

Bu  baxımdan təəssübə uğrayaraq düşünmədən Şah İsmayılı və ya Səfəviləri dəyərsizləşdirmək, elə Azərbaycan xalqı və dövlətçiliyini dəyərsizləşdirmək, onu aradan aparmaq üçün əsas hazırlamaqdır. Necə ki, Şah İsmayılı və Səfəviləri təbliğ etmək digər xalq və inanclara qarşı çevrilməməlidir.

Millikimlik Araşdırmaları qrupu

Comments are closed.