Azərbaycanın milli, taleyüklü məsələlərini fəaliyyətinin əsas istiqamətinə çevirən siyasi xadimlərimizin arasında bu ad cəmiyyətimizin böyük bir hissəsinə bəlli deyil. Halbuki, Ermənistanın Naxçıvanı ilhaq planını ilk ifşa edən də məhz odur.  O, Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı səfiri Məhəmməd Xan Təkinskidir.  Bir neçə il bundan əvvəl Ukraynanın Odessa vilayətinin dövlət arxivindən vaxtilə Novorossiysk Universitetində təhsil almış azərbaycanlı tələbələrin də şəxsi işləri aşkar edilərək surətlərin Bakıya gətirilibb.  Həmin işlər arasında Novorossiysk Universitetinin hüquq fakültəsinin tələbəsi olmuş Məmməd xan Təkinskinin də şəxsi işi var.

Tiflis şəhəri birinci gimnaziyanın şagirdləri haqqında verilmiş məlumatda M.X.Təkinskinin atasının adı qrafasında – “Ehsan xan Təkinski”, qəyyumu adlı qrafada isə göstərilir: “Cəfərqulu xan Naxçıvanski”, milliyyəti-türkmən, dini etiqadı- müsəlman, təvəllüdü-1879-cu il kimi göstərilir.

Şəxsi işində sinif rəhbəri Avilov tərəfindən tərtib edilərək Tiflis birinci gimnaziyasının direktoru Markovun imzaladığı Məmməd xan Təkinskiyə verilmiş xasiyyətnamə də var. Rus dilində yazılmış həmin xasiyyətnamənin tərcüməsini təqdim edirik:

“Məmməd Təkinskinin xüsusi taleyi olmuşdur. O, öz valideynləri haqqında heç nə deyə bilmir. Ona görə ki, onları görməyib. O, 1879 – cu ildə Axal-Təki vadisində rusların türkmənlərlə müharibəsi zamanı anadan olmuşdur. Maraqlıdır ki, cəmi iki yaşı olarkən 1881-ci il yanvar ayının 12-si günü baş vermiş hadisə onun yaddaşına əbədilik olaraq həkk olunmuşdu. Xatırlayır ki, çayı keçərkən az qala boğulacaqmış, valideynləri onu ruslardan ot tayasında necə gizlətmişdilər, bir köynəkdə daşın üzərində necə oturmuşdu, ruslar küçələrdə türkmənləri necə doğrayırdılar, süngünü ona tuşlamış rus soldatının əlinə necə keçmişdi. Həmin gün onun bütün doğmaları məhv olmuşdu. O, rus ordusunun polkovniki Ehsan xan Naxçıvanski tərəfindən oğulluğa necə götürülmüşdür. Hərbi hissədə o, necə hamının sevimlisinə çevrilmiş və hərtərəfli qayğı ilə əhatə olunmuşdu.

Lakin dəhşətli hadisələr Təkinskinin həyatında öz izlərini də buraxmışdı. Bir vaxt onun bədəni tamamilə şişir. Belə hesab edirlər ki, bu, əsəb sisteminin pozulmasının əlamətlərindən biridir. Bundan sonra müəyyən müddət onun dili dolaşır, topuq vururdu. Lakin müalicə olunmaqla o sağalmışdı. Son vaxtlarda isə onun bədəninin sol tərəfi yüngül şəkildə iflic olmuşdu. Xasiyyətindəki bir sıra kobudluqlara baxmayaraq, Təkinski, hər halda, yumşaq ürəkli, orta qabiliyyətlidir. Öz yaşına görə kifayət qədər inkişaf etməmişdir. Hesab etmək olar ki, onun əsəb xəstəliklərinin əsas səbəbi gərgin əmək və asan olmayan gimnaziya kurslarının keçirilməsi zamanı beynində yaranmış əsəb gərginliyi olmuşdur. Hər halda Təkinski kifayət qədər bilikli, kifayət qədər ümumi inkişafa malik şəxs kimi gələcəkdə əgər özünə, öz qüvvəsi və zövqünə uyğun peşə seçərsə cəmiyyət üçün yararlı şəxs ola bilər.

Tiflis gimnaziyasını müvəffəqiyyətlə bitirdikdən sonra, 1901-ci ildə Novorossiysk Universitetinin riyaziyyat bölməsinə daxil olmuş və 1908-ci ildə oranı bitirmişdir.

Onun  Novorossiysk Universitetinin hüquq fakültəsini bitirdikdən sonra 1918-ci ilə qədər harada işlədiyi barədə əlimizdə əsaslı bir məlumat olmasa da,ehtimal etmək olar ki,  o,  hüquq-mühafizə orqanlarında fəaliyyət göstərmişdir. Çünki 1918-ci il iyul ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasına sonralar andlı iclasçı kimi M.X.Təkinski də bu komissiyanın işinə cəlb etmək, buradakı və sonrakı fəaliyyətləri göstərir ki, o, həqiqətən də bu illər ərzində sıradan bir məmur olmayıb. 1918-ci ildən 1920-ci ilin aprelinədək Xalq Cümhuriyyətinin süqutuna qədər isə M.X.Təkinski, əvvəlcə cümhuriyyət hökumətinin Ermənistan Respublikasında səlahiyyətli nümayəndəsi, sonra isə xarici işlər nazirinin müavini olmuşdur. 

Təkinsikinin olduqca vətənpərvər və milli düşüncəyə sadiq diplomat olması və işlədiyi yerlərdə hətta riskli olsa belə,  vətənpərvər addımlar atması ermənilərin belə etiraflarında və arxiv sənədlərində yer almışdır. Təsadüfi deyildir ki, Ararat respublikası rəsmiləri onun Azərbaycanın gizli xəfiyyəsi olması barə fikirlər bildirmişlər.  Deməli, 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasında parlament qarşısında öz hökuməti adından F.X.Xoyski hesabat verdikdən sonra hökumət buraxılır. Yeni hökumətin parlament tərəfindən təşkili yenidən F.X.Xoyskiyə tapşırılır. Sənədlərdən görünür ki, həmin vaxt xarici işlər naziri vəzifəsinin icrası müvəqqəti olaraq M.X.Təkinskiyə həvalə olunur. A. Paşayev yazır ki, Təkinskinin dekabrın 9-da o, cümhuriyyət hökumətinin Gürcüstandakı nümayəndəsi M.Y.Cəfərova göndərdiyi təlimatda Ermənistanın Tiflisdəki nümayəndəsinə Qazax qəzasının Qaraqoyunlu kəndinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu və heç bir vaxt Ermənistan Respublikasının tərkibinə daxil olmaq istəmədiyini bildirməyi tapşırır.

Bundan sonra, M.Təkinski  1919-cu il yanvar ayının 29-da Azərbaycan Cümhuriyyəti hökumətinin Ermənistan Respublikası hökuməti yanında diplomatik nümayəndəsi təyin olunur. Bu vəzifədə o, həmin il oktyabrın 1-də xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunan vaxta qədər fəaliyyət göstərmişdir. Onun Ermənistanda fövqəladə səfir fəaliyyətinin bütün dövrü erməni məkrli planlarının ifşa edilməsi, qarşısının alınması şəraitində keçir.  Ötən il Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) onunla bağlı arxiv sənədlərini açıqlayıb. Bu barədə, hətta erməni KİV-də də məlumat yayılıb. Lakin erməni rəsmi qurumları onların azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər barədə diplomatımızın Ermənistan hökumətinə yazdığı məktubları yox, özlərinə sərf edən kiçik məqamları açıqlayıblar. Onların açıqladığı sənədlərdə qeyd olunur ki,  guya Təkinsikini Ermənistana “müsəlman iğtişaşları törətmək” məqsədilə AXC hökuməti göndərir. 

Sənədlərə görə, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinin, ermənilərin o vaxtkı baş naziri Simon Vratsyanın millətçi-panturkist kimi təqdim etdiyi  Məhəmməd Xan Təkinskini Yerevana diplomatik nümayəndə təyin etməsi təsadüfi deyildir.  Arxiv sənədlərində qeyd olunur ki, erməni-daşnak hərbi birləşmələri haqqında məlumat toplayan diplomatımız, eyni zamanda, Naxçıvan və Şərurun ermənilər tərəfindən işğalının qarşısının alınmasında mühüm rol oynayıb. Qəhrəman diplomatımız daşnak qoşunlarının hücumları, Naxçıvanla sərhəd bölgələrdə hərbi-siyasi vəziyyət haqqında şifrəli teleqramlar göndərərək oraya kömək lazım olduğunu bildirib və dolayısıyla Naxçıvandakı soyqırımların qarşısının alınmasına kömək edib.

S. Vratsyan yazır ki, 1919-cu ilin yazında bir millətçi, Xan Təkinski adlı diplomat Azərbaycandan Ermənistana gedir. Yerevana gəldiyi ilk gündən etibarən təhlükəsizlik orqanları diplomatı izlədi. Diplomat toxunulmazlığından istifadə edən Təkinski, əslində, casusluqla məşğul olduğu, Ermənistan ordusunun quruluşu və silahlanması da daxil olmaqla bir çox sahələrdə məlumatlar hazırlayırdı. Təkinski, Şərur və Naxçıvanın Ermənistana birləşdirilməsinin qarşısını almaq üçün əlindən gələni etdi və gizli teleqramların köməyi ilə cənubdakı və digər yerlərdəki hərbi-siyasi vəziyyət barədə hökumətinə məlumat verdi. Yerli tatarlarla gizli əlaqələr saxladı və onları üsyana çağırdı. Casusluq fəaliyyəti öyrəniləndən sonra Ermənistan hökuməti Azərbaycandan diplomatını  geri çağırmasını tələb etdi.

Vratsyan özü də istəmədən, təbii ki, Xan Təkinskinin Azərbaycan üçün nə qədər əhəmiyyətli, milli bir şəxsiyyət olduğunu üzə çıxarmışdır. Onun “casus” fəaliyyətinə toxunan erməni tarixçi maraqlısı budur ki, 1919-cu il yanvarın 29-da İrəvanda səfir təyin olunan Təkinsikinin hələ 1919-cu il martın 24-də Ermənistanın xarici işlər nazirinə nota təqdim etməsindən söhbət açmır.  Həmin sənəddə deyilirdi:

“Türklər İrəvan quberniyasını tərk etdikdən bir neçə gün sonra erməni zabitlərinin komandanlığı altında erməni silahlı dəstələri Naxçıvan istiqamətində hücuma keçərək Səyib, Kataklı, Xaraba Kataklı kəndlərini tar-mar edib, dinc müsəlman əhalisini – qocaları, qadın və uşaqları, həmçinin bu kəndlərdə olan qaçqın müsəlmanları doğrayıblar. Lakin Şərurda müqavimətlə qarşılaşan silahlı erməni dəstələri Tarovluya geriyə çəkiliblər.

Eyni vaxtda digər erməni dəstəsi Cırmanısdən Qaraxaç, Şaqanlı, Kadılı, Yuxarı Qarabağlar, Ağasıbəyli, Dəhnaz, Şişi Dağ kəndlərinə doğru irəliləyərək bu kəndlərin bütün dinc müsəlman əhalisini qılıncdan keçirib, qız-qadınları əsir götürüblər. Müsəlman nümayəndələri erməni əsgərlərinin bütün bu iyrənc hərəkətləri haqqında məlumatı vaxtında Ermənistan Respublikası hökumətinin diqqətinə çatdırıb”.


Bundan sonra M.X. Təkinski növbəti dəfə bir daha rəsmi İrəvana nota təqdim edir. Onun erməni qoşunlarının Naxçıvana hücumu ilə bağlı Ermənistan hökumətinə 1919-cu il mayın 3-də təqdim etdiyi notada qeyd edilirdi: “Hökumətimin tapşırığı ilə mən Ermənistan Respublikasının qoşunlarının Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan rayonuna yeridilməsinə qarşı qəti etiraz edirəm.

Mən ümid etmək istəyirəm ki, Ermənistan Respublikasının hökuməti iki qonşu respublikaların sərhədləri haqqında məsələni eyni vaxtda silah gücü və Qafqaz konfransındakı öz nümayəndələri vasitəsilə həll edə bilməyəcək. Qafqaz konfransının məqsədi mübahisəli ərazi məsələlərini sülh yolu ilə həll etməkdir. Xüsusən də Ermənistan Respublikasının hökuməti özünün 4 aprel 1919-cu il tarixli 1075№li notasında qeyd etmişdir ki, ərazi məsələlərinin həlli Qafqaz Konfransının həll etməli olduğu bütün məsələlərin ilkin şərti olmalıdır. Xahiş edirəm bu məsələ ilə bağlı hökumətinizin qərarını mənə bildirəsiniz”.

Xalqımızın qəhrəman diplomatı vaxtaşırı olaraq AXC hökumətini ermənilərin məkrli planları barədə məlumatlandırırdı. Onun Azərbaycan Xarizi İşlər Nazirliyinə göndərdiyi teleqramda əks olunub: “Yayılan şayiələrə görə, əgər Ermənistan Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edərsə, ingilislər Şərur-Naxçıvan bölgəsini Ermənistana verəcək. Bu şayiəni ermənilər yayır; mən düşünürəm ki, başdan-başa müsəlman əhalisindən ibarət olan Şərur-Naxçıvanı onlara vermək olmaz, buranın əhalisi Ermənistanın digər hissələrində olan müsəlmanlardan da dəhşətli vəziyyətə düşəcək. Müsəlmanların dəhşətli vəziyyətdə olması haqqında sübutlarım var”.

Məhəmməd xan Təkinskinin fəaliyyətinə nəzər saldıqda onun səfir səlahiyyətlərindən də artıq fəaliyyət göstərdiyinin şahidi olursan. Arxiv sənədlərində onun teleqramları həmin dövrün mövcud vəziyyəti ilə bağlı müfəssəl məlumat verməyə imkan yaradır.

Təəssüflər olsun ki, onun 1920-ci il aprel ayının 28-dən sonrakı həyatı barədə məlumatımız yoxdur. Çox gümankı üzərinə millətçi damğası vurularaq həbs edilən bu şəxsiyyətimiz boşevik terrorundan yan keçmənişdir. Onun fəaliyyətini təhlil edərkən belə bir nəticə ortaya çıxır: Əgər Məhəmməd Xan Təkinski kimi milli kimliyimizin, maraqlarımızın təəssübkeşliyini bütün fəaliyyəti boyunca yüksəkdə tutan belə bir diplomatımız olmasaydı bəlkə də, indi Naxçıvan bölgəsi Azərbaycanın tərkibində olmazdı.Eyni zamanda, İrəvan mahalında yaşayan azərbaycanlılar tamamilə soyqırımına məruz qalardı.   

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Anar Turan

Mənbələr:

  1. A. PAŞAYEV , Xalq qəzeti.- 2010.- 18 iyul.- S. 6.
  2. AZƏRTAC, 30 avqust, 2019-cu il
  3. E. Kəlbizadə, “Diplomatiya tarixindən. Naxçıvanlı diplomatlar” Lambert Academic Publishing-2017
  4. Nəsiman Yaqublu. Cümhuriyyət  Quruculari  Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2018
  5. https://vstrokax.net/istoriya/shpionazh-azerbajdzhanskogo-diplomata/?fbclid=IwAR2XmJO01KF-qEDC1UsDbvC7hOg666_iNEP686o2Xjds1POkbOwsetHOafA

Write A Comment