XX əsrin əvvəllərində Şimali Azərbaycanda vəziyyət getdikcə gərginləşir, milli ayrıseçkilik kəskin xarakter alırdı. Çar Rusiyasının xüsusi xidmət orqanlarının və hakim dairələrinin təşviqi ilə ermənilər yerli türklərə(azərbaycanlılara) qarşı terror hadisələri törədir,silahsız və günahsız kəndlərə hücum təşkil edir və insanları yalnız türk və müsəlman  olduğuna görə öldürürdülər.

         Əsasən 1829-cu ildə kütləvi şəkildə İrandan və Türkiyədən Azərbaycana köçürülən minlərlə erməni ailələri yerli xalqın arasında kompakt məskunlaşır və getdikcə təşkilatlanırdılar. Onlar əsasən Qarabağ, İrəvan, Zəngəzur, Gəncə ətrafı torpaqlarda yerləşdirilir və çar hökuməti tərəfindən himayə olunurdular. O zamankı Rusiya hakim dairələri Qafqazda xristian dövləti yaratmaq,bu bölgənin İran və Türkiyənin təsir əhatəsindən çıxarmaq üçün dəridən qabıqdan çıxırdılar. Əsas məqsəd təbii ki yerli əhalinin say nüfuzunu azaltmaq və onlarla böyük müsəlman dövlətləri arasında bufer ölkə yaratmaq idi.Bu dəstəyi uzun əsrlər arzulayan ermənilər isə sürətlə silahlanır və bir ideya “türkləri bu torpaqlardan təmizləmək” uğrunda birləşirdilər.

 1905 – 1906 – cı illərdə erməni-müsəlman davası kimi tariximizə düşmüş hadisələr gəlib çatdı. Ermənilərlə yerli azərbaycanlılar arasında nifaq dərinləşdi və hər yerdə atışma səsləri eşidilməyə, hər yerdə qan izləri görünməyə başladı. Ölkənin dinc, silahsız türk insanı öldürülür və alçaldılırdı. Rus hakim dairələri isə bu haqsızlığa göz yumur və bir az da irəli gedərək hadisələri qızışdırır və erməniləri silahlandırırdılar.

         Belə ağır məqamda ölkəmizin adlı-sanlı ziyalıları başda Əhməd bəy Ağaoğlu olmaqla bir yerə toplaşdılar. Onları ümumi maraqlar birləşdirir və bütün güclərini erməni fitnəkarlığının qarşısını almağa cəmləşdirirlər. Nəticə də “Difai” (fars dilindən tərcümədə müdafiə) adlı milli-ideoloji təşkilat yaradılır. Təşkilatın məqsədləri aydın idi: Erməni qəsbkarlığının qarşısını kəsmək, nifaqı məqsədyönül şəkildə dərinləşdirən və bu məsələdə ermənilərin tərəfini tutan rus hakim dairələrini cəzalandırmaq və xalqın bütövlüyünü təmin etmək. Bir sözlə təşkilat əzilməkdə və məhv olmaqda olan millətimizin son anda xilaskarına çevrilməyi hədəf seçdi.

         Difainin yaranması

         Azərbaycan xalqının böyük oğlu, görkəmli mütəffəkir, ictimai-siyasi xadim, istər Azərbaycan Xalq Cümhuriyyətinin istəsə də Türkiyə Cümhuriyyətinin qurulmasında müstəsna xidmətlər göstərmiş, adına və əsərlərinə  70 il sovet dövründə panislamist,pantürkist damğası vurulmuş mübariz ziyalımız Əhməd bəy Ağaoğlu azərbaycanlılarla-ermənilər arasında gedən bu qanlı münaqişədən çıxış yolunu tapmaq üçün 1905-1906-cı illərdə Tiflisdə, Qafqaz canişini İ.İ. Vorontsov-Daşkovun yanına göndərilən doqquz nəfərlik nümayəndə heyətinin üzvlərindən biri olmuş və ermənilərlə danışıqlar zamanı Azərbaycan tərəfin ittihamçısı qismində çıxış etmişdi. Vorontsov- Daşkovla görüşdə erməni və azərbaycanlı nümayəndə heyəti barədə müfəssəl məlumat verən M.S. Ordubadi yazır:   “Hökumət tərəfindən bu məclisə tam nəzarət yetirən şəxslər: Qafqaz canişini cənab Vorontsov-Daşkov, Tiflis, İrəvan, Gəncə qubernatorları, canişin həzrətlərinin müavinləri, cənab Gəray, general Malama, general Şirnikin, kargüzar Peterson cənabları. Azərbaycan tərəfinin nümayəndələri: Bakıdan cənab Əhməd bəy Ağayev, Kərbəlayı İsrafil Hacıyev, Əlimərdan bəy Topçubaşov, Tiflisdən Məhəmməd ağa Vəkilov, Doktor Qarabəyov, Gəncədən Ələkbər bəy Xasməmmədov, Ədil xan Ziyadxanov və başqaları. Erməni vəkilləri: “Mışak” qəzetəsinin müdiri Kalantar, Tiflisdən: Xatisov, Samson Arutyunov, Bakıdan: Xatisov, Muşeksyan, doktor Stepanov, Arakelyan, Taqiyanusov,TerAvanesov, arximandrit Muradyan v ə başqaları”. (1) Bütün sülhsevər çıxışlarına və təkliflərinə baxmayaraq qarşı tərəfin və müşahidə edən tərəfin buna bir o qədər əhəmiyyət vermədiyini və inadkar davranışları ilə fərqləndiyini görən Ə. Ağaoğlu  ermənilərə və çar məmurlarına elə oradaca xəbərdarlıq etməkdən çəkinmir. O deyir: “Biz müsəlmanlar bu halətə davam etməyəcəyik və aşkar deyirik ki, hərgah işlər belə gedərsə, nə qədər Qafqazda belə terror dəstələri hökm edərsə, asayiş və təhlükəsizlik bərpa olunmayacaqdır. Biz sülh xatiri üçün məclisin diqqətini bu nöqtəyə cəlb edir və deyirik ki, Qafqazda olan mənsəb sahibləri və hakimlərin çoxu erməni terrorundan qorxub ədalət ilə, insaf ilə iş görmürlər”.Bu fikirlərini davam etdirərək Ə. Ağaoğlu Vorontsov-Daşkov qarşısında artıq tələb xarakterini alan məsələlər qoydu: “İndiki belədir,indi ki, bir müsəlləh partiya on beş ildən bəridir təşkil olunub və hökumət adamları bunu bilib də nəinki əlac etməyir, bəlkə onlarla həməqidədirlər, bizim  istər hökumətdən, istərsə də ermənilərdən belə bir partiyanın aradan götürülməyini təmənna etməyimiz faydasızdır. Biz ancaq özümüz öz əlacımızı etməliyik. Bizim də gərək mükəməl və müsəlləh partiyalarımız olsun. Bir hökumət ki, bir tərəfdən belə işlərə dözür, gərək o biri tərəfdən də dözə…”(2)

         Qurultay bitdikdən sonra bəlkə də vəziyyətin düzələcəyinə azda olsa ümid edən ziyalılarımızln ümidi növbəti dəfə puç oldu. Çünki 1906-cı ilin qış, yaz və yayında daşnaklar Şuşada və bütün Qarabağda, Naxçıvan və İrəvanda azərbaycanlılara qarşı qırğınlara başladılar. Dinc azərbaycanlı əhaliyə növbəti dəfə divan tutuldu. Belə məqamda milli ziyalılarımızın erməni terroruna qarşı anti-terror bir güc strukturunun yaratmalarından başqa çarələri qalmadı.  “Difai”nin fəal üzvlərindən biri,sonralar AXC-nin milli təhlükəsizlik naziri olmuş N.Şeyxzamanlı öz xatirələrində yazır: “Əhməd bəy Ağayev Gəncəyə gəldi və Cümə məscidində camaatla görüşdü. Camaat  ağzına qədər dolu idi və mən də orada idim. Əhməd bəyi ilk dəfə görürdüm. Ağaoğlu minbərin ikinci pilləkəninə çıxaraq, xalqa müraciət etməyə başladı: “ Möhtərəm gəncəlilər, türklərlə ermənilər arasında baş verən son hadisə hamımızı pərişan etdi. Nə müsəlmanlıq, nə də insanlıq belə vəhşi hərəkətə razı ola bilməz. Bu hadisə nədən oldu, nə üçün oldu, səbəbkarı kimdir, deyə tədqiq və müzakirəyə başlasaq, heç bir nəticə əldə edə bilmərik. Türklər və ermənilər olub keçənləri unutmalıdırlar. Onlar bilməlidirlər ki, yer üzündə Allahın yaratdığı nə qədər vəhşi və yırtıcı heyvan varsa, başqa heyvanları parçalasa da öz həmcinslərinə toxunmurlar. Nə qədər ağır olsa da, bildirməliyik ki, vəhşi heyvanların etmədiklərini insanlar edir. Çar üsul-idarəsindən əsrlərlə əvvəl Qafqazda türklərlə ermənilərin dost və yaxşı qonşuluq münasibətində yaşadığını unutmaq olmaz. Tarixdə bu naqis hadisəyə oxşar heç bir hadisə qeydə alınmamışdır” O vaxt gizli təşkilatımız ilhamını bir neçə məşhur millətpərvərlərimizdən alırdı.Bunların başında Ələkbər bəy Rəfıbəyli, Ələkbər və Ələsgər Xasməmmədli qardaşları, Nəsib bəy Yusifbəyli, doktor Həsən Ağaoğlu dururdu. Onlar camedəki bu görüşdən sonra, Əhməd bəy Ağaoğlunu axşam yeməyinə dəvət edərək, onunla geniş söhbət edirlər. Azərbaycan xalqının gələcəyi qaranlıq olduğu və irəlidə ruslar ermənilərin əli ilə bir pislik edə biləcəklərini nəzərə alaraq, xalqı yenidən təşkilatlandırmaq lazım idi. Bu təşkilatlanma vasitəsilə rus hökuməti ilə mübarizə etmək və ruslara anlatmaq gərək idi ki, biz asanlıqla istismara baş əyməyəcəyik. Rusların gözünü qorxutmaq üçün bir gizli terror komitəsi qurmağa, gizli firqənin «Difai» firqəsi deyə adlandırmaq qərara alınır. Az keçmədən «Difai» firqəsinə möhür hazırlamır.(3)

 Tanınmış ictimai-siyasi xadim, professor Vilayət Quliyev özünün “Son illərin yazıları” əsərində Əhməd bəy Ağaoğlu barədə bəhs edərkən yazır: “1905-ci ilə qədər daha çox “ söz adamı” kimi tanınan Əhməd Ağaoğlu “zamanın dəyişdiyini”, ermənilərin xəbis niyyətlərini artıq siyasi təşkilatlar və silahlı dəstələr vasitəsilə həyata keçirdiklərini görərək, adekvat qərar qəbul etdi. Qılıncla gələn qılıncdan ölməli idi. Quldurla onun öz dilində danışmaq lazımdı. Xalqı təşkil etmək, silahlandırmaq, ona şərəf və namusunu, evini və yurdunu əldə silah qorumağı öyrətmək lazım idi. Bu işlərin öhdəsindən yalnız qəzetlərdə məqalələr yazmaqla gəlmək mümkün deyildi. Mütləq siyasi qurumlar yaratmaq, xalqı onların ətrafında toplamaq, birliyə nail olmaq tələb edilirdi.”(4)

Beləliklə Azərbaycan xalqının sözün həqiqi mənasında mənəviyyat sarıdan  alçalmasının, fiziki  cəhətdən məhv olunmasının qarşısını  almaq üçün “Difai” adlı etno-siyasi müdafiə təşkilatı yaradılaraq  mübarizə proqramı qəbul edildi. “Difai”nin 1912-ci il 16 mart tarixində Qafqaz canişinliyinin arxivindən tapılmış və hal-hazırda Bakıda yerləşən arxivdə mühafizə edilməkdə olan Bəyannaməsində yazılır: “Mütəşşəkil hərbi qüvvəyə malik, eyni zamanda, yəni silahlarla, hətta toplarla təchiz edilmiş Daşnak partiyası, bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökümətini özünə tabe edib ən ümdə məqsədinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil bir dövlət yaratmaqdır. Bizim partiyanın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır.Hərgah Daşnak partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa,bitməz-tükənməz bir qanlı səhnə halına düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxlik qurmasına yol vermərik”

         Bəyannamədən də göründüyü kimi, bu təşkilat erməni terrorunun qarşısını almaq, bu iki xalqın arasında sülhü təmin etmək, lakin eyni zamanda müdafiə barədə də düşünmək və istənilən düşmən qarşısında aciz qalmamağı əsas prinsip hesab edirmiş. Belə ağır yükü üzərinə götürən xalqımızın böyük ziyalıları və milli ruhlu bəyləri Əhməd bəy Ağaoğlu, Ələkbər bəy Rəfibəyli, Xəlil bəy Xasməmmədov, doktor Həsən bəy Ağayev, Şeyxülislam Molla Məhəmməd Pişnamazzadə, Kərim bəy Mehmandarov, Mirzə Məhəmməd Axundzadə, Mirzə Cavad, İdris Axundzadəylə birlikdə təşkilat çevik fəaliyyətə başlamağa qərar verir.  

 “Difai”nin mənəvi gücü və “panislamizm”də təqsirləndirilən Ağaoğlu

         “Difai”nin mübarizə meyarlarında əsas diqqəti cəlb edən müddəalardan biridə bu təşkilatın Azərbaycan xalqının mənəvi birliyinə nail olmaq istəyi və bu birlikdən yaranan gücdən düşmən qüvvələrə qarşı istifadə etmək cəhdi idi. Həmin dövrdə milli təəsübkeşliyə əsasən dini tərəfdən baxıldığı və xalqın dini hissləri mühafizəkar olduğu üçün niyə də bu mühafizəkarlıqdan mütəşşəkil istifadə    edilməməliydi. Məhz buna görə də, Azərbaycanın demək olar ki, bütün qəzalarında fəaliyyət göstərən bu təşkilat tezliklə sayı minlərlə ölçülən ciddi güc təmayüllü milli partiyaya çevrildi. Möhüründə tiyəsi yuxarı olan iki çarpaz qılınc və aypara təsvir olunan təşkilatın mübarizəsində xalqın gücündən qaynaqlanmaq və burada mənəvi birlikdən yararlanmaq əsas götürülürdü. Məsələn bildiyimiz kimi, aypara İslam xalqları tarixində xüsusi əhəmiyyətə malik bir rəmz qəbul olunduğu və ay ulduzun xristianların xaçına qarşı bir ideoloji simgə hesab olunduğu üçün “Difai” də öz möhüründə bundan istifadə etmiş və bununla mübarizənin müsəlmanların haqq mübarizəsi olduğuna diqqət çəkmişdir.

         Lakin “Difai” digər xristanlara qarşı deyil məhz erməni qəsbkarlığına və qarətçiliyinə qarşı müsəlmanların duruş gətirməsini təmin etmək üçün yaradıldı. Ermənilərin terror hücumlarına qarşı birləşmk cəhdlərini panislamizm kimi qələmə verənlər kifayət qədər idi. Bu cür hədyanlar söyləyən və müsəlmanları panislamizmə yuvarlanmaqda ittiham edən və bununla öz dəhşətli cinayətlərini ört-basdır etməyə cəhd göstərən ermənilərə ən doğru cavabı həmin illərdə Rusiya İmperiyasının Osmanlı Turkiyəsindəki konsulu olmuş V.Mayevski vermişdir: “Doğrudan da, fərz edək ki, Qafqazda panislamizm ideyaları güclü inkişaf etmişdi. Lakin onda hec cür başa duşmək olmur ki, nə ücün tatarların bu ideyaları yalnız və yalnız ermənilərə qarşı savaş və qarətlərdə təzahur edir, Qafqazın digər xalqlarını kənarda qoyur? Belə olan təqdirdə ən cox əziyyət cəkən rus elementi olmalı idi, panislamizm ideyaları ilk novbədə bu elementə qarşı mubarizə aparmalıdır. Lakin həqiqətdə buna oxşar hec bir şey aşkar etmək olmamışdı. Nə ucun tatarlar gürcülərə toxunmamışlar?… və nə ucun panislamizmin qurbanları yalnız və yalnız ermənilər olmuşlar?…” Problemlə bağlı əsaslandırılmış suallar qoyan konsul əlbəttə ki, ermənilərin hücumlarından qorunmaq üçün yerli müsəlman əhalinin təşkilatlanmaq cəhdini panislamizm kimi qələmə verən erməni siyasət alverçilərinə haqlı olaraq hiddətini və etirazını bildirir.” (5) Mayevskinin elə təkcə bu qeydləri “Difai” nin yaranma səbəblərinin bir cavabı kimi qiymətləndirilməlidir.

         “Difai”nin bir sıra komitələri yaranmışdı.  Xalqımızı mənəvi uçuruma deyil, mənəvi birliyə səsləyən təşkilatın  ən fəal və çoxsaylı üzvlərindən ibarət komitələrindən biri də Gəncə komitəsi idi. Komitəyə Gəncə kişi gimnaziyasının hüquq müəllimi axund Məhəmməd Pişnamazzadə rəhbərlik edirdi. Baxın əsas hərəkat mərkəzi Gəncə və əsas rəhbərlik edən şəxs din xadimi idi. Səbəb təbii ki, din amilindən faydalanmaq və ermənilərin terror hücumlarına qarşı yerli müsəlmanların birliyini təşkil etmək və burada onların mübarizəsində dinin Vətəni qorumaq barədə qarşıya qoyduğu vəzifələri xalqa bir növ xatırlatmaq hədəf kimi götürülürdü. Bu baxımdan axundun bura təyin olunması həm də uğurlu bir ictimai nümunə də sayıla bilərdi. M.Pişnamazzadənin əsas silahdaşları isə digər komitə üzvləri Ə. Rəfibəyli, H. Usubbəyov, Ə. Xasməmmədov, M.Ə. Rəfiyev, M. Qazıyev, Molla İsmayılzadə, Q. M. Həmzəyev və başqaları idilər.

  Tiflis Quberniya Jandarm İdarəsinin rəisi podpolkovnik Başinskinin partiyanın uzvləri haqqında 31 oktyabr 1909 -cu il tarixli məruzəsində Pişnamazzadə haqqında ətraflı məlumat verilir. Məruzədən aydın olur ki, “Difai” partiyasının Yelizavetpol komitəsinin sədri Axund Molla Məhəmməd Pişnamazzadə (1853-1937) olmuşdu. O, ruhani rutbəsini 1883-cu ildə Tiflisdə almışdı. 1892-ci ildə Gəncə Cumə Məscidinin baş qazisi təyin edilmişdi. 1900-cu ildə Pişnamazzadə İranın və Turkiyənin xeyrinə təbliğatda ittiham edilərək Türküstana sürgün olunmuşdu. 1906-cı ildə Gəncənin baş qazısı secilmişdi. (6) Polis məlumatlarında Pişnamazzadəni bir şəxsiyyət kimi səciyyələndirən maraqlı məlumatlar qalmışdı. Məsələn, 1912-ci ilin fevral ayında tərtib edilmiş belə məlumatların birində yazılmışdır: “Musəlman aləmində o, əsas və gorkəmli ictimai xadimlərdən biri hesab edilir. O, Qafqaz diyarı hüdudlarında müsəlman usuli-cədid məktəblərinin, kitabxanaqiraətxanaların və muxtəlif xeyriyyə cəmiyyətlərinin yaradılmasının təşəbbuscusudur. Öz əsərlərində, məqalələrində və ictimai yerlərdə söylədiyi nitqlərində o, müsəlmanları birləşməyə və milli tayfa davalarına son qoymağa çağırırdı. Pişnamazzadə öz baxışlarına görə mütərəqqi müsəlman və eyni zamanda yüksək dərəcədə dindar, ciddi adamdır, müsəlman ruhaniləri arasında və cəmiyyətdə görkəmli mövqeyinə müvafiq olaraq qapalı, sadə və ayıq-sayıq həyat tərzi kecirir. Heç bir əyləncə yerinə getmir, kübar dairələrdə dolaşmır. Bac-xərac və ruşvət almaqla məşğul olmur, cünki bunlar onun xalq xadimi və idealist əqidələrinə ziddir və ümumiyyətlə onun xarakterinə yabancıdır”. (7)

  Bir neçə ildən sonra “Difai”nin əsas simalarından biri hesab olunan axund Pişnamazzadə rus imperatoru tərəfindən rəsmən Qafqaz musəlmanları şiə ruhani idarəsinin şeyxulislamı vəzifəsinə təyin edilir.  Bu, axundun Yelizavetpol (Gəncə) quberniyasında böyük nüfuz sahibi olmasına dəlalət edirdi.

            1905-ci ilin iyun ayından Əhməd bəy Ağayev “Həyat” qəzetini nəşr edir. O, “Həyat”ın birinci nömrəsində dərc edilmiş proqram xarakterli məqalədə yazırdı: “Əgər biz irəli getmək istəyiriksə və həyat qüvvəsinə malik olan millət olmaq istəyiriksə, ilk növbədə müsəlman olaraq qalmalıyıq. Bizim ir əliyə doğru hərəkətimiz, həyat şəraitimizi yaxşılatmaq səylərimiz islam qanunları ilə birləşdikdə uğurlu ola bilər”. Təsadüfi deyil ki, senzur komitəsinin yüksək vəzifəli məmurları qəzeti və onun redaktorunu “panislamist ideyalarının qızğın tərəfdarı”, “bütün müsəlmanların xəlifəsi kimi ad çıxarmış Türkiyə Sultanının nüfuzunu və qüdrətini artırmaq tərəfdarı” kimi qələmə vermişdilər. Digər tərəfdən “Həyat” qatı panislamizmdə təqsirləndirilir, bildirilirdi ki, bu mətbu orqanda ermənilər əleyhinə aparılan təbliğat nəticəsində Qafqazda müsəlman fanatizmi şiddətlənəcək, erməni fobiyası güclənəcəkdir. Xüsusi vurğulanırdı ki, “İslamın saflığı və toxunulmazlığı” ideyalarını təbliğ edən Ağayev çarizmə və ruslara qarşı barışmaz mövqe tutur. (8)

 Göründüyü kimi, bu mübarizənin əsas mahiyyətində milli və dini xətt seçilir və regionun türk-müsəlman əhalisinin mənəvi həmrəyliyini canlandırmaqla erməni terror hücumlarına qarşı mütəşşəkil mübarizə əsas götürülürdü.

“Difai”nin antiterror faəliyyəti

         “Difai”nin Daşnaksütyunun mürtəce fəaliyyətindən fərqi o idi ki, təşkilat ilk növbədə hücuma məruz qalan və hüquqları tapdalanan yerli müsəlman əhalinin birlik-həmrəylik arzularının ifadəsindən yaranmış, müdafiəni başlıca şərt kimi qəbul etmiş və erməni-azərbaycanlı münaqişəsini alovlandıran və bu münaqişədə birtərəfli mövqe nümayiş etdirən bir sıra çar məmurlarını cəzalandırmağı hədəf götürmüşdü.  Hətta həmin dövrdə mövcud olmuş partiyaların coxundan fərqli olaraq, “Difai” partiyası xalq kütlələrinin icərilərinə nufuz etməyə, xalqın ən fəal elementlərini öz sıralarına cəlb etməyə, oz fəaliyyəti ilə butun Yelizavetpol quberniyasını, qismən də Bakı və İrəvan quberniyalarını əhatə etməyə müvəffəq olmuşdu. Professor Eldar Əzizov yazır ki, Yelizavetpol qubernatoru etiraf etməyə məcbur olmuşdu ki, partiya ağıllı, ehtiyatlı, ardıcıl, namuslu və səmimi insanların əlindədir, onun Mərkəzi Komitəsinə Əhməd bəy Ağayev rəhbərlik edir. Yenə də həmin qubernatorun sözlərinə görə, partiya qısa müddətdə böyuk nüfuz və şöhrət qazanmışdır, əhali ona etibar edir və onun üzvlərini hökumətdən səylə gizlədir. (9)

         Bu baxımdan təşkilat ədalətli mühakiməni bacarmayan çar üsul-idarəsinin əvəzinə ədalətli cəsa üsulları ilə günahkarları cəzalandırmaq və xalqımızın həmin dövrdə düçür olduğu fiziki və mənəvi fəlakətdən çıxış yolu axtarmağa çalışırdı.

         Bu axtarışın sonu şübhəsiz ki, konkret addımlarsız qalmadı. Tezliklə “Difai” xalqının düşmənlərini ehtiyatla aradan götürməyə başladı.

         Təşkilatın yarandığı gündən etibarən törətdiyi ən iri siyasi terror aktı şübhəsiz ki, general-qubernator Qoloşşapovun və onun dəftərxana müdiri Kleşşinskinin öldürülməsi olmuşdur.Tiflis Quberniya Jandarm İdarəsinin rəisi Başinskinin 21 oktyabr 1909 -cu il tarixliməruzəsindən göründüyü kimi Qoloşşapovdan narazılığa səbəb 1905-1906-cı illərin erməni-azərbaycanlı münaqişələri dövründə onun müsəlmanlara ziddhərəkətləri ilə əlaqədar olmuşdur. Başinski yazır: “1906 –cı il avqust ayında Bakıdan Şuşaya gələn Əhməd bəy Ağayevin orada cağırdığı yığıncağın iştirakcıları siyasixarakterli, odlu-alovlu nitqlər soyləmiş, müsəlmanları hokumətə və hakimiyyət orqanlarına qarşı cıxmağa cağırmışdılar. Ağayev, doktor Kərim bəy Mehmandarovvə başqaları deyirdilər ki, müsəlmanlar rus hökumətinə hələ də sadiqdirlər, hokumətin həmin sədaqətə cavabı isə bu olmuşdur ki, general Qoloşşapov erməni hampaları iləəlbir olaraq tatarlara qarşı cıxmış, onların evl ərini dağıtmış, minlərlə musəlman ac-yalavac qalmışdır və s. Yığıncaqda general Qoloşşapovun hərəkətlərindən narazılıq və tam anlaşılmazlıq ifadə edilməsi və canişindən onun geri cağırılması barədə xahiş olunması məsələsi qoyulmuşdur. Bundan az sonra Şuşada Qoloşşapova qarşıcağırışlar səsləndi”.(10) Beləcə generala edilən xəbərdarlıqlar öz bəhrəsini görmədiyi üçün onun üçün ağır sonluqla nəticələndi. Qoloşapov öldürüldü. Bundan sonra onun əsas köməkçisi, sabiq dəftərxana mudiri Kleşşinski hədəfə alınır. Onu ölüm cəzasına Şuşa komitəsi məhkum etmiş, antiterror aktının icrası isə A.M.Pişnamazzadənin başcılıq etdiyi Yelizavetpol komitəsinə həvalə edilmişdi.

         Bu əməliyyatlardan sonra “Difai” bir necə qəzet redaksiyasına özünün möhürü ilə proklamasiyalar gondərmiş və N. Şeyxzamanlının  qeyd etdiyi kimi bu iki qətl hadisəsi Rusiya hokumətini sarsıtmış və “onu daha ağıllı olmağa məcbur etmişdi. Coxsaylı axtarışlara və hətta “Difai” partiyasının üzvlərindən heç olmasa bir nəfərini hökumətə təslim edəcək şəxsə 50000 manat qızıl pul məbləğində mükafat ayrılmasına baxmayaraq o vaxt “Difai” partiyasının üzvlərini tapmaq mümkün olmamışdı . Bu həmdə ona görə çətin idi ki,  “Difai”nin üzvləri arasında çar hakimiyyəti orqanlarında işləyənlər də vardı. Onlardan biri polisdə katib və tərcüməci vəzifəsində işləmiş Sədrəddin adlı şəxs idi. Məhz onun sayəsində məlumat alınmışdı ki, Molla Hadı oğlu adlı bir şəxs tez-tez polisə gəlir. Aparılmış təhqiqat nəticəsində müəyyən edilmişdir ki, Molla Hadı polisin xəbərcisi olmuşdur. Bundan sonra partiya bir muddət oz fəaliyyətini dayandırmağa məcbur olmuş, Molla Hadı isə ölüm cəzasına məhkum edilmişdi. (11) Daha bir anti-terror məqsədli əməliyyatlardan biri də 1906-cı ilin dekabr ayında Naxcıvan qəzasının keçmiş rəisi podpolkovnik Engelin difaiçilər tərəfindən öldürülməsidir. 1906-cı ildə Naxcıvanda erməni-azərbaycanlı munaqişələri zamanı Engel  Azərbaycan kəndlərinin talan olunmasında şəxsən iştirak etmişdi. Bu barədə hətta böyük yazıçımız M.S. Ordubadi də yazır. O qeyd edir ki, “polismeyster Engil  könüllü döyüşən cavanları qan tökməyə və quldurluqa təşviq edirdi. (12)

 1907-ci il iyulun 11-də Yevlax stansiyasında jandarm Jukov öldürüldü. O, həmin dövrdə sanballı mukafat müqabilində silah daşınmasına və silah alverinə şərait yaradır, silah daşıyanların şəxsiyyətini muəyyən edir və onların barəsində müdiriyyətə məlumat verirdi. Bu aksiyaların məqsədi Azərbaycanın şəhər və kəndlərinə təcavüzkar hücumları dəstəkləmək, yerli etnosu öz tarixi torpaqlarından sıxışdırıb cıxarmaq idi. Bundan əlavə, “Difai”nin öz xalqına xəyanətdə, müsəlmanlara zərər vuran hərəkətlərdə ittiham etdiyi şəxslər də onun qurbanları olurdu. Partiyanın proqramına uyğun olaraq, özlərini müsəlmanların rəhbərləri hesab edən, əslində isə xalqın məhvi ucun calışan ağaların aqibəti ağır olacaqdır. Partiyanın qılıncı daim onların cinayətkar başları üzərində asılacaq və onların bütün əməllərinə görə amansızcasına qisas alınacaqdır”.  “Difai”nin Şuşa komitəsinin qərarı ilə 1907-ci il mayın 1-dən 2-nə kecən gecə Şuşa şəhər sakinləri Muxtar Kərbəlayı Cabbar oğlu və onun oğlu Rəhim Muxtar oğlu qətlə yetirilmişdir. Onlar ermənilərin xeyrinə casusluqda ittiham edilirdi. Tiflis Quberniya Jandarm İdarəsinin rəisinin Yelizavetpol quberniyasındakı koməkcisinin 14 dekabr 1903-cu il tarixli məlumatında bildirilir: “Muxtar Cabbar oğlu cox pis ad cıxarmışdı və həm Şuşa şəhərinin, həm də qəzanın butun xadimləri onu “əclaf Muxtar” kimi tanıyırlar”. (13)

         Bütün anti-terror aktlarında  “difai”çilər bəyanatla çıxış edir, məsluiyyəti öz üzərilərinə götürürdülər. Mətbuata ötürülən bu bəyanatlarda bu qətllərin səbəbi izah edilir və şübhəsizi ki, müsəlman-türk əhaliyə qarşı məqsədyönlü şəkildə siyasət aparanların hamısı eyni aqibətlə hədələnirdi. Məsələ burasındadır ki, bu anti-terror fəaliyyətdən sonra xalqımıza qarşı regionda qırğın və talanlar xeyli səngimişdi. Yəni təşkilat bir növ missiyasını başa vurmuşdu.

 1908-ci ilə qədər “Difai”nin fəaliyyəti o qədər geniş miqyas almışdı ki, Azərbaycan qəzalarında car hakimiyyəti orqanlarının movcudluğuna təhlukə yaranmışdı. Partiya üzvlərinə qarşı repressiyalar başlanmışdı. Qafqaz canişini

ozunun 4 mart 1908-ci il tarixli fərmanı ilə “Difai” partiyasının ləğv edilməsi barədə tapşırıq vermişdi.  Yelizavetpol general-qubernatoru Q.Kovalyov cavab məktubunda yazmışdı ki, cari ilin mart ayında bu partiya tamamilə ləğv ediləcəkdir. Lakin bu planların həyata kecirilməsi ucun qubernator ilk növbədə partiyanın Bakıdakı mərkəzi komitəsinin ləğv olunmasını təklif edirdi, cünki təkcə ona etibar edilmiş Yelizavetpol quberniyasında partiya qismən ləğv ediləcəyi halda Bakıdakı mərkəzi komitə partiyanın öz funksiyalarına xitam vermiş bölmələrini bərpa etməyə calışacaqdır. Buna görə də qubernator “Difai” partiyasının movcudluğuna birdəfəlik xitam vermək məqsədilə başda mərkəzi komitənin sədri Əhməd bəy Ağayev olmaqla Mərkəzi Komitənin heyətini Zaqafqaziya diyarı hududlarından cıxarmaq ucun”

icazə istəyirdi.(14)  Beləcə  Qafqaz canişininin 1908-ci il 4 mart tarixli fəramı ilə partiya ləğv edildi. Repressiyalara məruz qalan əsasən Ə.Ağayev oldu. Ə. Ağaoğlunun təsisçi olduğu qəzetlər bağlnadı, özü isə  təqiblərdən güclə qurtularaq Türkiyəyə mühaciərət etdi. Digər  “Difai”çilərin əksəriyyəti isə həbs olundular. Məlum məsələdir ki, onun getməsi ilə təşkilatın fəaliyyətində də  tənəzzül başladı. Repressiyalar faktiki olaraq partiyanın əsas simalarının getməsi ilə nəticələndiyindən onu əvvəlki görkəminə qaytarmaq mümkün olmadı. Lakin 1917-ci ilə qədər partiya passiv də olsa öz fəaliyyətini sürdürürdü. Xüsusilə həmin dövrdə görkəmli ziyalılarımızın irəli atılması və Azərbaycanın taleyüklü məsələlərinin həllində göstərdikləri qətiyyət “Difai”nin xalqımıza olan ümidlərini yenidən canlandırdı. Bu ümidlər xüsusilə Rusiya fevral inqlabından sonra reallığa çevrilməyə başladı. Azərbaycan Milli Ensiklopediyasında bu barədə yazılır: “Azərbaycanda inqilabın ilk ayları müxtəlif siyasi cərəyanların, partiyaların, sosial təbəqələrin, Müvəqqəti hökumətə etimad göstərməsi və onu müdafiə etməsi ilə səciyyələndi. Bu dövrdə bolşevik, menşevik, eser partiyalarının komitələri leqal fəaliyyətlərini bərpa etdilər. Fevral inqilabının qələbəsindən sonra, “Müsavat” partiyası geniş siyasi-təşkilati fəaliyyətə başladı.Artıq 1917 – ci ilin payızında “Müsavat” Azərbaycanda milli-demokratik hərəkata başçılıq edən, sinfi və sosial mövqeyindən asılı olmayaraq cəmiyyətin müxtəlif təbəqələrini öz arxasınca aparan güclü siyasi partiyaya çevrildi.”(15)

         Beləliklə “Difai”nin fəaliyyətinə xitam verilməsinin dəqiq tarixi barədə tarixşunaslıqda vahid fikir olmasa da M.B.Məmmədzadə və H.Baykara qeyd edirlər ki, “Difai” partiyası öz mövcudluğuna 1908-ci ildə xitam vermişdir. X.Məmmədov isə belə hesab edir ki, partiya öz fəaliyyətini 1909-cu ildə dayandırmışdır. Difaicilərin coxu sonradan 1911-ci ildə yaradılmış Müsavat partiyasına daxil olmuşlar. Lakin “Açıq söz” qəzetinin 13 oktyabr 1917-ci il tarixli nömrəsində belə bir məlumat verilmişdi ki, Azərbaycan siyasi partiyalarının Gəncədə kecirilmiş müşavirəsində “Nicat” və “Difai” partiyalarının uzvləri “Müsavat” sıralarına daxil olmuşlar, cünki bu partiyaların proqramları oxşardır.” (16) Deməli təşkilat hələ 1917-ci ilə qədər fəaliyyətini sürdürmüş və proseslərdə iştirak etmişdir. Sonda isə həmin dövrdə ən böyük siyasi partiya hesab olunan “Müsavat”la birləşmişdir.

         “Müsavat”ın  və ora rəhbərlik edən M.Ə.Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Mirzə Bala Məmmədzadə və xalqın digər sayılmış-seçilmiş ziyalılarının sərf etdikləri gərgin əmək nəticəsində 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması prosesi başa çatmış və Şərqdə ilk demokratik respublika qurulmuşdur. İstiqlaliyyət bəyannaməsi elan olunduqdan az müddət sonra hökumət kabineti yaradılmış və hökumətə Fətəli Xan Xoyski ilk baş nazirimiz kimi rəhbərlik etmişdir. Daha sonra Azərbaycan Milli Şurasının qərarı ilə parlament təsis edildi və onun ilk sədri Əlimərdan bəy Topçubaşov seçildi. Bundan sonra parlamentdə ən böyük fraksiya kimi “Müsavat”çılar çoxluq təşkil edirlər. Şübhəsiz ki, “Difai” partiyasının keçmiş üzvləri də “Müsavat” partiyası tərkibində Azərbaycan dövlətinin qurulmasına öz təvhələrini verirlər.

         Beləliklə ermənilərin və bir sıra çar məmurlarının azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasətini dayandırmaq və xalqımıza qarşı tuşlanmış terror aktlarına anti-terror tədbirlərlə cavab verməyi məqsəd qoymuş “Difai” təşkilatının gördüyü təxirəsalınmaz və qətiyyətli addımları nəticəsində ölkəmizdə erməni məkrinin qarşısı bir müddət alındı. Təşkilatın qarşıya qoyduğu missiyanın  əsas uğurlarından biri o idi ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranır və bu prosesdə keçmiş “Difai”çilər fəal şəkildə iştirak edirlər. “Difai” təşkilatının bir milli-mənəvi və siyasi hərəkat olaraq ortaya atılması nəticəsində azərbaycanlıların mübariz xalq olduğu, heç zaman təslim olmayacağı əminliyi həm erməni quldurlarına həm də işğalçı çar Rusiyasına bir daha agah oldu.

 Mənbələr

  1. M.S. Ordubadi, Qanlı illər, s. 105.
  2. V. Quliyev, “Son illərin yazıları”, Bakı-2009, səh, 29-30
  3. Nağı Keykurin, “Nağı Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri” səh,16 (pdf)
  4. V. Quliyev, “Son illərin yazıları” səh, 30
  5. Маевский В.Ф. Армяно-татарская смута на Кавказе как, один из фазисов армянского вопроса, с.10 -11.
  • Azərbaycan Xalq Cumhuriyyəti ensiklopediyası, c.2, s.289 -290
  • E.Əzizov, “Difai”, Bakı-2009,səh,110 (pdf)
  • V. Quliyev Əhməd Ağaoğlu-“ Sonuncu mogikan”. “Ayna” qəzeti, 2007, 8 sentyabr
  • E.Əzizov, “Difai” səh,118
  •  Yenə orada…səh,130-131
  •  Nağı Keykurin, “Nağı Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri” səh,17 (pdf)
  •  M.S. Ordubadi, “Qanlı illər”,s.20

 13.Ахмедов А. Азербайджанские тюрки в революции 1905 г.,с. 284

14.  E. Əzizov, “Difai” səh, 139

 15.  Azərbaycan Milli Ensiklopediyası, Bakı-2007, səh,289

16. Azərbaycan Xalq Cumhuriyyəti ensiklopediyası. 2 cilddə. 1 cild. Bakı,    2004,s. 307.


Müəllif: Milli Kimlik Araşdırmaları qrupunun üzvü Anar Turan

Comments are closed.