Tarixi Azərbaycan ərazisində bir çox vənglər və onlarla əlaqədar coğrafi adlar vardır. Misal olaraq Qarabağ ərazisində Vəng, Vəngli, Xuda-vəng, Həmşi-vəng, Gədəbəy ərazisində Əyri-vəng, İsmayıllıda Vəng, Naxçıvanda Qızıl-vəng, yenə də Qərbi Azərbaycanın Qarnıbasar mahalında digər bir Qızıl-vəng, Göyçə gölünün qərb sahilində digər bir Əyri-vəng, Göyçə gölündən şimalda, tarixi Qazax-Şəmşədil sultanlığı ərazisində Qoşa-vəng və o bölgələrdə Gədik-vəng, Xındırı-vəng, İlkə-vəng və d. nümunə kimi çəkmək olar.

Vəng sözü dilimizdə var olan çox qədim sözdür və orta əsrlərdə əsasən bəzi xristian məbədləri üçün işlədilib. Bu söz xristianlığın erkən çağlarında erməni dilinə də keçib kilsə-monastır kompleksləri üçün vank (վանք) şəklində tələffüz olunur. Ermənilər bu sözün ermənicə olduğunu şübhəyə almaq istəməsələrdə, əslində vəng sözü türkcədən onların dilinə keçən növbəti kəlmədir.

Qeyd edək ki, erkən dövrlərdən başlayaraq erməni dilinə türkcədən minlərlə söz keçmişdir. Vəng terminin türkcə olduğunu isbatlayan amillərdən biri də odur ki, ermənilər Göyçə gölünün qərb sahilində yerləşən Əyri-vəng monastır kompleksinə rəsmi olaraq Geqard (nizə, mizraq) adını vermişlər. Lakin xalq ağzında qaldığı üçün Ayrivank kimi də tələffüz edirlər. Eynilə Qərnibasar mahalındakı Qızıl-vəng kompleksinin erməni kilsə dilində Amenaprkiç (qurtarıcı, xilaskar) adlanır. Lakin xalq dilində türkcə Qızıl-vəng sözü unudulsun deyə hərfi tərcümə edərək Karmirvank (qızıl, ya da qırmızı vəng) şəklində qeydlərə salmışlar. Qazax-Şəmşədil sultanlığı ərazisində (Tavuş/Tovuz rayonu) Qoşa-vəngə gəlincə isə bu kompleksin mərkəzində bir Surb-Astvatsatin adlı kilsə, və iki yanında bir-birinə bənzər vəng olduğu açıq görünür. Bu səbəbdən də adının Qoşa-vəng olduğu bəllidir. 

Lakin erməni tərəfi dilimizdəki qoşa sözünə məhəl qoymayaraq monastır kompleksinin adını Mxitar Qoşla (Kosa Mxitar) əlaqələndirirlər. Bu kompleksin ermənicə rəsmi adı isə Nor-Getikdir (Նոր Գետիկ). Anlamı da yeni Getik deməkdir. Çünki rəvayətə görə Getik monastırı zəlzələ zamanı dağılmış, sonra da yenidən inşa edilmişdir. Maraqlı burasıdır ki, bu kompleksin türkcə digər adı orada yaşamış xalqımız arasında Gədik-vəng kimi keçir. Və baxdıqda görünür ki, bu kompleks doğrudan da dağ gədiyində inşa edilmişdir. Ermənlər isə, getik sözünün anlamını vermirlər, ya da verə bilmirlər. Ümumiyyətlə erməni dilində getik (գետիկ) sözü yoxdur. Yəni kompleksin iki adı da – Qoşa-vəng və Gədik-vəng türk dilində açıqlanır.

Yuxarıda göstərilən nümunələr göstərir ki, orta çağlarda Azərbaycan bölgəsində türk xristianlığı da mövcud olmuş və bir çox kilsə-monastır kompleksləri də bu səbəbdən xalqımızın dilində səsləndirilmişdir. Qeyd edək ki, ermənicə vank sözü ancaq rahiblərin yaşadığı monastır komplekslərinə aid edilir. Azərbaycan da isə vəng termini tarixən zəngi olan tağlı tikililərə, zəng qüllələrinə aid edilmişdir. Rus dilində bu termin звонница kimi işlədilir. Indi də vəng sözünün etimologiyasını gözdən keçirək. Ilk öncə onu bildirək ki, bu söz türk dillərində həm də beng, banq və digər bənzər fonetik şəkillərdə tarixi qeydlərə keçmişdir. Bu sözdən dilimizdə feil olaraq vəngildəmək – yazıq yazıq səs çıxarmaq, inilti (it üçün) və isim olaraq vəngilti – itin iniltisi (ADİL, IV c. səh. 479) sözləri yaranmışdır. 

Buna əlavə olaraq Türkiyə Anadolu dialektlərində veng – qırtlaqdan tütək səsi çıxartma; vengildemek, vengilemek, vengirdemek – 1. uşağın sızlaması, 2. itin iniltisi, zingildəməsi; vengirti – sızıldama (DS, XI s. 4095) kimi isim və feillər qeydlərə keçmişdir. 

Bundan başqa bu söz əski türkcə mətnlərdə banq və beng – ucadan sızlamaq, çığırmaq (DTS s. 81, 94) anlamlarında mətnlərdə keçir.

Maraqlı burasıdır ki, dilimizdə olan xoruz banlaması da əski və orta türkcədə banqlamaq kimi ədəbiyyata keçmişdir. Və artıq islam dövrünün ilk çağlarında müsəlman azan səsi ban, azan oxumaq isə banlamaq, ya da banqlamaq şəklində qeydlərə keçmişdir. Buna ilk olaraq Kitabi Dədə Qorqud dastanını misal çəkə bilərik. Orada “minarədə banqlayanda fəqih görklü”, bir də “saqqalı uzun tat əri banqladıqda (azan oxuduqda)”, cümlələri yer almışdır.

Qeyd edək ki, bu cür misallara orta əsr türkcə ədəbiyyatında rastlanır. Məsələn azan oxumaq anlamında ban(q)lamaq feili ərəb dilçisi Əbu Həyyan tərəfindən 1312 ildə yazılmış Kitâbü’l-İdrâk li Lisâni’l-Etrâk və XIV-XV əsrdə Əbu Mühəmməd ət-Türki tərəfindən qələmə alınmış Kitabü Bülqatül-Müştaq fi Lüğatit-Türk vel-Kıfçak kimi lüğətlərdə yer almışdır. Yenə də azan oxumaq anlamında benklemek şəklində Misir məmlükləri dövründə Əbul-Leysi Səmərqəndi tərəfindən qələmə alınmış dini məzmunlu Kitabi Müqəddimə əsərində qeydə alınmışdır.

Əlavə olaraq qeyd edək ki, qırğız folklorunda şərq ölkələrindəki zəngli məbədlər bandulu adlanır. Tuva və tofalar dillərində isə bonq/monq sözü zəng və təbil toxmağı kimi işlənir.

Yuxarıdakı misalları davam etmək olar, lakin bu örnəklər artıq vəng/beng sözünün gerçək anlamını açıq göstərir. Yəni görüldüyü kimi vəng/beng sözü inilti, sızıltı, zingilti, zınqıltı, çığırma, bağırma, çağırma, zəng çalma, səslənərək dini ayinlərə dəvət etmə kimi anlamlarda işlədilmişdir. Bu səbəbdən xristianlıq, Qafqaz Albaniyası dövründə vəng termini zəngi olan tağlara, qüllələrə aid edilmiş, islam dövründə isə azan oxumaqla əlaqələndirilmişdir. Yəni semantik baxımından hər iki halda dini ayinə dəvət olunma çağrışı anlamı vardır. Bunlara rəğmən əminliklə deyə bilərik ki, vəng termini dilimizdə Qafqaz Albaniyası dövründən də əvvəl yer almışdır. Bilindiyi kimi xristianlığın ilk III-IV əsrlərində kilsələrdə hələ zəng mövcud deyildi. Bu ənənə xristianlığa öncəki dinlərdən keçmişdir. 

Qeyd edək ki, zəng tağları, və kiçik ölçülü zənglər induizm, buddizm ayinlərində eramızdan əvvəlki dövrlərdən başlayaraq istifadə edilmişdir. Yəni zəng çalma ənənəsi bir çox qədim dini ayinlərdə mövcud idi. Qeyd edək ki, sikhizmə aid olan Suraxanı məbədinin dördkünc tağıın altında, yanan odun üzərində bir zamanlar zəng olmuşdur. Bu barədə mərhum tarixçimiz Sara Aşurbəyli tarixi sənədlərə əsasanaraq yazmışdır. Həmçinin qeyd edək ki, Azərbaycan ərazisndə qədimlərdən dördkünc tağlı od məbədləri yer almışlar. Arxeoloji tapıntılar da buna dəlalət edir. Amma bu məbədləri səhvən Zərdüşti dini ilə əlaqələndirirlər. Halbuki Zərdüşti dini məbədlərin (daxmaların) memarlıq üslubları fərqli idi. Bu dördkünc tağlı od məbədləri eramızdan əvvəlki dövrlərə gedib çıxır. Və əminliklə deyə bilərik ki, bu tağlı od məbədlərində zənglər də yer almış, və bu tikililərə xalq arasındsa vəng adı verilmişdir. Xalq arasında həm də ocaq deyilən bu məbədlərin ətrafında hər zaman zəvvarlar, ayin keçirən qamlar (kahinlər, şamanlar) üçün zaviyə şəklində yataq yerləri olmuşdur. 

Bu günə kimi Azərbaycanda bəzi ocaq yerlərində ziyarətə gələnlər üçün yataq yerləri mövcuddur. Bu da qədim bir ənənədir. Bilindiyi kimi Qafqaz Albaniyası ərazisində xristianlıq qəbul edildikdən sonra əski dini təsəvvürlərə qarşı qatı mübarizə aparılmışdır. Bu baradə Kalankatlı Musanın “Albanlar Tarixi” kitabında qeydlər vardır. Və əski dinə aid ocaqların yerində xristianlığa aid atributlar yerləşdirilmiş və zamanla da bu yerlər kilisə, xristian rahib monastırlarına çevrilmişdir. Amma zəngi olan tağlar, qüllələr vəng olaraq adlandırılmağa davam edilmişdir. Zamanla xristianlıq ayinlərindən uzaqlaşan Azərbaycan əhalisi arasında bu söz arxaikləşsə də bəzi bölgələrdə işlədilmiş və sızıltı, inilti anlamında qalmışdır. Erməni dili və ədəbiyyatı isə, bu sözün ilkin anlamını bilmədiyinə görə bu termini yalnız monastırlar üçün işlətmişdir.

Müəllif: Elşad Əlili,Qafqaz tarixi mərkəzi.

Comments are closed.