Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində dünyaya göz açmışdır. Atası İçərişəhərli başmaqçı Tağı, anası Bilgəhli Anaxanım olmuşdur. Tağı iki dəfə ailə qurmuşdu. İkinci dəfə evlənən Tağının yeni izdivacdan beş qızı da vardı. Deyilənlərə görə, Tağı çox kasıb imiş. Zeynalabdin hələ kiçik ikən atası deyir ki, “bala, görürsən də, güzəranımız necə ağır keçir, gəl əlimin altında işlə, mənə həyan ol, artıq qocalmışam, birtəhər gündəlik çörək pulu qazanaq”.

Zeynalabdin bir qədər düşündükdən sonra atasına baxaraq deyir: “ata, mən sənin kimi başmaqçı yox, bənna olacağam”. Tağı əlini oğlunun çiyninə qoyaraq yoldaşına tapşırır ki, sabah apar Zeynalabdini qoy bənnanın əli altında işləsin. O vaxtdan başında çanaxda palçıq daşıyır, 6 qəpik günəmüzd alır. (3, 235) Görkəmli dövlət xadimi Nəriman Nərimanov bu barədə yazırdı: “…balaca Zeynalabdin əvvəlinci qazancı evə gətirib atasına verir. Atası dəxi pulu götürüb bir qədər çörək və bir qədər pənir (pendir-T.C) alır, sonra oğluna xeyir-dua verib deyir “Pərvərdigara! Çox şükür ki, oğlumun qazancını yeyirəm”.

Bu söz uşağın qəlbinə çox təsir edir. Bu gündən uşaq zəhməti artırıb gecə və gündüz fikri tutduğu işdə olub öz gücündən artıq işlərə əl aparır” (5, 22-23). Yaşı az olduğundan palçıq çanağını çətinliklə daşıyırmış; yoldaşları da ona bu çətin işdə köməklik edirdilər, tez-tez ağır çanağı qaldırıb onun başına qoyardılar. Balaca Zeynalabdin canla-başla çalışarmış, bütün günü bir an belə bekar qalmaz, işə hamıdan tez gələr, gec gedərmiş, 10 yaşına çatanda atasından xahiş edir ki, onu təcrübəli bir ustanın yanında şagird düzəltsin. Zeynalabdin palçıq daşımaqla yanaşı gözlərini bənnaların əlindən çəkməzdi. Daş yonanlara da diqqətlə göz qoyardı.

12 yaşına çatanda artıq sərbəst şəkildə daş yonmağı öyrəndi. 15 yaşına çatanda bənnalıq etməyə başladı. Bir sözlə qazanc yollarında iri addımlarla özünə yol açırdı. Bu balaca zəhmətkeş bir müddətdən sonra podratçılqla məşğul olmağa başladı. Zeynalabdinin bacarıq və istedadı hamını heyrətdə buraxmışdı. O, sözün əsl mənasında oxumamış mühəndis idi. Podrata götürdüyü tikintilərdə mühəndislərdən geri qalmırdı. Hətta bəzən onlara məsləhətlər də verir və kiçik binaları öz layihəsi ilə tikdirirdi. Bu minvalla balaca Zeynalabdin öz alın təri ilə zəhmətə alışmış, pul qazanmağın yollarını öyrənməyə başlamışdı.

XIX əsrin sonlarında Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, onlarda neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və podratçılığı buraxaraq neft işinə qurşanır. Bu dəfə Hacının çörəyi mazutdan çıxacaqdı. Hacı 1873-cü ildə iki nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürür və burada dayanmadan qazma işləri aparır. İşlər sürətlənsə də quyularda neftin olmadığı təhlükəsi Hacını bərk narahat edirdi. Quyulara qoyulan vəsait batmaq üzrə idi. Həddindən artıq səbr və təmkin sahibi olan Hacı ağır borca girsə də məqsədindən dönmür, gecə-gündüz quyunun üstündən çəkilmirdi.

Fəhlələri dayanmadan ruhlandırır, gec-tez quyunun fontan vuracağına onlarda da inam yaradırdı. Düşmənləri Hacıya gah tamahkar, gah kələfin ucunu itirən adam kimi baxırdılar. Şəriklər ümidlərini itirir, öz paylarını satmağa müştəri axtarırlar, axırda Hacı özü onların pulunu verib buruğa və yerə yiyələnir. Günlərin birində Hacı gözlərinə inanmır, onun gözü qarşısında quyu fontan vurur. Bundan sevincək olaraq daha bir necə quyu qazdırır. Bir-birinin ardınca vuran fontanlar Hacını xeyli varlandırır. Başmaqçı oğlu olan Hacı artıq Bakıda adlı-sanlı milyonçuya çevrilməkdə idi.

Qısa müddət ərzində Hacı ölkənin hər yerində mülklər almağa başladı. Beləliklə, Hacı həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi, həm də ticarət və yük gəmilərinin sahibinə çevrildi. Qubada Atlıxana, Yevlax ətrafında böyük meşələri vardı. Ənzəli və Rəşt ərazisində də Hacının meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada dörd mərtəbəli iri sarayı, İranda karvansaraları vardı.

Hacını narahat edən mühüm məsələ Bakıda yeni yaraşıqlı, əzəmətli binaların tikilməsi idi. O, üç ilə şəhərin mərkəzində (1895-1897) böyük bir saray tikdirir. Sarayın dörd bir tərəfi və damdakı nəhəng qübbələr diqqəti uzaqdan cəlb edirdi. İndi Milli Tarix Muzeyi kimi fəaliyyət göstərən bina həm xarici arxitekturasına, həm də daxili bər-bəzəyinə görə şəhərin ən yaraşıqlı binalarından biridir. Layihənin müəllifi Qoslavski əsasən Avropa order memarlıq üslubundan istifadə etmiş, fərdi kompozisiya yaratmışdı.

Tağıyev Qafqazın neft səltənəti olan Bakının mədəni səviyyəsinin yüksəldilməsi məqsədilə şəhərdə ilk teatr binasının tikdirilməsi qənaətinə gəlir. Teatr binası 1883-cü ildə tikilib başa çatdırılır. 1888-ci il oktyabrın 27-də Tağıyevin tikdirdiyi teatrda ilk tamaşa səhnəyə qoyulmuşdu. 1890-cı ildə isə Hacı 80 min manat xərcləyərək teatrın binasını yenidən qurdurmuşdu. Teatrda ilkin olaraq 578 tamaşa yeri quraşdırılmışdı. Ümumiyyətlə, teatrın açılışı Azərbaycanın mədəni həyatında böyük hadisə oldu. Çox qısa zaman müddətində teatr binasının divarları arasında məşhur Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Sidqi Ruhulla kimi aktyorlar şöhrət qazanmaqda idilər.

Sovet hakimiyyəti illərində teatr yenidən bərpa olundu. Açılışa Tağıyev də dəvət olunmuşdu. Maraqlısı ondan ibarətdir ki, Sidqi Ruhulla, Hüseynqulu Sarabski, Mirzağa Əliyev Mərdəkana gedib Hacını teatra gətirmişdilər. Onun üçün xüsusi loja da ayrılmışdı. Hacı teatra girib göz gəzdirdikdikdən sonra “mən çox şadam ki, mənim tikdiyim teatrı xalq yenidən bərpa edib tikdirmişdir”.

Hacı xalqın maariflənməsi, mədəni yüksəlişin sürətlə artımı istiqamətində bir sıra addımlara imza atmışıdr. Belə ki, Tağıyevin vəsaiti ilə 1905-ci il iyunun 7-dən Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun redaktorluğu altında “Həyat” qəzeti, 1906-cı il noyabrın 1-dən Əli bəy Hüseynzadənin redaktorluğu ilə “Füyuzat” jurnalı çap edilirdi. Eyni zamanda o, Azərbaycanın görkəmli yazıçılarından Seyid Əzim Şirvani, Nəriman Nərimanov, S. M. Qənizadə və onlarca başqalarının kitablarını çap etdirmişdi.

Hacı Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı və onun başçısı Səttərxanın apardığı mübarizəyə rəğbət bəsləyir, Səttərxana və onun mücahidlərinə kömək edirdi. Həmçinin 1905-ci il erməni-müsəlman qırğınının qarşısını almaqda Hacının misilsiz xidməti olmuşdu. Fevral ayında Tiflis bələdiyyə idarəsinin rəisi Hacıdan xahiş edir ki, Tiflis müsəlman camaatını sakitləşdirmək üçün onlara teleqram vursun. Bundan bir ay sonra Tiflis müsəlmanları ermənilərlə müsəlmanların toqquşması zamanı şəhər camaatını sakitləşdirdiyi üçün Hacıya öz minnətdarlığını bildirirdilər.

1902-ci ildə Şamaxıda baş vermiş və şəhərin viranəyə çevirmiş zəlzələ xəbərini almış H.Z.Tağıyev ianə toplamaq üçün komitə yaratdı və birinci olaraq özü 1000 manat verdi. Daha sonra o, fevralın 2-də şəhərin bütün fəxri vətəndaşlarını Bakı Şəhər Dumasının zalına dəvət etdi. İanə yığmaq qərara alındı, Şamaxıya çadırlar, həkimlər göndərildi. Bu yığıncaqda H.Z.Tağıyev əlavə 4000 manat verdi. Tanınmış ziyalılarımızdan Həsən bəy Zərdabi zərərçəkənlərə yardım üçün Şamaxıya getdi. O, yerlilərdən zərərçəkənlərə köməyi təşkil edən komitə yaratdı. Zərdabi Tağıyevlə daimi əlaqə saxlayırdı. Şamaxıya müxtəlif yerlərdən yardım göndərilirdi. Burada yaradılmış və Hacının başçılıq etdiyi komitə hər həftə zərərçəkənlərə 75 qəpikdən 1 manata qədər pul verirdi. Hacı zəlzələ zamanı Şamaxı əhalisinin ən böyük himayədarına çevrilmişdi.

Hacının bakılılar üçün ən böyük xidmətlərindən biri şəhərin su ilə təchiz edilməsi məsələsi idi. Bakı bələdiyyə idarəsinin bu məsələyə etinasız yanaşması Hacını əməli işə keçməyə vadar etdi. Qısa müddət ərzində axtarışlar apardı, Rusiyada su kəməri çəkilişi üzrə D.İ.Şipov adlı bir mütəxəsisə teleqram vuraraq onu Bakıya dəvət etdi. Fevralın 24-də Şipov Londondan bu məsələ ilə əlaqədər dəvət edilmiş mühəndis Lindleylə birlikdə Bakı-Şollar su kəmərinin çəkilişi barədə danışıqlara başladı və Tağıyev şəxsən bu danışıqlarda yaxından iştirak etdi. Bakı-Şollar su kəmərinin çəkilişi, məlum olduğu üzrə, İngiltərə-Amerika firmasına tapşırılmışdı. 1901-ci ildə Lindley Şahdağın ətəyində güclü su mənbəyi olduğunu aşkar etmiş və oradan su çəkilməsi layihəsini təklif etmişdi.

Şəhər camaatının sudan son dərəcə korluq çəkdiyi bir şəraitdə Dumanın bu məsələyə etinasız münasibətini görən H.Z.Tağıyev şəhər idarəsinə ərizə yazaraq Lindleyin fikrinə inandığından kəmərin çəkilişinə təcili başlamaq üçün öz hesabından 25 min manat pul ayırdı. Duma qarşısında öz şərtlərini qoyan Hacı bildirdi ki, əgər onun təklifi sentyabradək Dumaya təqdim edilməzsə, şəhər idarəsinin və komissiyasının bu hərəkətini bəyənməzsə, o, verdiyi 25 min manatdan imtina edəcəkdir. Bakıya su kəməri çəkilməsi işi ləngiyirdi. H.Z.Tağıyev kəməri çəkmək işini davam etdirmək üçün Rayevski adlı mühəndisi Bakıya dəvət edir. Rayevski bu işin öhdəsindən şərəflə gəlmiş və Bakıya Şollar su kəməri çəkilib başa çatdıqdan sonra öz yurduna qayıtmışdı. Hacı minnətdarlıq üçün ona teleqram vurmuşdu.

Çox qısa bir zamanda Bakı əhalisi arasında Hacının ad-sanı dillər əzbərinə çevrildi. Bütün Bakı əhli Hacıdan, onun əziyyətindən danışır və ondan kömək istəməyə başlayırlar. Qeyd edək ki, o zaman dustaqları Nargin adasında saxlayırdılar. Camaat ora gedib-gələndə yaman əziyyət çəkərmiş. Axırda Hacı Zeynalabdinə müraciət edirlər ki, bu işdə bizə komək elə, dərdimizə çarə qıl. O da o zaman şəhərin ucqar yeri hesab edilən Quba (Füzuli) meydanı ilə Kömürçü meydanı arasında tikdirdiyi beşmərtəbəli dəyirmanı dustaqxana üçün verir.

Hacı zirvələri fəth etdikcə onun sərvətinin miqdarı da durmadan artmaqda idi. Gecə-gündüz zəhmət hesabına böyük sərvətlərə sahib olmaq, Bakı kimi neft səltənətində böyük maqnata çevrilmək asan iş deyildi. Bu ağır zəhmət, səbr, təmkin, tələb edirdi. Hacı vaxtının çox hissəsini fəhlələrin yanında keçirərdi. Onlardan iş tələb etsə də, qayğılarına da yaxından qalırdı. Hacı haqqında onun zavodunda çalışan fəhlələr deyirdilər: “Biz bu şəxsin səbrinə təəccüb edirik. Bilmirdik ki, Hacı 24 saatda nə vaxt dincəlir. Başqa bir zavodda çalışan fəhlələr deyirdilər: “Hərçənd bizə rahatlıq yoxsa da bununla belə Hacının mülayimliyi və insaniyyəti bizim ona can-dillə xidmət etməyimizə səbəb olmuşdu.

Bizə heç bir yaman söz deməyib, təqsirimizdən keçərdi. (5, 25) Hacı yüksək insani keyfiyyətlərə və mənəvi zənginliyə malik bir şəxs idi. Varlandıqca onun daxili və mənəvi keyfiyyətləri daha da durulurdu. Ən əsası isə Tağıyev özünü heç zaman cəmiyyətdən xaric, cəmiyyətin fövqündə hiss etmirdi. O ətrafda baş verən hadisələrin həmişə içərisində, daha doğrusu mərkəzində iştirak edirdi. Hacını gecə-gündüz narahat edən xalqın gənc qızlarının təhsildən uzaq düşməsi, təhsildən kənarda qalması idi.  Qaragüruhçu iri əmmaməli, qara əbalı ruhanilərin, yekəqarın, enliqurşaq, saqqalı hənalı hacıların, tapançalı-xəncərli qoçularin xalqa istədikləri kimi davranışları və təhsilə olan biganə münasibətləri hacının səbr kəsasını daşdırmışdı. Onlar Qurandan ayələr, peyğəmbər, xəlifə və imamlardan hədislər və sübutlar gətirərək bu işi küfr adlandırıb, Hacını isə dindən kənar əməllərdə günahlandırırdılar (1, 86).

Zeynalabdin isə öz istəyini yerinə yetirməyin vacib olduğunu dərk edərək insanlar arasında, məclislərdə bu haqda söhbətlər aparır, insanlarda təhsilə maraq oyadır. Maraqlısı ondan ibarətdir ki, zəhmətkeş xalqın içərisindən çıxan, savadı, biliyi olmayan, hətta yazıb-oxumağı bacarmayan Hacı xalqımızn fidan balalarını savad almağa, təhsilə səsləyirdi. Hətta Hacı müsəlmanların müqəddəs ziyarətgahlarındakı müctəhid və din xadimlərinin imzaladıqları, möhürlə təsdiq etdikləri sənəd və şəhadətnamələri oxutdurub camaatı başa salmağa cəhd edirdi ki, qızların təhsil almasında hec bir xilaf (pis) iş yoxdur, əksinə bu çox vacib və lazımdır, bundan sonra qaragüruhçular yenidən coşurlar. Tanınmış yazıçı Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” adlı əsərində bu barədə yazır:

Tağıyev məclisdə iştirak edən ən mötəbər iki din xadiminə: Bakı quberniya qazisi Mir Məhəmməd Kərimə və Mirzə Abutürab Axunda Quran ayələri oxutdurub tərcümə etdirir ki, müslüm (müsəlman kişiləri) kimi müslümələr də bütün biliklərə yiyələnməyə borcludur (1, 87)”. Hacının həyəcanlı nitqində, titrək baxışlarında bir azərbaycançılıq duyğusu sezilirdi. Lakin etiraz səsləri daha da yüksəlməkdə idi. Artıq səbr kəsası dolub-daşan Hacı ayağa qalxaraq uca səslə məclisdə iştirak edən insanlara səsləndi: “Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir; gözləri açılar, külfətdə rəftarları xoş olar” .

Hacı bununla insanlara çatdırmağa çalışırdı ki, özladlarınızın ailəsində xoş güzaran istəyirsinizsə mütləq övladlarınızı oxutdurun, onların savadlı olmasına köməklik edin. Hər iki tərəfin dünyagörüşü yüksək olacaqsa ailədə xoş gün-güzaranda yüksək olacaq. Hacı çıxışına davam edir: “…İngilistana, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın hərəsi oralardan qollarına bir arvad keçirib gətirir, çünki qızlarımıznan məcazları tutmur, dolana bilmirlər, əcnəbi arvadlardan doğulan uşaqlar öz-özünə olurlar mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə ata-baba ocaqları qalacaq Quransız, namazsız, şəriətsiz (1, 87)”. Hacını narahat edən əsas məsələ milli mənlik şüuru, xalqımızın milli genefondunun əcnəbilər hesabına məhv olması, balalarımızın qurandan, namazdan, şəriətdən uzaq düşməsi idi.

Hacı yeni yaradılacaq qızlar məktəbində şagirdlərə nələrin öyrədiləcəyi barədə fikirlərini belə açıqlayır: “Təzə məktəbdə qızlara ehkami-şəriyyə, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman və rus dilində oxuyub-yazmaq, elmi-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda pis şey var?! Hacı çıxış etdikcə zaldakı insanlar onu diqqətlə dinləyir, çıxışında daha hansı məsələlərə toxunacağını gözləyirdilər. Birdən zala diqqətlə nəzər yetirən Hacıının gözləri Molla Əli Hacı Xəlil oğluna sataşır və dərhal ona səslənir: “Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən, qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram.

Srağa gecə iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin qızı yoxladı, dava-dərman elədi, qızı ölümdən qurtardı. İndi de görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı daha düzgün gələrdi?”  Hacı bununla qeyd etmək istəyirdi ki, siz öz balanızı erməniyə etibar edirsiniz amma mənim yaratdığım qızlar məktəbinə öz ovladlarınızı göndərmək istəmirsiniz. Bunu küfr hesab edirsiniz. İndi hansı daha doğrudur? deyərək onları bir daha dərindən düşünməyə çağırır. Beləcə məclis dava-dalaşla yekunlaşır. Səhəri gün şəhərdə abır-həya pərdəsi altında qeyli-qal qopur.

Qoçular küçələrə çıxaraq Avropasayağı geyinmiş müsəlman qadın və qızların geyimlərinə qarşı çıxır, üzlərini açmış qadınlara isə zorla qara çadra örtdürüdülər. Mane olmaq istəyənləri döyür, ölümlə hədələyirdilər. Hacının çıxışlarından ibrət dərsi alaraq qızlarını yeni açılmış məktəbə göndərən bir çox şəhər əhalisinin evlərinə basqınlar edilir, o cümlədən axund molla Ruhullanın evinə girərək onu namaz üstündə öldürdülər. Ölümün səbəbi isə çox sadə idi. Qızlarını məktəbə göndərdiyi üçün öz gözlərini bu dünyaya əbədi yumdu. Axundun dəfnində Tağıyev böyük nitqlə çıxış edərək demişdir: “Həzərat, mən əlli ildir ki, dad və fəryad eyləyirəm: camaat, oxudun balalarınızı, oxudun ki, bu gün belə müsibətlərə düçar olmayaq. Bu gün haman elimsizliyin nəticəsidir ki, belə qanlı bir vaqeəni görürük. İndi də bu müsibətə minlərlə kişilər boyunları çiyinlərində ağlayırlar.

Ağlamaqla əlac olmaz. Ağlamaq biz müsəlmanların evini yıxdı, bərbad elədi, ayaqlar altına saldı (2, 53)”.  Hökumət məmurları bu cür çirkin əməllərə göz yumur və din-məzhəb münasibətlərinə qarışmadıqlarını bildiridilər. Məktəbə qarşı aparılan bu iyrənc kompaniyanın qarşısının alınması üçün burada təhsil alan qızlara çarın xanımı Aleksandra Fyodorovnaya teleqram yollamağı məsləhət bilirlər. Teleqram yolladıqdan iki gün sonra Fyodorovnadan qızlara cavab məktubu gəlir. Burada çariça yeni açılmış məktəbdə əla oxuyub Vətənə və cəmiyyətə faydalı olmalarını, həyatda xoşbəxt yaşamalarını arzu edir. Bu məktubla şəhərdə aylardı davam edən söz-söhbətlərə, dedi-qodulara, Hacıya qarşı nalayiq hərəkətlərə birdəfəlik son qoyuldu.

Hacı çoxdandır arzuladığı məqsədinə gec də olsa nail olur. Bu onun qələbəsindən daha çox xalqın, millətin qələbəsi idi. Bu gündən sonra azərbaycanlı qızlar məktəbdə təcrübəli müəllimlərdən təbiət elmlərinin sirlərini öyrənməyə başladılar. Ilk olaraq məktəbə 58 qız qəbul edilmişdi, onlardan 35 nəfəri kasıb ailələrdən idi. Onlar təhsil haqqından azad edilmişdi, həmçinin onların geyimi və yemək-içməklərinin xərclərini Tağıyev öz üzərinə götürmüşdü. Qeyd edək ki, əvvəlcə 20 nəfər kasıb qızın pulsuz götürülməsi nəzərdə tutulmuşdu, daha sonra buraya 15 nəfərin də adı əlavə edilmişdi. Məktəb qapalı şəkildə fəaliyyət göstərirdi, qızlara həftədə bir dəfə cümə günləri səhər saat 10-dan 17-yə qədər evlərinə getməyə icazə verilirdi. Məktəbdə ilk dərslər 1901-ci il sentyabrın 7-də başladı.

İki gün sonra dərsin açılışı münasibətilə bayram şənliyi keçirildi. Krımdan, Özbəkistandan, Peterburq və başqa yerlərdən çoxlu təbrik teleqramları gəlməyə başladı. Məktəbin fəaliyyətə başlaması müsəlman şərqində sözün həqiqi mənasında əsl inqilab idi. Azərbaycanın maarifpərvər ziyalıları da bu hadisə ilə bağlı öz müsbət fikirlərini bildirməkdə idilər. Öz sevincini bildirənlərdən biri də Həsən bəy Zərdabi idi. Hacı məktəbin ilk müdir vəzifəsinə görkəmli maarifpərvər ziyalımız Həsən bəy Zərdabinin qızı Hənifə xanım Məlikovanı təyin etdi.

Bakı müsəlman qız məktəbinin şagirdləri üçün Dağıstan qızlarının geyimi rəsmi libas kimi qəbul edilmişdi. İlk olaraq dörd illik tədris müddəti seçilsə də, iki ildən sonra məktəb bes illik müddətə keçməyə başladı. Bir neçə ildən sonra məktəbdə tədris ilinin sayı artırılaraq altı, daha sonra seminariyaya çevrildi. Hacı banka yüz min manat beş faizlə qızıl pul verib məktəbi seminariyaya çevirtdirmişdi.


Şərq saysız-hesabsız milyonçuları ilə məşhur olub. Onların əksəriyyəti kübar, əsilli-nəsilli ailələrdən çıxmış insanlar olmuşdu. Onlar bu sərmayə və sərvəti irsi olaraq, öz ata-babalarından almışdılar. Hacı isə uşaqlıqdan fəhləliklə, min bir əziyyətə qatılaşmaqla əldə etmişdi. Hacı böyük şəxsiyyət idi, onda əməyə olan düzgün münasibətlə ağıl və zəka da birləşmişdi. Şəxsi ləyaqəti ilə Hacı hamının nəzərində yüksəlmişdi. Hacını nəinki Rusiyada həmçinin dünyanın əksər ölkələrində çox gözəl tanıyırdılar. Onu tanıyanlar birinci növbədə onun milyonları barədə deyil, insanpərvərlik və maarifpərvərliyi, xalqa əl tutması haqqında ağız dolusu söhbət açırdılar.

Tağıyev insan şəxsiyyətinə və insan ləyaqətinə həmişə ehtiramla yanaşmışdır. İnsan qüruru, insan mənliyi ondan ötrü nəcib bir keyfiyyətdi. Tağıyev şəxsiyyətinin böyüklüyü ondan ibarət idi ki, o, xalqın ehtiyacını öz şəxsi mənafe və qazancından qat-qat yüksək tutmuşdu. Camaatın xeyrinə olan tədbirlərdən Tağıyev yaxasını heç zaman kənara çəkməmişdi. Şəhərin və camaatın ehtiyacını təmin etmək məqsədilə o bəzən rəsmi hökumət orqanlarının və dumanın qərarını gözləmədən şəxsən özü işə girişərdi.

Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışıdr. 1905-ci ildən sonra ölkədə mədəni-maarif işləri canlanmağa başladı. Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı. Qəzet və jurnallar çap edilməyə başlandı. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdı. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış “Müsəlman Xeyriyyə Cəmiyyəti” idi. Bundan başqa “Nəşr və maarif”, “Nicat” cəmiyyətlərinin yaranmasında da Hacının yaxından köməyi olmuşdur.

Hacı Zeynalabdin iki dəfə evlənmişdi. Birinci arvadı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdu. Oğlanları: İsmayıl, Sadıq və qızı Xanım. İkinci arvadı məşhur General-leytenant Balakişi Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinski əslən Zaqatalanın Tala kəndindəndir. General-mayor İsmayıl bəy Qutqaşınlı və General-mayor Cəfərqulu ağa Bakıxanovla yaxın dost və döyüş yoldaşı olmuşdu.

Azərbaycanda sovet hökuməti qurulduqdan sonra bütün ölkə miqyasında bəylik institutuna qarşı çox ciddi mübarizə başladı. El içərisində ad-san qazanmış və adları yüksək hörmət və ehtiramla səslənən məşhur bəylərə qarşı ciddi təzyiqlər başladı. Onların bəziləri ölkəni tərk edib xaricə getməli oldular. Hacı yeganə milyoncu idiki vətəndə ölməyi hər şeydən üstün tuturdu. Ona görə də o ömrünün son gününədək Mərdəkandakı bağında yaşadı. Nəhayət, 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 86 yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdi. O, xalqımıza misilsiz xidmətlər göstərmiş, gəlib –getmiş ən məşhur milyonçu idi.

                                         İstifadə olunmuş ədəbiyyat

  1. Manaf Süleymanov. Eşitdiklərim, Oxudullarım, Gördüklərim, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1987, 319 s.
  2. Mahmud İsmayıl, Marat İbrahimov.,  El atası, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, 119 s.
  3. Qılman İlkin. Bakı və bakılılar, Bakı, Nurlar nəşriyyatı, 382 s.
  4. Hacı Zeynalabdin Tağıyev, Bakı, Azərbaycan Nəşriyyatı, 1993, 144 s.
  5. Nəriman Nərimanov. Hacı Zeynalabdin Tağıyevin 50 illiyi məişətə və cəmaətə xidmətləri, Bakı, Önər nəşriyyatı, 1994 

ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi,  dissertant Taleh Cəfərov

Comments are closed.