Məqalənin 1- ci hissəsinə keçid linki.
Məqalənin 2- ci hissəsinə keçid linki.
Bəlkə də, Azərbaycan tarixçilərinin XX əsrin 90-cı illərində verməsi gərəkən sualı tam 30 il gecikərək soruşmaq məcburiyyətindəyik. Bu sual belədir:
Necə oldu ki, Azərbaycan tarixçiliyində insan tarixin əşyasına çevrildi? Və ya biz hansı səbəbdən və nəzəri platformada tarixin obyekti halına gəldik? Yaxud da obyektiv tarixçilik anlayışı altında biz, hansı tarix anlayışının obyektinə çevrildik?
1970-ci ilin iyun ayında “Poetika və Hermeneftika” adlı araşdırma qrupunun V kolokyumunda alman filosof Yurger Habermas daha o tarixdə Avropada aktuallaşan insanın “tarix narahatlığı” sualını gündəmə gətirdi. Ona görə, müasir insan tarixi mənada 3 narahatlıq keçirir:
- tarix fəlsəfəsi narahatlığı;
- yaşayan və ölən tarix fəlsəfəsindən qaynaqlanan narahatlıq;
- tarixə bağlı intellektual kütlənin güclü varlığından qaynaqlanan narahatlıq.
Bu üç narahatlıq XX əsrdə betonlaşan iki tarix anlayışından qaynaqlanırdı:
- XVIII əsrin tarix fəlsəfəsi düşüncəsi
- XIX əsrin insanlıq tarixini qurulmasına istiqamətlənmiş cəmiyyət anlayışı.
“Modern Avropa” kimliyi orta əsrlərin tarix qaranlığından çıxarılan “cəmiyyət” anlayışı və “tarix ağlı” əsasında formalaşmışdır. “Cəmiyyət və tarix” və ya “Tarix və cəmiyyət” unversalizmi 1970-ci illərə qədər yaşadı. Bu illərdə, xüsusilə də 1968 böhranından sonra sturuktural anlayışların dağılması Y.Habermasın dilə gətirdiyi Qərbin tarix narahatlığını artırmağa başladı. Qərb sosial zehniyyətində meydana gələn böhran 200 illik tarix ağlının parçalanmasına, “de-konstruktiv” baxışların ortaya çıxmasına, müasir tarixi dilin çatallaşması, hətta çoxalmasına yol açdı.
Tarix ağlının iflası Sovet sonrası dünyada Qərb ənənəsinə olan bağların mühakiməsinə, inkişaf etmiş kapitalist “cəmiyyət”lərin bölünməsinə, qarşı-modernizmlərə, dünyanın siyasi qavranılmasına qarşı dünyanın alt-siyasi qavrayışlar tərəfindən təhlil edilib çoxaldılmasına, ictimai-siyasi demokratikləşmənin yerini ekoloji demokratikləşmə fikrinin almasına, qloballaşma ilə milli dövlətlər arasında yüzilliklərə söykənən burjuva ittifaqının sona çatmasına, II Dünya müharibəsi sonrasında hüquqiləşən partizan kimliklərin terorist kimliklər tərəfindən təhdid edilməsinə, bütün bunların nəticəsində Klaus von Beymenin ifadə etdiyi kimi “hər şeyin siyasi olduğu düşüncəsinin, hər şeyin iqtisadi və mədəni olduğu düşüncəsilə bütünləşə bilməməsinə” gətirib çıxartdı.
1970-ci ildə Qərb tarix ağlında meydana gələn böhran tarix anlayışından deyil, cəmiyyət anlayışından qaynaqlanırdı.
Müasir cəmiyyət anlayışı XVIII əsrdə formalaşdı. Bu anlayış fəlsəfənin ənənəvi “dünya nədir?”, “insan nədir?”, “həqiqət nədir?”, “bilik nədir”, “bir şeyi necə bilirik?” suallarına axtarışı tərk edib onun yerinə “bu günkü dünyada biz kimik?” sualını yerləşdirərək özünün nəzəri formatını aldı. O tarixdən sonra Kant, Fixte, Hegel, Nitsşe, Maks Veber, Husseri, Heydeger, Frankfurt məktəbi bu suala cavab verməyə cəhd etdilər. Bu sualı əvvəlkindən ayran başlıca fərq “maarifçilik” layihəsinin gündəmə gətirdiyi zaman olaraq “bu gün”ün mərkəzə yerləşdirilməsi idi. Bu zaman vurğusu Qərb və müasir düşüncə sistemində “mənlik texnikaları” deyilən uzun və dərin fikri silsilələrinin yaranmasının başlanğıcı idi. Bu yeni zaman axtarışı və onun üzərinə inşa edilən Qərb cəmiyyəti bütövlükdə tarixə baxışı dəyişdirdi. Artıq tarix salnaməçilərin, məlumat toplayıb onları alt-alta sadalayan vaqinaməçilərin, dünyanın uzun hekayəsini yazan kilsə və din adamlarının, saray müəlliflərinin qələmə aldıqları insanın dünyəvi-dini fəaliyyətlərinin keçmiş rəvayətləri olmaqdan çıxarıb, bu günün zaman-məkan müstəvisinə yerləşdirilən kimliklərin, mühakimə edilən, sosial-siyasi-mənəvi analizləri aparılan dünyəvi dəyərlərinin bütünü halına gəldi. Tarix, insanın ibtidai başlanğıcını əsas alaraq Qərbin “irəli və inkişaf” tempinə uyğun sadədən mürəkkəbə doğru hərəkət edən insanlığın, xalqların və dövlətlərin uzun praqmatik və determinist hekayəsini əks etdirməyə başladı. Öz özünü və öz dünyasını yaradan insanın (ələxüsus Qərbli insanın) bu uzun hakayəsində “bu gün”ə hakim olan (avropalı) kimliklər yaradıcı, ağıllı, mühakimə qabiliyyətinə malik zəkaya sahib millətlər olaraq tarix anlayışının mərkəzinə yerləşdirildilər. Beləliklə, dünya mədəniyyətinin aparıcı kimliyi olaraq avropalı insanın varlığı tarix ağlının təyin edicisi oldu.
Bu tarix ağlı reallığı, rasyonal-praqmatik doğruları əsas alan, təbiətin nizamını qavramış və onun ən ideal nümunəsi kimi bu günün zaman və məkan müstəvisində üstün, təyin edici, inkişaf edən və irəlləyən avropalı kimliyin aparıcı və dünyəvi dəyərlərin idarəedicisi olduğunu əks etdirirdi. “Avropa cəmiyyəti” anlayışını tarixin lokomativi olaraq əsas alan həmin tarix ağlı özünü yeganə “obyektiv tarix” elan etdi. Obyektiv tarixçilik demək, avropalı cəmiyyət dəyərlərini, kimliyinin qalıcı və hakim üstünlüklərini paylaşan rasyonal-praqmatik təməllər üstündə inşa olunmuş “avropalı ruhu”nun (Kant və Hegel) təbiət üzərindəki hegomoniyasını paylaşan tarixçilik deməkdir.
Çıxış nöqtəsi ədəbiyyat (şeir) olan bu kimlik, özünün maddi dizaynını fizik sahəsində aparılan kəşflərlə təsdiqləyərək “təbiətin ən ideal varlığı” olduğunu ortaya qoydu. Artıq ənənəvi kimliklərin tarixdəki yerini, böyük mədəniyyətlər yaratmış xalqların real əhəmiyyətini, ölkələrin coğrafi-strateji mahiyyətini Hobbsın iddia etdiyi kimi təbiətin sınağından çıxmış “qərbli insan zəkası” təyin edəcəkdir. Hötenin art-simvollar, Herbartın diferensiyal tənliklər və teoremlər, Müller, Gustav Fechner, Ernest Veber və Uliyam Vundtun hisslərin keyfiyyəti üzərinə XIX əsrdə aparılan saysız araşdırmalar və bu araşdırmların nəticələrinin Çek Jan Purkinje tərəfindən fizyologiyaya, Mişel Faraday tərəfindən fizkaya, Marx tərəfindən sosyologiyaya, Ranke tərəfindən tarixə, Ferdinand Brodel tərəfindən tarix-coğrafiyaya tətbiq edilməsi kimlik olaraq ideal “avropalı insan”ın yaradılması və həmin insanların ideal “cəmiyyət” çətiri altında “millətlətləşdirilməsi” tarix ağlın avropamərkəzli (evrocentric) görüntüsünü formalaşdırdı. Adına “nəzəriyyə” deyilən tarixə baxış “avropalı gözün” mərcəyindən hadisələri görməyi, təhlil etməyi və dəqiqləşdirməyi tələb edirdi. 1820-ci illərdən başlayıb XX əsrin əvvəllərinə qədər Avropada “göz” (nəzər) üzərinə aparılan araşdırmaların bolluğu, otrika, diorama, kaleydskop, streeoskop, fotoqraf, montaj, cinema (kino) sahəsindəki saysız təcrübələrin və kəşflərin məqsədi “avropalı nəzərin” həqiqətini əks etdirirdi.
Beləliklə, bir tərəfdən yanılmaz nəzərlərlə tarixə, dünyaya, xalqların keçmişinə baxan avropalı baxışı özünü obyektivləşdirərkən, digər tərəfdən də keçmişinə, kimliyinə baxdığı başqa xalqların varlığını tarixin obyektinə çevirirdi. Bir tərəfdə müşahidə iqtidarına sahib tarixi kimlik olaraq Qərb tarix ağlı formalaşarkən, digər tərəfdən də müşahidə olunan kimliklərin yaşadığı dünya təsəvvürü yaradılırdı. Obyektiv tarixçilik qərbli tarix ağlını nəzəri güc olaraq hüquqiləşdirərkən, bu anlayışa sahib olmayanları obyektiv zəka qabiliyyətinə sahib olmayan kimliklər olaraq damğalayıb onların bütöv tarixi kimliyini müşahidə obyektinə çevirirdi (Kant, Hegel, Marksın tarix nəzəriyyəsi kimi). Çünki, köhnə dini-mistik baxışlara məhkum olmadan özünün təbii-rasional varlığını isbatlamış, dünyanı olduğu kimi mühakimə etmək gücünə sahib tək ağıl “qərb ağlı” hesab olunurdu. Bu anlayış Avropanın texnolojik imkanlarının inkişafı ilə paralel irəlləyərək özünü dünyaya qəbul etdirməkdə heç bir çətinliklə qarşılaşmadı.
XIX əsrin ikinci yarısından etibarən Avropanın dünya qarşısındakı ana mövqeyi baxış və ya nəzəri formatda başqalarına öz birinciliyini qəbul etdirib, çıxış və xilas yolu olaraq digərlərində Avropanı təqib etmək hissini yaratmaq və bunu elmi-texnolojik isbatını gerçəkləşdirmiş bir kimliyi idiyalizə etməkdi. Bu ideal həyat tərzi “müasir” (modern) və yeganə həyat modeli olaraq ifadə edilirdi.
XIX əsrdə Rusiya, Osmanlı, Qacar, Çin, Yaponiya kimi güclər əvvəlcə siyasi-hərbi mənada ayaqta qalmaq uğrunda apardıqları mübarizədə “müasirləşmə”yə cəhd edərək, qərb texnologiyasını öz ənənəvi həyatlarına tətbiq etməklə xilas olacaqlarını zənn edirdlər. Lakin adları qeyd edilən və bir zamanlar dünyanın hakimi gücü olan Osmanlı və Minq kimi, onlardan heç də zəif olmayan və öz bölgələrinin hakim gücü hesab edilən Qacar, Yaponiya və Rusiya kimi dövlətlərin xilas olaraq seçdikləri Qərb texnologiyasını mənimsəmək və bu yolla özlərinin əvvəlki siyasi-hərbi üstünlüklərini qorumaq arzusunun Avropa elmi, məktəbləri, qurumları və nəhayətində həyat tərzi olmadan gerçəkləşəməyəcəyidir. Avropa öz texnolojik sirlərini bu dövlətlərlə paylaşarkən həmin güclərin zehniyyət, təlim-tərbiyyə, sosial nizam, kimlik olaraq Qərb ağlına məhkum olacaqlarını yaxşı bilirdi. Beləliklə, XIX əsrdə üç mənzərəli bir dünya səhnəsi şəkillənməyə başladı:
a). Bir tərəfdə texolojik, hərbi, siyasi və iqtisadi olaraq dayanmadan inkişaf edən Avropa dövlətləri;
b). Digər tərəfdə, onun üstünlüklərini qısqanan və ələ keçirməyə çalışan Osmanlı, Yaponiya, Rusiya kimi şərqli dövlətlər
c). Son olaraq da heç bir siyasi-mədəni və sosial reaksiya göstərmədən birincilərin müstəmləkəsinə və onların xammal ambarına çevrilən Amerika, Afrika, Asiya kimi ölkələr.
Birincilər ilə ikincilərin münasibətləri arasında müəyyən balanslar mövcud olsa da, birincilər ilə üçüncülər arasındakı münasibət tərzi güclü-zəif (Hegelin sahib-qul) diyalektikası şəklində tənzimlənmişdi. Birinciləri ən yaxşı halda kopyalayıb bütün sahələrdə olmasa belə ən azından hərbi-siyasi müstəvidə onlarla mübarizə aparacaq gücə sahib Rusiya və Yaponiya kimi dövlətlər bir tərəfdən öz ənənəvi sistemlərini qorumağa çalışarkən, digər tərəfdən də müasirləşmənin təsirlərindən xilas ola bilmirdilər. Misal üçün I Pyotr geyim tərzindən, saç və saqqala qədər bütün rus bürokratiya sinifini avropalılaşmağa məcbur edərkən, qəbul etdiyi həyat tərzini öz xalqı ilə paylaşmaq niyətində deyildi. Eyni anlayış Osmanlı və Qacarlar üçün də aktualdı. Bu dövlətlər bir tərəfdən politik olaraq müasirləşərkən, ictimai mənada ənənəvi formalarını qorumaqla öz daxillərində böyük sosial uçurum yaradırdılar. Bunda həmin ölkələrin xalqlarının avropalılaşmağa qarşı göstərdikləri sərt dini-mənəvi reaksiya da təyin edici idi. Yəni XIX əsrdə dünya xalqları üç tip həyat tərzi keçirirdi:
a). Bir tərəfdən Avropa dövlətləri müstəmləkələr yolu ilə əldə etdikləri iqtisadi və sisyasi üstünlüklərini yuxarıdan aşağıya doğru (elm, təhsil, maddi-məişət və s.) öz xalqlarına qəbul etdirərək onları cəmiyyət modelinə salıb ortaq milli adlar altında (fransız, ingiliz, alman və s.) kimlikləndirib ortaq tarixi hafizə inşa edirdilər;
b). Digər tərəfdən bir başa Avropa müstəmləkəsinə çevrilməsələrdə onların təsiri ilə həm Qərb texniki-elmi imkanlarını mənimsəməyə cəhd edir, həm də müasirləşməklə siyasi-idari maraqlarını qorumağa çalışırdılar. Lakin bunu, öz xalqlarını dini-ənənəvi qaydalarını pozmadan gerçəkləşdirməyə, əslində onları istismar edərək icra edirdilər;
c). Dünyanın digər xalqları isə müstəmləkə həyat şərtlərini paylaşdıqları üçün onları birləşdirən bütün mənəvi, sosial və əxlaqi dəyərlərini itirərdiklərindən, sadəcə, həyatda qalmaq mübarizəsi aparıdılar.
Dünyadakı iqtisadi təyinatların dəyişməsi, kapitalist iqtisadi münasibətlərin sisteminin hörümçək toru kimi dünyanı əhatə etməsi, ənənəvi iqtidarların təsirinin azalması, huqiqi yollarla öz nüfuzlarını klassik idarə sistemlərinə (monarxa, krala, knyaza və s.) qəbul etdirən burjuva kimliyinin güclənməsi sadəcə güc nisbətlərinin yerini dəyişmir, eyni zamanda zehniyyət qaydalarını da dəyişdirirdi. Yeni zehniyyət modelində “xalq-xaliq” modelinin yerini “ərazi-əhali”, mütləq iqtidar sisteminin yerini iqtisadi-siyasi idarəçilik, dini-mistik əxlaq qaydalarının yerini təbii-hüquqi etika alırdı.
Kapitalist münasibət sistemində insan təyin edici varlıq olduğundan insanın “bədən” olaraq dizaynı gərəkliydi. Yuxarda bəhs etdiyimiz “qərbli nəzəriyyəsində” “fərdi bədən həm tamaşaçı, həm özü üzərində ampirik araşdırmaçı və müşahidəçi, həm də teknolojik istehsalatın bir parçası idi”. Artıq insan dinlərdə, inanclarda, köhnə sosial sistemlərdə olduğu kimi bir şeyin parçası deyil, birbaşa içində yaşadığı “bu günün” dəyərlərinin istehsalatçısı və istehlakçısı idi. Müasir insan bir tərəfdən özünü yeni elmi anlayışlarla tərbiyə edir, öyrənir, müdafiə edərkən, bunun nəticəsində kapitalist sistemin bir nümayəndəsi olaraq üzünə açılan dünyada həyatın bütün sahələrində irəlləmək və inkişaf etmək haqqı əldə edirdi. Yeni həyat tərzində insan özü lokomativə çevrilmiş, tarixin baş aktyoru roluna sahib olmuşdur. İlahi nizamın və ədalətin təbəəsi olan insanın yerini, dünya nizamının yaradıcısı və qurucusu, hətta gərəkdiyində dəyişdiricisi olan insan almışdır. Onun üçün yeganə rasional dəyər dünya dəyərləri olub və bu dəyərlər elmi-fikri mənada qlobal mahiyyət kəsb edərkən, dini-mənəvi dəyərlər fərdi və vicdani səviyəyə salınaraq cahanşümul mənasını itirmişdi.
Avropanın feodal zehniyyətli qəbilələrini, icmalarını, saysız dildə və inancdakı qruplarını “xalq”, “millət” və “cəmiyyət” halına salan Avropa dövlətlərinin uzaq görənlikləri deyil, yeni münasibətlər sisteminin tələbatı idi. Yəni müasirləşmə Marxın iddia etdiyi kimi kapitalist sistemdə siniflər arası münasibətlərdən deyil, zehniyyətlər arası münasibətlərdəki ziddiyyətlərin nəticəsi olaraq öz səhnəsini yaratmışdı. Bu ziddiyyət tarix ağlına sahib yeni insan modeli yaradaraq öz reallığını hakim səviyyəyə gətirmişdir. Yeni insan modeli Avropada yarandığı üçün bütün insanlığın ortaq və yeganə dəyəri hesab olunurdu. Məsələ, Avropanın texniki, elmi, siyasi, hərbi gücünü əldə edib öz varlığını qorumaq deyil, Qərb zehniyyətinin yaratdığı insan olaraq və həmin zehniyyətin hakim olduğu dünyanın bir parçası olaraq yaşamaq idi. “Obyektiv” deyilən kimlik məhz bu zehniyyətin tələbi olaraq formalaşmışdı.
Bu mənada Şərq xalqları üçün problem Avropa elmi-mədəni-texniki inkişafının bir parçası olmaq deyil, əldə etdiyi bu inkişaf modeli içində özünü obyektiv bir varlığa çevirə bilməmək, yəni Qərb tarix ağlının qarşısında tarixin obyektinə, əşyasına çevrilməsi idi.
XIX əsrdən günümüzə qədər müsəlman maarifçiləri və ziyalıları öz xalqları adına ancaq sosial, mədəni, ictimai, texniki, hətta hüquqi inkişafı arzularkən, nə özlərini, nə də içində yaşadığı kimliyi obyektivləşdirməyi xəyal belə etmədilər. Osmanlı, iranlı, azərbaycanlı, orta asiyalı, çinli, hindli, erməni, gürcü maarifçilər və ziyalılar müasirləşməni və bir “millət” halına gəlməyi öz ənənəvi həyat tərzlərini, çürümüş sosial münasibətlərini, iflas etmiş dini-əxlaqi hisslərini, artıq zülm mexanizmasına çevrilmiş siyasi-bürokratik idarəetmələrini tərk edərək Avropa səviyyəsində inkişafa qovuşacaqlarını xəyal etdilər. Onlara qarşı çıxan və özünü yerli dəyərlərin muhafizəçisi elan edən dini qruplar belə inkişaf modeli üzərindən, yəni “texniki olaraq müasirləşmək, əxlaq olaraq özünküləşmək” düsturuna sadiq qalaraq sadəlöv bir mübarizə metodu izlədilər.
Belə olan halda XIX əsr şərqli maarifpərvərlər ordusu ilə (Mirzə Fəthəli Axundzadə, Həsən bəy Zərdabi, Cəmaləddin Əfqani, Namiq Kamal, Əli Suavi və digərləri) onların fikirlərinə qarşı çıxan üləma əslində eyni qorxu və ümidi paylaşırdılar. Yox olmaq qorxusu ilə yaşamaq ümidi arasında qalan və çıxış yolu olaraq “ya müasirləşməyi, ya da qədimləşməyi” özünə hədəf seçən bu cədidçi və qədimçilər vəya mirzələr və mollalar sinifi həqiqətdə plansız və proqramsız idilər. Onlar təqlid etmək və rədd etmək arasında bütün potensiyallarını xərcləməklə ya tarixin əşyasına, ya da tarixin inkarına çevrildilər. Maarifçilər tarixin əşyası olmağın önündəki maneləri qaldırmaq adına mübarizə apararkən, qədimçilər tarixin inkarına cəhd edərək bir-birlərinin və onlara qoşulan kütlələrin saf hisslərini xərclədilər.
Mübarizəni maarifçilər qazandılar. İstər milli, istərsə də Sovet İttifaqında olduğu kimi qeyr-milli mərkəzi hakimiyyətlərin nəzarətində olmalarına baxmayaraq XX əsr boyunca dünyanın bütün xalqları müasirləşdilər. Avropanın bütün texniki, elmi, mədəni, təhsil və təlimlərini ya bir başa, ya da ənənəvi yollarla qəbul etmələrinə baxmayaraq bu gün müasirləşmiş bir dünyada yaşayırıq. Lakin bütün hallarda (milli, dini, yerli və dünyəvi) müasirləşmə tək tərəfli aparılmışdır. Yəni Avropa xarici dünya müasir dövrə obyektiv tarixi kimliklər olaraq deyil, tarixin obyektləri olaraq qoşuldular. Yəni Avropa xarici dünya müasir mənada kimlikləşmədi, kimlikləndirildilər. Hətta islami dəyərlərini qorumaq iddiası ilə ortaya çıxan İran və Səudiyyə Ərəbistanı belə kimlikləndirilmiş bir islami anlayışı özlərinin varlıq səbəbi hesab etdilər.
1970-ci ildə Avropa kimliyində meydana gələn və Habermasın “tarix narahatlığı” dediyi proses 1990-cı ildən sonra bütün dünyanı öz təsiri altına almağa başladı. “İdeal müasir cəmiyyət” (kapitalist cəmiyyət, sosialist cəmiyyət, sosial-demokratik cəmiyyət, islami cəmiyyət və b. bütün bu cəmiyyət tərzlərinin hamısı bir mənalı olaraq özlərini ideal müasir cəmiyyət olaraq təbliğ ediridlər) anlayışının süqutu ilə tarix ağlı da böhrana qərq oldu.
Bu, süqut Avropa tarix ağlının müdafiəçiləri üçün dərin böhran və qayğı yaradarkən, bizə və bizim kimi millətlərə (xüsusilə də tarixçilərə) tarixi fürsət yaradmıştır. Məhz bu fürsətdən istifadə edərək özümüzü kimlik olaraq 200 ildir əsri olduğumuz “tarixin əşyası” olmaqdan xilas edə bilərik. Daha doğrusu bu gün biz bir diləma qarşısındayıq:
1.Ya obyektivləşdirilmiş bir tarix ağlın parçası olaraq və müasir inkişaf xəttini inkar etmədən öz kimlik dəyərlərimizin inşaasına cəhd etməliyik; 2.Ya da müasirləşmənin nəticəsi olaraq tarix ağlı müstəvisində tarixin obyekti olaraq qalmağa davam edib 1970-ci ildən bəri mərhələli olaraq Qərbli ağlın keçirdiyi dəyişikliyə qoşulmalıyıq.
Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Əkbər Nəcəf
Comments are closed.