Bu gün, 12 yanvar 1908-ci ildə Azərbaycanda və bütün Şərqdə ilk opera – Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”-u tamaşaya qoyuldu. Azərbaycanda peşəkar milli opera tarixi bu tarixdən başlayır.
“Leyli və Məcnun” — Üzeyir Hacıbəyov tərəfindən 1907-ci ildə yazılmış ilk milli Azərbaycan operasıdır. Opera, Məhəmməd Füzuli tərəfindən XIV əsrdə yazılmış “Leyli və Məcnun” faciəsinin motivləri əsasında yazılmışdır. Bu opera təkcə ilk Azərbaycan operası olmayıb, həm də bütün İslam dünyasında ilk operadır.
“Leyli və Məcnun” operası müasir musiqi inkişaf etdirmə vasitələri və xalq incəsənətinin milli-orijinal xüsusiyyətlərinin sintezinin əsasını qoymuşdur. Zəngin folklor materialı (əsasən muğamlar və lirik mahnılar) əsasında qurulmuş bu opera, əsrlər boyunca toplanmış musiqi ənənələrinin beynəlxalq qəbul edilmiş musiqi incəsənəti formaları ilə ümumiləşdirilməsinə ilk cəhddir. Bu yolla da, not yazısı və solo vokal improvizasiyanı (muğam) birləşdirən muğam-opera janrı yaradılmışdır.
Operanın ilk səhnələşdirilməsi 12 yanvar 1908-ci ildə Bakı şəhərindəki Tağıyev Teatrında baş tutmuşdur. Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada məşhur olan klassik sevgi əfsanəsi əsasında yaradılmış bu əsər Azərbaycan mədəniyyətinin mirvarilərindən biri hesab edilir.
2008-ci ilin fevralında UNESCO Baş Konfransında ilk Azərbaycan operası olan “Leyli və Məcnun”un 100 illik yubileyinin UNESCO-nun xüsusi tarixlər siyahısına daxil edilməsi qərarı verilmişdir.
Comments are closed.