Ağdam-Şuşa marşrutu ilə uçan “Mİ-8” mülki vertolyotu “yer-hava” tipli raketlə Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulub. Çoxu qadın və uşaq olan 44 sərnişin və ekipaj həlak olub. Onların 5 nəfəri Xocalı rayonunun Cəmilli kənd sakini – Vətən müdafiəçiləri idi. Hər biri də Vətənini, yurdunu sevən gənclər idi. Düşmənin özbaşınalığına dözməyərək Vətənin müdafiəsinə qalxdılar və bu yolda şəhid oldular.
Ermənilər 1992-ci ilin yanvarında strateji ərazidə yerləşən Kərkicahanı ələ keçirəndən sonra Şuşa üzərinə aramsız raket hücumlarına başladılar. Həmin gün Kərki kəndi də düşmən tərəfindən zəbt edildi.
Dünya aviasiyası tarixində ən böyük mülki vertolyot faciələrindən sayılan bu hadisədən sonra Xocalıda görünməmiş soyqırımı aktı törədildi. Heç şübhəsiz ki, bu cür təxribatçı əməllər Şuşanın müdafiəsini zəiflədir, faktiki işğala şərait yaradırdı.
Həmin günlərin canlı şahidi olan, Qarabağın Həcəri kimi tanınan Səbirə Mahmudova Femida.az -a açıqlamasında həmin terrorla bağlı maraqlı faktlara aydınlıq gətirib.
“Daşaltı facəsindən sonra 1992-ci olin yanvarın 28 -də Ağdam – Şuşa sərnişin helikopteri vurulmuşdu. Guya cədvəldəki səhvə görə öz vaxtında qalxmamışdı. Əslində isə Bakıdan Şuşaya sursat aparan helikopter Ağdama yanacaq üçün enir və sərnişin helikopteri qalxır. Ermənilərə sursat helikopteri haqqında məlumat çatdığından onlar sursatı vurmalı olduğu halda insanları qırmışdılar. Zabrat aerodomunda cildini dəyişmiş erməni qadınların işləməsinin nəticəsi idi bu faciə. Onlar bütün məlumatları ötürürdülər Ermənistana.
Ekipajdan əlavə 44 mülki vətəndaş da həlak oldu. Vertolyotda ayaqüstə duranlar da varmış. Bərdədə 105 saylı peşə məktəbində məskunlaşan Meşəli və Cəmilli qaçqınlarının Şuşa polis batalyonunda xidmət edən, həmin gün Kosalar kəndinə posta əvəzə gedən 4 döyüşçü də orda həlak oldular. Həmin döyüşçüləri dəfn üçün Bərdəyə gətirən gecəsi kişilərin başlarını yerə döydüklərini gördüm. Dövlət iflic olmuşdu sanki.
Səhər saat 7-dən sonra dayandım Ağdam- Bərdə yolunun ortasında. Bütün maşınları dəfnə qatılmağa çağırdım… Bu insanlara Bərdə camaatı mənəvi və maddi dəstək oldu. 3 nəfəri Bərdədə təzə saldığımız qəbristanlıqda dəfn etdik . Bir nəfəri isə atasının istəyilə Laçına yola saldıq. ”
Mənbə: http://femida.az
Comments are closed.