Azərbaycan tarixinin ən keşməkeşli dövrlərindən biri olan IX əsrin I yarısında güneyli-quzeyli Azərbaycan torpaqlarında ərəb militarizminə qarşı alovlanmış milli-azadlıq hərəkatı tarix elmində Xürrəmilər hərəkatı adı ilə tanınmaqdadır. Bu hərəkatın mahiyyəti, eləcə də, hərəkatın öndəri Babək və onun çoxsaylı tərəfdarları olan xürrəmilərin mübarizəsi haqda sovet və qərb tarixşünaslığında geniş tədqiqat işləri aparılsa da, təəssüf ki, mövcud ictimai-siyasi quruluşun tələblərindən irəli gələrək, həmçinin, bu haqda məlumat verən mənbələrin qərəzli yanaşmasının aparılan elmi tədqiqatlarda nəzərə alınmaması səbəbindən Xürrəmilərin mübarizəsinin mahiyyəti haqda, Babəkin gerçək kimliyi və fəaliyyəti barədə bir çox həqiqətlər təhrif edilmişdir, eyni zamanda, bir sıra mühüm həqiqətlər elmi ictimaiyyətdən gizlədilmişdir.

            Bununla bağlı fikir və mülahizələri bölüşməzdən öncə ilk növbədə bunu vurğulamaq lazımdır ki, ənənəvi sovet tarixşünaslığında qeyd olunduğunun əksinə olaraq, Babək və onun tərəfdarları olan xürrəmilər əsla ateist, atəşpərəst anti-islam mövqeli olmamış, eləcə də, onların irəli sürdüyü tələblər və əsaslandıqları ideoloji düşüncə də əsla sinfi xarakter daşımamış və hansısa zümrəyə qarşı da yönəlməmişdir. Bu fikirləri təkzib edən kifayət qədər fakt-dəlil elmi ədəbiyyatlarda mövcuddur və ən mühümləri irəlidə təqdim olunacaqdır.

            Babək və xürrəmilər hərəkatının hədəf və istiqamətlərini, ideoloji təməllərini, atdıqları addımları dəqiq bilmək üçün hər şeydən əvvəl onların qarşısındakı qüvvənin kimliyini, hansı ideoloji və dini xətti, mövqeni tutduqlarını müəyyən etmək lazımdır. Bu günə kimi ənənəvi tarixşünaslıqda bu cür qəbul olunmuşdur ki, qarşı tərəfdə dayanan qüvvə – Abbasi xanədanı yürütdüyü siyasətdə və öz dini təmayülünə görə İslamı təmsil etmişdir. Bu cür səhv yanaşma, əlbəttə ki, onlara qarşı çıxış etmiş xürrəmilərin anti-islam mövqeli olduqları barədə nəticələr hasil etməyə gətirib çıxaracaqdı. Halbuki Əbu Müslüm Xorasaninin üsyanının nəticəsi olaraq taxta çıxmış Abbasilər sülaləsi Əbu Müslümün öldürülməsindən sonra Mötəzilə cərəyanını qəbul etmiş və bu xətti saray məzhəbinə çevirməklə digər təriqət, məzhəb və cərəyanlarına qarşı sərt mövqe sərgiləməyə başlamışlar.

İslamın bir sıra məzhəblərinin imamları və öndə gələnləri Abbasilər sülaləsinin hakimiyyətinin ilk 50-60 illik dönəmində həbsxanalara atılmış, Əhli-beyt imamları (Cəfər Sadiq, Museyi-Kazim, Əli ər-Rza) məhbəslərdə yaxud xalqla təmaslardan ayrı tutulmaqla nəticə etibarilə zəhərlənərək öldürülmüş, onların ailə üzvləri yaşadıqları ərazilərdən didərgin salınmışdır. Mötəzilə cərəyanının dini-ideoloji baxış bucağını və prinsiplərini İslamın bu günkü beş məzhəbi də inkar etməkdədir. Bu söylənilənlər, eləcə də İslam xəlifəsi titulunu daşıyan Abbasi xəlifələrinin içkiyə, qumara və eyş-işrətə düşkünlüyü faktı onların İslam yolundan yetərincə uzaq olduğunu söyləməyə əsas verir. Belə olduğu halda, onlara qarşı çıxış edən xürrəmilərin dini-məzhəbi mənsubiyyəti məsələsinə bir daha, faktların gözü ilə baxmağa ehtiyac yaranır. Bununla bağlı bir sıra faktlar sözün həqiqi mənasında tarixşünaslıqda diqqətə alınması gərəkən faktlardır və xürrəmilər hərəkatı barədə yeni fərziyyələrin ortaya çıxmasına əlverişli zəmin yaradır.

            Müxtəlif dövrlərə aid tarixi mənbələrdə Babəkin və xürrəmilərin imanlı müsəlman olduqlarını, İslamın təməllərini qəbul etdiklərini, hətta “xürrəmi” isminin məhz onların İslami təriqətinin adı olduğunu söyləməyə əsas verən çoxsaylı məlumatlar mövcuddur. Bunlardan ən çox diqqət çəkən bir neçəsini sadalamaqda fayda vardır.

            Qədim dövr İslam tarixşünaslığında istinad edilən mənbələr arasında Əbdülqahir əl-Bağdadinin “Kitab əl-fərq beyn-əl-firəq” (Məzhəblər arasındakı fərqlər) adlı əsər VII-X əsrlərdə mövcud olmuş İslam təriqət və məzhəbləri haqqında ən geniş məlumat verən mənbələrdən biri hesab olunur. Bu əsərdə “xürrəmiyyə” adı altında fəaliyyət göstərmiş qruplar “özünü İslama nisbət verən, lakin İslamda olmayan firqələr” sırasında xatırlanır. Elə təkcə bu cür yanaşma xürrəmilərin özlərini İslam dinindən hesab etmələrini söyləmək üçün yetərincə ciddi əsas sayıla bilər. Xürrəmilərlə bağlı elmi tədqiqatlar apararkən onlar haqda məlumat verən mənbə müəlliflərinin bir çoxunun məhz Abbasi sarayının və xəlifələrin təsir dairəsində olduqlarını, bu səbəbdən də saray məzhəbindən fərqli məzhəbi düşüncəyə malik olan insanları “İslamdan çıxmış” hesab etdiklərini nəzərə almaq lazımdır. Sözügedən əsərdə xürrəmilərlə bağlı aşağıdakı zəruri məlumata rast gəlinir:

            «Kendi dağlarında Müslümanlar için içlerinde Müslümanların ezan okudukları mescidler yapmışlardır. Çocuklarına Kur’an öğretmişlerdir; fakat gizli de olsa ne namaz kılarlar, ne de Ramazan ayında oruç tutarlar. Ayrıca, kafirlere karşı cihad edilmesine de inanmazlar» /1, səh.207/. Eyni qeydlərə Z.Bünyadovun tərcüməsində bu cür rast gəlirik: «Onlar dağda müsəlmanlar üçün onları namaza çağıran məscid tikmişlər. Onlar öz uşaqlarına Quran [oxumağı] öyrədirlər, lakin gizlicə də olsa namaz qılmır, ramazan ayında oruc tutmur və kafirlərə qarşı cihadı məcburi hesab etmirlər» /15, s. 419/.

Hər iki tərcümədə əlavələrin olduğunu da nəzərə almaqla, demək olar ki, bu məlumatda xürrəmilərin yaşadıqları yerlərdə məscidlərinin olması, azanın verilməsi, onların öz övladlarına Qurani-Kərim öyrətdikləri qeyd olunmuşdur. Sitatın sonrakı cümlələrindəki “namaz qılmır”, “ramazan orucu tutmur”, “kafirlərə qarşı cihadı məcburi bilmirlər” kimi məlumatlar İslamın ortodoksal və heterodoksal qanadları arasında indiyədək mübahisə predmeti olaraq qalan məsələlərdir. Xatırladaq ki, tarixən hürufilər, ələvilər, qızılbaşlar da heterodoksal İslami cinaha mənsub olduqlarına görə Qurani-Kərimdə bu məsələlərin əks olunmadığını bildirmiş və eynilə xürrəmilərin tutduqları mövqeni tutmuşlar. İslamın ümdə və təməl prinsipləri olan Tövhid, Qurani-Kərim, Muhəmmədin rəsulluğu, imamət və digər məsələlərdə xürrəmilərin inancının sabit və İslama yönəlik olması göz önündədir. Üstəlik, bir sıra mənbələr xürrəmilərin sufi yolunda olması barədə yazır /1, s.206; 13, səh.14,18/.

            Eyni məzmunda qeydə İstəxrinin «Kitab-əl-məsalik-və-l-məmalik» adlı əsərində də rast gəlinir:

            «Əlbəttə, Savalan dağı Dəmavənd dağından böyükdür. Dəbildəki böyük Ağrı dağı bunların hər ikisindən böyükdür. Hürrəmilərin yaşadıqları dağlıq hissədə isə çox çətin, keçilməz dağlar vardır. Babək oralı idi. Kəndlərində məscid var, onlar Quran oxuyurlar. Lakin dediklərinə görə, batində «ibahiyyə»dən başqa dinləri yoxdur»/13, s.62/. Bu qeyddə diqqəti cəlb edən daha bir vacib məqam xürrəmilərin İslamın batini yönümünə diqqət yetirmələridir. VII-X əsrlərdə İslamda məhz Əhli-beyt məktəbinin ardıcılları İslamın batini tərəflərinə önəm verir, Quranın batini hikmətlərini öyrənərək yayırdılar.

            Yeri gəlmişkən söyləyək ki, hürrəmilərin batini düşüncəyə sahib olmaları barədə də Bağdadidə zəruri qeydlər vardır. Yuxarıda adı çəkilən əsərində o, batiniləri və xürrəmiləri nəzərdə tutaraq yazır: «Bunlar Kur’an ayetlerini ve selam olsun Nebi’nin sünnetlerini, kendi esaslarına uygun olaraq yorumlarlardı» /1, səh.221/. Bu qeyddən aydın olur ki, xürrəmilər nəinki anti-islam düşüncədə olmamışlar, hətta müsəlman kimi Qurani-Kərimi də oxuyub təfsirlərini vermişlər. Xürrəmilərin İslami görüşləri barədə bir qədər irəlidə qeydlər edəcəyik.

            İbn Hövqəl özünün «Surət-əl-ərz» adlı əsərində xürrəmilərin barəsində aşağıdakı fikri yazmışdır: «Hürrəmilər Babəkin tərəfdarlarıdır və Quran oxuyarlar» /6, səh. 63/.

            Fars yazarı Xacə Əli Nizamülmülk özünün “Siyasətnamə” əsərində xürrəmilərin dini dünyagörüşünü pisləyərək izah edərkən bu cümləyə yer verir: «… istər Məzdəkin, istərsə xürrəmdinlərin və batinilərin dini və məsləki birdir və onların yeganə arzuları islamı məhv etməkdən ibarətdir. Xalqı öz tərəflərinə cəlb etmək üçün əvvəlcə özlərini doğru, pəhrizkar və peyğəmbərin övladını sevən adamlar kimi (! – qabartma bizimdir – C.B.) göstərirlər»/4, səh.241/, /13, səh.15/. Bu sitatdan açıq-aydın görünür ki, hər zaman haqq sözü deyən xürrəmilər peyğəmbərin əhli-beytini sevənlər olmuşlar.

            Həmin yazarın sözügedən əsərinin daha bir yerində isə xürrəmilərlə bağlı aşağıdakı maraqlı qeydə rast gəlinir: «Hürrəmilər hər dəfə üsyan etdikləri zaman batinilər onlarla əlbir olaraq onlara qüvvət vermişlər. Hər iki məzhəbin əsli birdir»/4, səh.241/, /13, səh. 21/. Burdan aydın olur ki, xürrəmilərin üsyanları zamanı islamın batiniyyə qanadına mənsub olanlar kütləvi şəkildə onlara dəstək vermiş və Abbasi xilafətinə qarşı birlikdə çıxış etmişlər. Bu qeydi ilə Nizamülmülk əslində həm də özündən uydurduğu “xürrəmdin” kəlməsini puç etmişdir, belə ki, göründüyü kimi, sitatın son cümləsində xürrəmilər ayrıca bir din kimi yox, bir məzhəb olaraq qeyd edilmişdir.

            Seyyid Mürtəza özünün «Təbsirət-əl-əvam fi mərifəti məqalat-əl-ənam» adlı kitabında xürrəmiləri İslamın Batinilər qolundan hesab etməklə yanaşı Babəkilərin Qurani-Kərimi təfsir etmə tərzləri barədə aşağıdakı maraqlı məlumatı bölüşür:

            «İsmaili­lərə batiniyyə, qəramitə, hürrəmiyyə, səbiyyə, babə­kiyyə və mühəmmirə də deyirlər. Batiniyyə adlanmalarının səbəbi budur ki, onların fikrincə, Quranın və Məhəmmədə aid hədislərin zahiri və batini mənaları vardır. Zahir qabıq, batin isə onun məğzi deməkdir, badamın qabığı və içi kimi. Bu fikri irəli sürənlər aşağıdakı ayəni əldə əsas tuturlar: «Onun bir qapısı var ki, batinində (içərisində) mərhəmət var, amma zahiri əzaba (əziyyətə) tərəf açılır (Qurani-Kərimin əl-Hədid surəsinin 13-cü ayəsi nəzərdə tutulur – C.B.).

Beləliklə, onlar bütün Quranı və peyğəmbər haqqında olan hədislərin hamısını  bu tərzdə təfsir edirlər. Hürrəmidiniyyə də bu tayfaya mənsub­dur. Bu xalq Azərbaycan ölkəsinin Bəzz adlanan dağlıq nahiyəsində yaşayır»…/13, s. 17-18/. Həmin yerdə müəllif xürrəmilərin İslami dünyagörüşünə dair daha bir məlumatı paylaşır, belə ki, «onların Allahı yalnız həqiqi bir müəllimin sözü ilə tanımaq mümkün olduğunu dediklərini» qeyd edir /13, s.18/.

            Bir sıra mənbələrin məlumatlarında isə nəinki xürrəmilərin imanlı müsəlman olduqları, həmçinin, onların öz İslami baxışlarına görə Əhli-beyt tərəfdarı və imamət yolunun yolçuları olduqlarını söyləməyə əsas verən məqamlar vardır. Bu məqamlardan bir neçəsini yuxarıdakı məlumatlardan əldə etdik, bəzilərini də sadalamaq məsələyə aydınlıq gətirmək baxımından faydalı olardı.

            Coğrafiyaşünas Əbu Duləf özünün “İkinci risalə” adlı əsərində xürrəmilərin İslamın əhli-beyt yolunda olduqlarını isbatlayan bir fikri qeyd etmişdir: “Bəzzeyndə sahəsi 3 cəribə bərabər olan bir yer vardır. Deyirlər ki, orada hər kim əl açıb Allaha dua edərsə, onun niyyəti qəbul olar. Elə həmin yerdə xürrəmilər adı ilə məşhur olan qırmızı geyinmiş adamlar bayraqlarını qaldırdılar. Babək burada çıxış etmişdi. Onlar Mehdinin zühurunu gözləyirlər.” /2, s.134/. Xatırladaq ki, Babəkin fəaliyyəti dövrü eyni zamanda əhli-beytin 8-ci imamı Əli ər-Rza (ə) və 9-cu imamı Muhəmməd Təqi (ə)-ın zamanına təsadüf edir və o dövrdə hələ 12-ci imam Mehdi (ə) hələ dünyaya gəlməmişdi. Deməli, 12-ci imamın qeybətini və sonradan zühur edəcəyini İslamın əhli-beyt məktəbinin tərəfdarları olaraq xürrəmilər bilirdilər.

            Eyni fikrə Muhəmməd ibn Əbdülkərim əş-Şəhristaninin “Kitab əl-miləl və-n-nihəl” adlı əsərində də rast gəlmək olar, belə ki, özü xürrəmilərdən fərqli bir İslam məzhəbində olduğuna görə Şəhristani Babəkin «günahlarını» sadalayarkən bildirir: «Babək imamın qeyb olan ruhunun çox sonralar dönəcəyini (ricət) etiqada çevirmişdir» /16, səh. 132/.

            Xürrəmilərə zidd məzhəbi baxışlara malik olan Əbülhəsən Əşəri də özünün “Məqalat əl-islamiyyin və ixtilaf-əl-müsəllin” adlı əsərində aşağıdakıları qeyd edir: «Bəziləri deyirlər ki, baş imamlar möcüzələrdən xəbərdardırlar; onların yanına (guya) göydən mələklər enib gəlir. Bu isə rafizi təriqətinə mənsub bir dəstənin sözüdür. Hətta onlardan bəzisi bu xüsusda işi bir yerə çatdırmışlar ki, deyirlər şəriət qanunlarını pozub ləğv etmək mümkündür»/13, s.15/. Ardınca müəllif xürrəmiləri də məhz bu düşüncədə olanlardan hesab edərək tənqid edir.

            Xacə Əli Nizamülmülkün “Siyasətnamə” əsərində xürrəmilərin dini inancı ilə bağlı daha bir incə məqam diqqəti cəlb edir. O, yazır: «Bir yerə toplananda, məsələ həll edəndə, məşvərət edəndə onların sözü bu olar; əvvəl Əbu-Müslimə, Mehdiyə, Əbu Müslimin qızı Fatimənin oğlu, «alim uşaq» adlanan Firuzə salavat çevirərlər» /4, səh.241/. Əbu Müslüm Xorasani, bildiyimiz kimi, 750-ci ildə Əməvi hakimiyyətinə qarşı kütləvi üsyan qaldırmış və bu sülaləni hakimiyyətdən salıb devirmişdir. Onun əhli-beyt tərəfdarı olması tarixdən məlumdur. Mehdi (ə) Əhli-beytin on ikinci imamı olduğuna görə xürrəmilərin ona salavat göndərməsi tamamilə anlaşılandır və qeyd olunan digər mənbə məlumatları ilə birlikdə xürrəmilərin əhli-beyt yönümlü müsəlmanlar olmasını əminliklə söyləməyə imkan verir.

Xürrəmilər hərəkatının məqsədi və mahiyyəti barədə sovet tarixşünaslığı yanlış elmi nəticələr hasil etmiş, mövcud ictimai quruluşun ideoloji əsaslarından çıxış etməklə bu hərəkatı sırf sinfi mübarizənin silahlı üsyan forması şəklində görmüşdür. Halbuki Babək və onun rəhbərlik etdiyi xürrəmilər hərəkatı Azərbaycan xalqının ərəb militarizminə qarşı milli-azadlıq hərəkatı olmaqla hələ Babəkdən xeyli əvvəl də Əməvi və Abbasi xəlifələrinə qarşı yönəlmişdi. Bu haqda mənbələrdə çoxsaylı məlumatlar yer almaqdadır. Bəzən bu məlumatlar birbaşa deyil, dolayısı ilə nəticə çıxarmağa imkan verir.

            Nizamülmülk “Siyasətnamə” əsərində batinilərlə rafiziləri (yəni şiələri) eyni məzhəb və əqidə yolçuları olaraq görür, hürrəmi­ləri batinilərlə əlaqələndirir /4, səh.174-177/ və qeyd edir ki, «şiələr Bağdad xəlifəsini haqq hesab etmirlər» /4, səh.174/. Kitabının digər bir yerində isə özünün şiə müsəlmanlara məxsusi nifrəti ilə seçilən bu pers yazarı hakim sülaləyə etiraz bildirən şiələri «sözdə müsəlmanlıq edərlər» deyə təsvir edir /4, səh.199/ və «şiələrin bəni-Abbas xanədanını dağıtmaq istəməsindən» danışır /4, səh.200/. Burdan aydın olur ki, şiələr qismində görülən xürrəmilər Abbasilər xanədanını dağıtmağı qarşılarına məqsəd qoymuşdular və Babəkə qədər təxminən 40 ildən artıq bu məqsəd uğrunda mübarizə aparmışlar. Tarixi məlumatlardan aydın görünür ki, İslamın əhli-beyt məktəbinə əsaslanan xürrəmilər istər əvvəlki dövrlərdə, istərsə də Babəkin öndərliyi ilə zülmə qarşı cihad motivi ilə çıxış etmiş və peyğəmbərdən sonra İslamda ikitirəlik yaratmış olan xilafətçilik düşüncəsini aradan götürməyi qarşılarına məqsəd qoymuşdular. Hər halda, “Mehdinin zühurunu gözləyən” bir qüvvə üçün məntiqlə İslamda xilafət yolu yox, imamət yolu ən doğru yol hesab olunmalı idi.

            Bəndəli Cövzi özünün «Min tarix əl-hərəkat əl-fik­riy­yə fi-l-İslam» adlı əsərində qeyd edir ki, «onların (hürrə­mi­lərin – C.B.) məqsədi İslama müqavimət göstərmək və onu məhv etmək deyildi. Əcəmlər ölkəsində daha əvvəlki üsyanların çoxunda olduğu kimi, burada da məqsəd istilaçı bir millət olan ərəblərə müqavimət göstərmək idi.» /15, səh. 310/. Həm Əməvilərin, həm də Abbasilərin hakimiyyətdə olduqları dövrdə İslam dini adı altında ərəb militarizminə geniş meydan verilməsi, böyük ərazilərdə xalqların qarət və talan edilməsi, İslam xəlifəsi titulu daşıyan hökmdarların öz əməlləri İslamın adını bədnam etməsi tək Azərbaycanda yox, həmçinin, Təbəristanda, Xorasanda, orta Asiya bölgələrində də böyük və qarşısıalınmaz etirazlar doğurmuşdu.

Bunun üzərinə bir də peyğəmbər nəslinə qarşı edilən haqsızlıqlar, zülm, əhli-beyt mənsublarının müxtəlif üsullarla öldürülmələri, sürgün edilmələri və bu kimi hallar gəlinərsə, o zaman bölgələrdəki etiraz dalğasının nə qədər güclü olduğunu təxmin etmək mümkündür. Hakim sülalənin ideoloji baxışlarından fərqli olaraq, əhli-beyt məktəbinin dini-ideoloji nöqteyi-nəzəri geniş xalq kütlələri arasında sürətlə yayılmış və intişar etmişdir. Bu baxımdan ərəb işğalına qarşı milli-azadlıq mübarizəsinə qalxan kütlənin İslamın əhli-beyt yolunda olması tamamilə anlaşılan və başa düşüləndir.

            Hər bir xalqın milli-azadlıq hərəkatında əsas hədəf həmin xalqın işğalçı dövlətdən heç bir asılılığı olmayan müstəqil özünüidarə sisteminin qurulmasıdır. Bu mənada Babəkin başçılığı ilə xürrəmilər hərəkatının öz məqsədinə nail olub-olmaması sualı bu gün də Azərbaycanın tarix elmi qarşısında duran mübahisəli məsələlərdən biridir. Tarixi məxəzlərin məlumatlarında diqqəti cəlb edən bir sıra məqamlara istinad etməklə Babəkin öndərliyi ilə Azərbaycanda ərəb istilasına və xilafətə qarşı güniş vüsət almış milli-azadlıq hərəkatının öz ümdə məqsədinə nail olduğunu və təxminən 816-820-ci illərdən 837-ci ilin sentyabrınadək Azərbaycanda Abbasilər xilafətindən asılılığı olmayan müstəqil Xürrəmilər dövlətinin mövcudluğunu söyləmək mümkündür.

Azərbaycan tarix elmində həmin dövr ərzində müstəqil milli dövlətçiliyin mövcud olması haqda yekdil fikir olmasa da, Babəkin hökmdar statusunu və Xürrəmilər dövlətinin mövcudluğunu təsdiq etməyə imkan verən bir sıra mühüm məqamlar vardır. Bu məqamlara da sözügedən kontekstdə diqqət yetirmək yaxşı olardı.

            Erkən orta əsrlərdə qurulan dövlət qurumlarının varlığını isbatlayan amillərin bir çoxu Babəkin öndərliyi altında Azərbaycanda IX əsrin əvvəlində qurulan müstəqil dövlət qurumunda mövcud olmuşdur. Belə ki, qədim dövrün feodal tipli dövlət qurumlarında ən azı dövlətin konkret sərhədləri və əraziləri, həmçinin, bu ərazilərdə mövcud olan idarəetmə mexanizmi, paytaxt şəhər, dövlətin bayrağı (sancağı), idarəetmə orqanı, ordusu, pul vahidi, dövlət başçısının digər dövlətlərlə rəsmi yazışmaları, hökmdar kimi konkret idarəetmə fəaliyyəti və digər atributlar olmalıdır. Eyni zamanda, bir üsyanın və ya azadlıq hərəkatının nəticəsi kimi ortaya çıxan dövlətlərdə isə dövlət qurulmazdan öncə etiraz edən xalq kütləsinin mübarizəsi faktorunun olması da mütləqdir.

            Bu kontekstdə tarixi mənbə məlumatlarının incələnməsi sayəsində aydın olur ki, Babəkin uzun müddət ərzində (təxminən 21 il 5 ay) nəzarət etdiyi, Azərbaycanın güneyini və quzeyini əhatə edən konkret ərazilər və sərhədlər mövcud idi, bu ərazilərdə xalq kütləsinin işğalçı qüvvəyə qarşı uzunmüddətli silahlı etirazları ilə müşayiət olunan azadlıq hərəkatı faktı var. Bundan başqa, Babəkin Bəzz adlı paytaxt şəhər-qalası, al rəngdə bayrağı, bu ərazilər üzərində nəzarəti təmin edən konkret ordusu, sərkərdələrdən və qoşun bölüklərinin başçılarından ibarət hərbi şura adlı idarəetmə orqanı mövcud idi. Tarixi faktlar söyləyir ki, Babək bir hökmdar kimi ayrı-ayrı vilayət və şəhərlərə valilər təyin edir, qurduğu dövlətin ideoloji təməllərinə zidd üsyan və qiyamları yatırdır, öz ərazilərindən kənarda və digər dövlətlərin təsir dairəsində olan Sünik, İsfahan və s. bölgələrə qoşun yeridir, Bizans imperiyası ilə, eləcə də Abbasilər xilafətinin baş sərkərdəsi Afşin Hidr ibn Kavusla rəsmi şəkildə məktublaşırdı.

            Aydın məsələdir ki, Abbasilər sarayı Babəki və xürrəmiləri özlərinin nəzarətdən uzun müddət kənarda qalmış torpaqlarında quldurluq etmiş başıpozuq kütlə kimi təqdim etməkdə maraqlı idi. Bu baxımdan xürrəmilər dövlətinin faktiki uzun müddət ərzində mövcud olması barədə Abbasi sarayının diktəsi ilə yazılmış tarix kitablarında nəsə axtarmaq bəlkə də yersiz olardı. Bununla belə, hətta bu haqda heç nə yazılmasa da, həm xəlifələrin Babəkə göstərdikləri və kifayət qədər şübhə doğuran ehtiyatlı mövqeləri, həm də onların təsiri ilə yazılmış olan əsərlərdə rast gəlinən bəzi incə mətləblər Babəkin hökmdar statusunda olduğunu söyləmək üçün ciddi əsaslar verir. Məsələnin daha bir inkaredilməz tərəfi ondan ibarətdir ki, nədənsə Azərbaycan tarixçiləri Babəklə bağlı tədqiqat işlərində Babəkin düşməni qismində olan tərəfin mövqeyini tədqiq edib araşdırdıqları halda, Babəkin özünün özünü nə cür görməsi ilə, yumşaq desək, maraqlanmamışlar. Halbuki, elmi tədqiqatlar zamanı bu, daha böyük əhəmiyyət kəsb edir.

            Tarixi səpkidə əsərlərini Abbasi sarayının diktəsi ilə yazmış xilafət tarixçisi Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbərinin «Tərix ər-rüsul və-l-müluk» adlı əsərində Babəkin Bəzz qalasını tərk edib Araz vadisindəki meşəlikdə olduğu zaman oğlundan gələn məktuba verdiyi cavabda bu cümlələrə yer verilib: ”Bəlkə də mən bu gündən sonra çox yaşamadım, amma mən hökmdar adını daşıyıram və mən harda olsam, yaxud mənim barəmdə harada nə danışsalar, – yenə də mən hökmdar olaraq qalıram.” /2, s.112-113/. Z.Bünyadovda Babəkin bu məktubundakı «hökmdar» kəlməsi «padşah» və «şah» olaraq qeyd olunub /15, s. 335, 400-401/.

            Sözügedən məktubda diqqəti cəlb edən daha bir məqam Babəkin özünü konkret bir sülalənin banisi olaraq görməsi və oğlunun varislik hüququndan danışmasıdır: ”Sən mənim yolumla getsəydin və öz sülalənin varisi olsaydın, onda varislik sənə keçə bilərdi, onda bir neçə gün qabaq sən həqiqətən mənim oğlum sayılırdın” /11, s. 58/. Eyni sülalə məsələsi və Babəkdən sonra onun varisinin kim olması ilə əlaqədar Təbərinin adıkeçən əsərində daha bir yerdə maraqlı məlumata rast gəlinir. Səhl Sumbatla etdiyi söhbətdə Babək bununla bağlı öz narahatlığını dilə gətirir və məlum olur ki, Babəkin oğul övladlarının bir çoxu idarəetmədə naşı, digərləri də azyaşlı olduqları üçün Babək Bəzz qalasının süqutundan sonra qardaşı Abdullanı öz yerinə varis təyin etmək fikrində idi və məhz bu səbəbdən onu qorumaq məqsədilə Abdullanı Beyləqan hakimi Əbu Musa Yesainin (İstifanusun) yanına göndərir. Mənbədə bu haqda məlumat aşağıdakı şəkildə verilmişdir:

«Yaxşı olmaz ki, mən və qardaşım bir yerdə qalaq, çünki birisi bizlərdən birinin izinə düşərsə, o birisi salamat qalıb yaşayacaqdır. Mən özüm səninlə qalacağam, qardaşım Abdullah isə ibn İstifanusun yanına gedəcəkdir, çünki biz nə olacağını bilmirik və sonradan bizim sülaləni davam etdirə biləcək varisimiz yoxdur». «- Sənin çoxlu oğlanların vardır», – deyə İbn Sumbat ona müraciət etdi. Lakin Babək cavab verdi ki, onların arasında bir nəfər də münasib olanı yoxdur, buna görə qardaşını inandığı ibn İstifanusun qalasına göndərməyi qərara almışdır» /15, s.403/. Babəkin bu sitatdakı sözlərindən açıq-aydın görülür ki, o, özünü müstəqil dövlətin hökmdarı hesab edir, özündən sonra hökmdar sülaləsinin varisinin kim olacağını düşünürdü.

            Əbu Məhəmməd Əhməd ibn Əsəm Əl-Kufinin “Kitab-əl-Fütuh” adlı əsərində Babəkin oğluna yazdığı cavab məktubunda onun məşhur kəlamı aşağıdakı şəkildə qeyd olunub: «Babək oğlunun məktubu ilə tanış olandan sonra məktubu gətirənin boynunu vurdu. Xəlifənin fərmanını isə heç açmayıb, sinəsi üstə qoydu və ikinci elçiyə dedi: «Oğlumun yanına get və bu sözləri ona çatdır: bir gün hökmdar kimi yaşamaq qırx il qul qalmaqdan daha yaxşıdır!»» /11, s.58/. Burda Babəkin özünü hökmdar qismində görməsi asanlıqla anlaşılır. Qeyd edək ki, Təbəridə həmin kəlam «qırx il miskin qul kimi ömür sürməkdənsə, bir gün ağa kimi yaşamaq daha yaxşıdır» formasında əks olunub /2, s. 112-113/.

            Babəkin hökmdar olduğunu söyləməyə əsas verən daha bir mühüm fakt Abdürrəhman ibn Əbu Bəkr Cəlaləddin əs-Süyutinin (Cəlaləddin Əsyutinin) “Tərix-ül-xülafə” adlı əsərində əks olunmuşdur. Tarixçi-alim Z.Bünyadov öz əsərində Süyutinin «837-ci ildə Mötəsim Azərbaycan padşahını (məlikini) əsir almışdır»  deyə yazdığını bildirir /15, s.335/.

            Səid Nəfisi öz əsərində “Babəkin hökmranlıq etdiyi ərazilər”dən danışır və bu ərazilərin coğrafi təsvirinə yer verir /13, s.24/. Təsvirdən sonra tədqiqatçı-alim “Babəkin geniş bir ərazidə hökmranlıq etməsini” qeyd edir /13, s.30/. “Hökmdarlıq” və “hökmranlıq” arasında leksik-semantik fərqlər olsa da, bu sitat öz-özlüyündə Babəkin kifayət qədər geniş bir əraziyə kifayət qədər uzun bir müddət ərzində nəzarət etdiyini və bu ərazilərdə öz idarəçilik qayda-qanunlarını tətbiq etdiyini təsdiqləyir.

            Babəkin müstəqil bir dövlətin banisi və hökmdarı olduğunu sübut etməyə imkan verən faktlar bu dediklərimizlə bitmir və bu hipotezin həqiqətəuyğunluğunu qüvvətləndirən digər məqamlar da var. Məsələn, Babəkin çoxlu sayda cəlladının olması barədə bir sıra mənbələrdə, o cümlədən, Təbərinin “Tərix-ər-rüsul və-l-müluk”, Nizamülmülkün “Siyasətnamə”, Həmdullah Mustovfinin “Tarixi-qozide”, Qazi Əhməd Ğəffarinin “Nigaristan”, Fəsih Herəvinin “Mücməli-fəsih” əsərlərində, habelə, “Zinət-əl-məcalis” əsərində məlumatlar verilib, hətta Füzuni Astarabadinin “Kitabi-Büheyrə” əsərində Babəkin cəlladlarının sayı iyirmi nəfər göstərilib /12, s.9/.

Adi bir üsyan başçısının bu qədər cəlladının olması heç bir məntiqlə izah oluna bilməz, bu məlumatlardan aydın olur ki, Babəkin idarəetməsində konkret məhkəmə və cəza mexanizmi də olmuşdur. Əks təqdirdə, bu qədər cəllada da ehtiyac olmazdı. Eləcə də, sovet dövrü tarixşünaslığında Babəkin hərəmxanasının olması faktının zərindən sükutla keçilmişdir. Tarixi mənbələr onun arvadlarından ikisi – Bəzz qalasının sahibi olmuş Şəhrək oğlu Cavidanın dul qalmış qadını və Sünik knyazı Vasakın qızı İbnət əl-Kəldaniyyə barədə daha ətraflı məlumat verir. S.Nəfisi qeyd edir ki, “Görünür ki, onun (Babəkin – C.B.) bir neçə arvadı var imiş. Yazıldığına görə, Samirəyə aparılan əsirlər içərisində bir neçə qadın varmış ki, Babəkin arvadları hesab olunurdular” /13, s. 122/. İmadəddin ibn-Kəsir “Əl-bidayə və-n-nihayət” adlı əsərində Babəkin Afşin tərəfindən ələ keçirilən ailə üzvləri barədə bunu yazır:

Onun (Babəkin – C.B.) on yeddi oğlu və özü ilə oğullarının arvadlarından iyirmi üç nəfər qadın ələ keçmişdi” /13, s. 37/. Yeri gəlmişkən, Babəkin 827-ci ildə Sünik knyazı Vasakla qohum olaraq onun qızını alması faktı /7, s. 287/ əslində Babəkin hökmdar statusunu təsdiqləyən bir hadisə kimi dəyərləndirilə bilər. Hər halda, IX yüzillikdə Sünik vilayətinin hakimi kimi bir adamın ən azı əsilzadəlik meyarları baxımından adi bir üsyan başçısına qızını verib qohum olması adi bir hal deyildi. Deməli, ən azı Sünik və digər qərbi Azərbaycan ərazilərində Babək adi bir üsyan başçısı yox, məhz hakim, hökmdar qismində qəbul olunurdu.

            Daha bir məqam pavlikianların üsyanının yatırdılması məqsədilə Babəkin quzey Azərbaycan ərazilərinə qoşun çəkməsidir. Üsyanın yatırılması üçün Alban (Alpan) knyazları özləri Babəkə müraciət edərək ondan yardım istəmiş, yalnız onun bu işi həll edə biləcəyini bildirmişdilər /15, s.316/. Burdan aydın olur ki, həm Sünik knyazı Vasak, həm Beyləqan hakimi Əbu Musa Yesai, həm də digər Alban (Alpan) hakimləri və feodallar Babəkə özlərindən daha yüksək məqama sahib, hökmdar statusunda olan bir insan kimi yanaşırdılar.

            Babəkin hökmdar kimi atdığı addımlar arasında onun 827/828-ci ildə pavlikianların üsyanını yatırtması /Stepannos Orbelian, “Sünik tarixi”, XXXIII fəsil, s. 95-97/, erməni-hayların təşkil etdiyi qoşunu məğlub edərək erməni din xadimlərini ölkənin şimal-qərbindən qovması, onların əmlakına isə od vurub yandırması /7, s.288, 316/ ilə yanaşı, eyni zamanda, Abbasi xilafətinin ordularına qarşı daha təsirli addımlar atmaq məqsədilə Azərbaycan ərazilərindən kənarda — xilafətin iç bölgələrində Abbasilərə qarşı çıxış edən qüvvələrə dəstək verməsi kimi faktlar da var. 833-cü ildə (hicri 218-ci il) İsfahan şəhərində hürrəmilərin tərəfdarları üsyan qaldırdığı zaman xəlifə Mötəsim Babəkin başını qatmaq üçün sərkərdə İshaq ibn İbrahimin rəhbərlik etdiyi çoxsaylı xilafət ordusunu hürrəmilər üzərinə göndərdi, hürrəmilər Həmədan yaxınlığında bu qüvvə ilə döyüşdə məğlub olsalar da, Babək taktiki gediş edərək Hürrəmi ordusunun bir qismini Azərbaycan ərazilərindən kənarda yerləşən İsfahan şəhərini almaq üçün göndərdi. Hürrəmi ordusu İsfahanı ərəb qoşunlarından təmizlədi /13, səh. 48/. Bu hadisə onu göstərir ki, Azərbaycanın hökmdarı olan Babək artıq xilafətlə istənilən formada barışığın və dinc yanaşı yaşamağın mümkün olmadığını qəbul etmiş, birbaşa xilafətin ərazilərinə hücuma keçməyi və Abbasilərin dövlətçilik təməllərini sarsıtmağı qərara almışdı.

            Sözügedən məsələdə hələ digər incə nüanslara, məsələn, Babəkə xəlifə tərəfindən qızıl möhürlü aman fərmanının göndərilməsi /11, s.58; 15, s. 335, 400-401/, əsir Babəkin Samirə şəhərinə hökmdar qiyafəsində gətirilməsi /13, s.37, 90-91, 113/, ona öncədən əyalət hakimliyi təklifinin edilməsi və s. toxunmadan, yuxarıda qeyd olunan faktların işığında Babəkin müstəqil bir dövlətin hökmdarı olduğunu söyləmək mümkündür. Onun adına pul vahidinin olub-olmaması isə hələ ki tarix elminə məlum deyil, belə ki, uzun müddətdən bəri İranın şimalında hər hansı arxeoloji qazıntı aparılmasının qadağan edilməsi bu məsələyə aydınlıq gətirilməsinə imkan vermir, bu baxımdan da Babəkin pul vahidinin olub-olmaması məsələsinə yəqin ki gələcəkdə aydınlıq gətiriləcəkdir.

            Xürrəmilərin müstəqil dövlət qurduqları və Babəkin də bu dövlətin ilk hökmdarı olması barədə faktlar sadalandıqdan sonra bu dövlətin təməlindəki ideoloji prinsiplərin nədən ibarət olmasını aydınlaşdırmaq da mühüm əhəmiyyət kəsb edir. Bu haqda öncə bu qeyd olunmalıdır ki, Xürrəmilər dövlətinin dini ideya əsasları əsasən ortodoksal İslama yox, heterodoksal İslama mənsub olmaqla Abbasi sarayının rəsmi məzhəbi olan Mötəziliyyəyə qarşı idi. Və bu dövlətdə şəriət qanunları dövlətin idarə olunmasında mühüm rola malik deyildi /1, s.207/. Bundan başqa, Xürrəmilər dövlətini quran qüvvənin milliyyətçi dünyagörüşünə sahib olmaları barədə də faktlar mövcuddur. Bu faktlar arasında ən çox diqqət cəlb edən birini xatırlatmaq yerinə düşərdi. İbn Vazeh Yəqubi “Tarixi-Yəqubi” əsərində yazırdı:

«Sonra o, (xəlifə əl-Məmun nəzərdə tutulur – C.B.) Hatim ibn Hərsəmə ibn Əyunu Ərminiyyəyə vali təyin edir. O, ölkəyə gəlir və mütəzililərlə ifrat milliyyətçilər arasında qalmış olur. Onlar bir-biri ilə elə vuruşurlar ki, az qala məhv olacaqdılar, sonra barışırlar. Hatim ibn Hərsəmə elə bir neçə gün ölkədə qalmışdı ki, ona atası Hərsəmənin ölüm xəbəri və onun necə şəraitdə ölməsi çatır» /11, səh. 150/. Burda söhbət xilafət dövründə “Ərminiyyə” adlandırılan quzey Azərbaycan torpaqlarında xəlifə Məmun dövründə hakim mötəziliyyə cərəyanının tərəfdarları ilə onlara qarşı etiraz çıxışları edən ifrat milliyyətçilərin olduqca sərt qarşıdurmasından gedir. İfrat milliyyətçi adlanan cinahın mənsublarının məhz xürrəmilərdən ibarət olması tarixçinin qeydlərindən aydın görünməkdədir. Əks təqdirdə bu cinahın mənsubları xürrəmilərdən ayrı bir qüvvə olaraq daha ətraflı və məxsusi olaraq qeyd olunardı, İbn Vazeh Yəqubi isə öz əsərində 212-ci hicri ilində (827-828-ci illərdə) Hürrəmilərin fəaliyyətinə toxunarkən bu hadisəni qeyd edir. Deməli, xürrəmilər məhz Azərbaycanın milliyyətçi qüvvələri idi ki, bölgəyə nəzarəti əllərinə keçirib Abbasi ordularını qovmuş və öz müstəqil dövlətlərini qurmuşdular.

            Beləliklə, sadalanan tarixi məxəzlərin məlumatları və aparılan paralellər əsasında IX əsrin ilk yarısında Azərbaycanda geniş vüsət almış xürrəmilər hərəkatının nəticə etibarilə Abbasi xilafətindən asılılığı olmayan müstəqil bir dövlət qurulmasına gətirib-çıxardığını, bu dövlətin ideoloji təməllərinin türk-islam sintezi üzərində qurulmuş olduğunu, eyni zamanda, Babəkin bu dövlətin ilk hökmdarı olduğunu, xürrəmilərin imanlı müsəlmanlar olduqlarını və İslamın təməl qaydalarının saxtalaşdırılmasına, ilahi mahiyyətinin təhrif edilməsinə qarşı çıxış etdiklərini, əhli-beyt imamlarını və peyğəmbər nəslinin zülmə uğrayan digər mənsublarını dəstəklədiklərini, öz dini-fəlsəfi dünyagörüşlərinə görə sufi təriqətlərinin – ələvilik, hürufilik, qızılbaşlığın ideya bazasına yaxın olduqlarını söyləmək mümkündür. Yəqin ki, yaxın gələcəkdə Azərbaycan tarix elmində bununla əlaqədar problemə yeni baxış bucağı formalaşdırılacaq və xürrəmilər hərəkatı və onun öndəri Babəkin fəaliyyəti ilə bağlı qəti söz deyiləcəkdir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

  1. Abdülkahir el-Bağdadi, “Mezhepler arasındaki farklar” (El-Fark Beynel-Fırak), Ankara, Türkiye Diyanet Vakfı Yayınları, 2005.
  2. Azərbaycan tarixi üzrə qaynaqlar (tərtibçi və redaktor: Süleyman Əliyarlı), Bakı, “Çıraq”, 2007.
  3. Ceyhun Bayramlı, “Babək və hürrəmilik” (yalanlar və gerçəklər), Bakı, Kitab Aləmi, 2011.
  4. Əbu Əli Həsən ibn Əli Xacə Nizamülmülk, “Siyasətnamə”, Bakı, “Çıraq”, 2007.
  5. Əhməd ibn Əsəm əl-Kufi, “Kitab-əl-fütuh”, Bakı, 1981.
  6. Həsən Səfəri, “Babək və Azərbaycan”, “Türk eli” jurnalı, 9-cu sayı, 2010-cu il, səh. 62-64.
  1. Moisey Kalankaytuklu, “Albaniya tarixi”, Mxitar Qoş, “Alban salnaməsi”, Bakı, Elm, 1993.
  2. Nailə Vəlixanlı, “IX-XI əsr coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında”, Bakı, 1974.
  3. Nailə Vəlixanlı, “Ərəb Xilafəti və Azərbaycan”, Bakı, 1993.
  4. Nərgiz Əliyeva, “Azərbaycan Yaqut əl-Həməvinin əsərlərində”, Bakı, Çaşıoğlu, 1999.
  5. Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar, Bakı, “Nurlan”, 2005.
  6. Osman Turan, “Türk Cihan Hakimiyeti Mefkuresi Tarihi”, I-II c., İstanbul, Boğaziçi Yayınları, 1993.
  7. Səid Nəfisi, “Azərbaycan qəhrəmanı Babək Xürrəmdin”, Bakı, “Örnək”, 1990.
  1. Ziya Bünyadov, “Dinlər, təriqətlər, məzhəblər”, Bakı, «Şərq-Qərb», 2007.
  2. Ziya Bünyadov, “Azərbaycan VII-IX əsrlərdə”, Bakı, “Şərq-Qərb”, 2007.
  3. Аш-Шахристани М., «Книга о религиях и сектах» (Китаб ал-Милал ва-н-нихал), перевод С.М.Прозрова, Москва, Наука, 1984.

Müəllif: Milli Kimlik Araşdırmaları qrupunun üzvü, Ceyhun Bayramlı

Comments are closed.