Milli Kimlik

Burada "Milli Kimlik"

Konsepsiyasının mətni yerləşdiriləcək.

Mövzuyla bağlı təkliflərinizi, məqalələrinizi,

araşdırmalarınızı turk-islam@mail.ru, muasir.inkisaf@gmail.com

ünvanlarına göndərə bilərsiniz.

Aşağıda Konsepsiyanın əhatə edəcəyi əsas tezislər qeyd edilib.

Bu tezislərlə bağlı da fikirlərinizi bildirə bilərsiniz.

 

Milli Kimlik

(I təklif)

1. Əsas anlayışlar:

- Azərbaycan milli kimliyi - Azərbaycan Respublikasınının vətəndaşlarının, azərbaycan xalqının özünüidentifikasiya şəkli;
- azərbaycançılıq – Azərbaycan xalqının milli birliyini, azərbaycan (türk) dilinin, milli adət və ənənələrinin (dəyərlərinin) qorunub saxlanması, mənəvi (islam) dəyərlərinin kənar təsirlərdən qorunaraq azərbaycan xalqının qəbul etdiyi şəkildə saxlanması və təbliği, bunların əsasında müasir tipli dövlət quruculuğu və sürətli inkişafı özündə ehtiva edən Azərbaycan Respublikasınının milli dövlətçilik ideologiyası;
- azərbaycanlılar - Azərbaycan Respublikasınının vətəndaşları, xaricdə yaşayan Azərbaycan Respublikasınının vətəndaşları, Azərbaycan Respublikası ilə mədəni, etnik, milli, ərazi bağlılığı olan, özünü azərbaycanlı hesab edən şəxslər;
- azərbaycan türkləri - Azərbaycan Respublikasınının vətəndaşı olan, yaxud olmayan, onun hüdudları daxilində formalaşmış ümumi etnik, iqtisadi, mədəni xüsusiyyətlərə, vahid dilə, siyasi şüura malik şəxslər, o cümlədən hazırki Ermənistan Respublikasının ərazisindən qovulmuş şəxslər, Gürcüstan Respublikası və Rusiya Federasiyasının Dağlstan Respublikasının cənub rayonları, İran İslam Respublikasının, Türkiyə Cümhuriyyətinin şərq ərazisində yaşayan azərbaycan mənşəli şəxslər, eləcədə bu şəxslərlə sıx mədəni, siyasi, coğrafi bağlılığı olan, azərbaycan türkcəsində danışan və özünü azərbaycan türkü hesab edən şəxslər;
- azərbaycan dili (azərbaycan türkcəsi) - Azərbaycan Respublikası hüdudlarında və ona qonşu olan ərazilərdə: İran İslam Respublikasının şimal hissəsində, Türkiyə Cümhuriyyətinin şərqində, İraq və Suriya Respublikalarında istifadə olunan ümumi dil;
- milli siyasət – azərbaycanlıların milli xüsusiyyətlərinin saxlanması, azərbaycan dilinin saflığının, təmizliyinin, azərbaycan milli dəyərlərinin adət və ənənələrinin, milli dövlətçiliyinin qorunması, xaricdə yaşayan azərbaycanlılarla siyasi, mədəni və iqtisadi əlaqələrin genişləndirilməsinə yönəlmiş və s. istiqamətində kompleks tədbirlər sistemini əhatə edən siyasət;
- mənəvi dəyərlərin qorunması siyasəti – unudulmuş və məhv edilmək təhlükəsi qarşısında qalmış mənəvi dəyərlərin bərpası, İslam normalarının yerli ənənələr və milli xüsusiyyətlər nəzərə alınmaqla tətbiqi, radikal meyyillərin təbliğat yolu ilə aradan qaldırılması, dini normalardan milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində yararlanmaq;
- müasir dövlət quruculuğu – beynəlxalq təcrübəyə əsaslanan müasir tipli dünyəvi dövlət quruculuğu, inişaf etmiş dövlətlərin təcrbəsindən, texnologiyasından, iqtisadiyyatından bəhrələnmə, sürətli inkişaf, dünya birliyinə inteqrasiya

2. Milli Kimliyin formalaşdırılmasının prinsipləri:

- milli kimliyin milli dövlətçilik ideologiyası üzərində qurulması və dövlətçiliyə xidmət etməsi;
- milli kimliyi formalaşdırarkən tarixi inkişafın nəzərə alınması;
- milli kimliyin milli və mənəvi dəyərlərin qorunması ilə müasir dövlət quruculuğunun sintezi və balanslaşdırılması üzərində qurulması;
- müasirləşmənin əxlaqi sferaya, milli-mənəvi dəyərlərə toxunmaması
- milli kimliyin formalaşmasında bütövlükdə azərbaycan cəmiyyəti, bir azərbaycanlı fərdi, ailəsi üçün həssas olan Qarabağ amilindən, onun azad edilməsi istiqamətində milli həmrəylikdən istifadə edilməsi;
- diaspora siyasətinin konkretləşdirilməsi və genişləndirilməsi.

3. Azərbaycançılığın məzmunu

Azərbaycançılıq – milli dövətçilik ideologiyası olub özündə  2 sistemi birləşdirir:
1) azərbaycanlılıq - vətəndaşlıq forması, azərbaycan xalqının, azərbaycanlıların Azərbaycan Respublikasına bağlılığı
2) azərbaycan türklüyü - genezis olaraq türklük ideologiyasının Azərbaycan Respublikası hüdudlarına salınması

4. Milli Kimliyə əsas təhdidlər

- kosmopolitizm, qərbçilik ¬– heç bir əsas olmadan demokratiya və insan hüquqularının təbliği adı altında Avropa və qərb dəyərlərinin (dəyərsizliklərinin) təbliği, milli-mənəvi dəyərlərin, milli dövlətçiliyinn ələ salınması, ateizmin təbliği, gənclərdə milli şüurun məhv edilməsi, onların dəyərsizləşdirilərək qərbin təsirində idarə olunması. Azərbaycan dövlətçiliyi üçün ən böyük təhlükə!
- ifrat millətçilik  – Azərbaycanda yaşayan xalqlar arasında ayrı-seçkilik sala biləcək, bir millətin digəri üzərində üstünlüyünü təbliğ edəcək fikirlər, milli özünüdərkin formalaşdırılmasında dini dəyərlərin nəzərə alınmamasına, İslam dininin istisna edilməsinə, azərbaycan türklüyünün ümumi türklüklə eyniləşdirilməsinə gətirib çıxara bilən ideyalar.
- radikal dini cərəyanlar - özünü ideal İslamın, Allahın təbliğatçısı kimi qələmə verən, əhali arasında qütbləşməyə, düşmənçiliyə hesablanmış, müxtəlif kənar dövlətlər tərəfindən idarə olunan, süni şəkildə formalaşdırılmış icmalar (vəhhabilər, nurçular, İran meyilli şiələr, yehova şahidləri, krişnaidlər və s.). Bu və ya digər dövlətin maraqlarının təmsil edlməsinə də yönəlib.

5. Həyata keçirilməli olan tədbirlər:

- ideoloji sahədə vahid dövlət siyasətini əks etditən proqram xarakterli sənədin hazırlanması;
- orta və ali məkəblərdə milli ideologiyanın təbliğinə xüsusi diqqət yetirilməsi;
- qərbmeyilli, ayrı-ayrı fondlar tərəfindən maliyyələşən təşkilatların fəaliyyətinin dayandırılması;
- İslam dininə  dövlət tərəfindən qayğı artırılmalı, dini siyasət dövlət nəzarəti altında həyata keçirilməli, Qafqaz Müsəlmanları İdarəsinə dövlət maraqları naminə xüsusi status verilməli, dini təbliğat dövlətin maraqları çərçivəsində aparılmalı;
- azərbaycanlı və azərbaycan türkləri anlayışlarının fərqləndirilməsi üçün Konstitusiyada “azərbaycanlı” anlayışınını təsbit edilməsi.

 

Milli Kimlik

(II təklif)

Qloballaşma modernləşmə prosesi keçən xalqlarda milli kimliklə bağlı müzakirələri intensivləşdirmişdir. Bəzən milli kimliklə bağlı müzakirələrə pessimist yöndən yanaşılır, hər hansı bir millətin "öz milli kimliyini tanımaması" kimi qiymətləndirilir. Bu narahatçılıqda müəyyən əsaslar olsa da  vəziyyəti tam əks etdirmir. Çünki hər dövrün özünün milli kimlik tanımlanması vardır. Bunu deməklə yeni bir kimlik yaradılmasını və ya dəyişdirilməsini nəzərdə tutmuram. Milli dövlətlərdə, hətta imperiyalarda yeni bir milli kimlik ideyasını irəli sürmək özü uğursuzluqla nəticələnir. Konkret olaraq, SSRİ dövründəki "sovet vətəndaşı" kimliyininin təbliğinin uğursuzluqla nəticələndiyini xatırlatmaq olar. Mənim fikrimcə, milli kimlik bir xalqın yüzillərdən gələn kimliyinin üzərində boy atır, böyüyür və dövrə uyğun olaraq yenidən şəkillənir. Burada söhbət, şəkillənməkdən, yəni formadan gedir. Yüzillərdən gələn mahiyyəti, məzmunu isə dəyişmək arzusu yuxarıda qeyd etdiyim kimi, əlavə problemlərin ortaya çıxmasına gətirib çıxara bilər.
Dünyanın ən inkişaf etmiş dövlətlərində belə milli kimlik məsələsinə dövrə uyğun yeni yanaşmalar ortaya çıxır. Məsələn, XX əsrin birinci yarısında iki dəfə dünya müharibəsi törətmiş Avropa xalqları bu gün Birləşmiş Avropanın milli kimliyini (vətəndaş kimliyini) formalaşdırırlar. Bu avropalı kimliyi Avropa Birliyi ideyasını həyata keçirmək üçün lazımdır.
Siyasi, iqtisadi, sosial, regional və s. şərtlərdən asılı olan AB-nin mövcudiyyəti üçün yeni dövrə uyğun olaraq avropalı kimliyi mühüm önəm daşıyır. Burada alman, fransız, italyan, ispan və s. xalqların etnik-milli kimliyinin dəyişməsindən söhbət getmir və heç kəs buna cəhd belə göstərmir. Bu paralel prosesdə azsaylı xalqların assimlyasiya olması, ikidillilik və ya çoxdillilik kimi məsələlərin ortaya çıxması isə dövrün reallıqlarından irəli gəlir. Min il əvvəl, yüz il əvvəl olduğu kimi, müasir qloballaşma dövründə azsaylı xalqların, dillərin vahidin tərkib hissəsinə çevrilməsi  qaçılmaz və normal prosesdir. Bir-birinin daxili məsələlərinə müdaxilləri, siyasi təzyiq üsullrını nəzərə almasaq, azsaylı xalqların, dillərin müqavimət gücünün artması da normal haldır. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı azsaylı xalqların mövcudiyyət imkanlarını, bir-biri ilə ünsiyyət formalarını, mədəniyyətlərini qoruyub-saxlamaq imkanlarını artırmış, bunun da nəticəsində ikidillilik, çoxdillilik ortaya çıxmışdır. Daha dəqiq desək, əvvəlki dövrlərlə müqayisədə ikidillilik və çoxdillilik imkanları yeni forma və məzmun almışdır. Məsələn, hər hansı dialektlə və şivə ilə danışan Azərbaycan türkü kimi, xınalıqlı, çek, haput, ləzgi, talış Azərbaycan ədəbi dilində danışır, təhsil alır, ünsiyyət, biznes əlaqəsi qurur və s.. Ola bilsin ki, dil öyrənmək məsələsində kimsə o birinə nisbətən daha çox çalışır, amma son nəticədə hamının Azərbaycan dövlət dilində danışması, dövlətin tələbini yerinə yetirməsi vacib olur.

1. Azərbaycan dilinin qloballaşmasına nail olmaq lazımdır

Yazıda ilk növbədə dil məsələsini önə çəkmək təsadüfi deyil. Müxtəlif elm sahələri ilə məşğul olan alimlərin əsərlərini təhlil edəndə, eyni zamanda adi həyat tərzi milli kimlik məsələsində DİL amilinin əsas olduğunu üzə çıxarır. Azərbaycan  dövlətində dil amili toplumu sıxışdıran, ayrı-seçkilik salan deyil, əksinə, birləşdirən, bütövləşdirən faktordur. Hələ qədim və orta əsrlərdə, xüsusi ilə XIX-XX əsrlərdə inkişaf edən DİL FAKTORU-nun müasir dövrün tələblərinə uyğun olaraq rövnəqləndirilməsinə ehtiyac vardır. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan dilininin inkişafı ilə bağlı fərman və sərəncamları bunun üçün ciddi əsaslardır. Bu rəsmi sənədlərin həm dövlət səviyyəsində, həm də yerli səviyyədə həyata keçirilməsi istiqamətində işləri genişləndirməyə ehtiyac vardır. Burada yazılı və elektron mətbuatda, mobil rabitə, internetdə Azərbaycan dilininin tətbiqi məsələləri xüsusi önəm daşıyır.  Mobil telefon klavişlərində (ə,ğ,ş), kompüter klavişlərində Azərbaycan əlifbasının hərflərinin tətbiqindən tutmuş, "Azərspase" peykininin Azərbaycan dilininin təbliğatçısına çevrilməsinədək hər şeyi nəzərdə tuturam. Nəzərə alsaq ki, Azərbaycan türk dili Türkiyə türkcəsi ilə müqayisədə daha geniş arealı əhatə edir, türk dilləri içərisində daha başadüşüləndir, onda Allahın bizə verdiyi üstünlüyü internet, televiziya və s. vasitələrlə daha geniş areala yaymaq imkanından istifadə etmək lazımdır. Burada Azərbaycan ədəbi dilinin Şimali Qafqazda yayılması, Cənubi Azərbaycanda mövqeyinin güclənməsi məsələsini də xüsusi ilə qabartmaq istəyirəm. Ortaq türk dilinin, ortaq türk əlifbasının yaradılması ilə bağlı təşəbbüslərə təkcə Türkiyə türkcəsinin Azərbaycanda mövqeyinin möhkəmlənməsi kimi yanaşmaq düzgün deyil. Əksinə, Azərbaycanın peyk yayımı imkanlarının genişlənməsi Anadolu əhalisinin öz doğma dilində (ləhcəsində)-Azərbaycan türkcəsində danışmasına böyük imkan yaradacaq. Bunun üçün yüksək keyfiyyətli serialların, kinofilmlərin, verilişlərin, internet portallarının yaradılması əsas şərtlərdəndir. Azərbaycan dilində beynəlxalq olimpiadaların, müsabiqələrin keçirilməsi də mümkündür. Orta Asiya türk xalqlarının, Türkiyə türkcəsində müəyyən çoxişlənən sözlərin leksikonumuza daxil edilməsi də Azərbaycan dilinini yayılma arealını genişləndirə bilər. Bununla Azərbaycan dilinini qloballaşmasına nail olmaq lazımdır. Azərbaycan türk dilinin qloballaşan dünyada qlobal mahiyyət daşıması üçün məqsədyönlü işlər görmək vacibdir.

2. Milli kimlikdə insan hüquqlarının rolu.

Qloballaşma dövründə milli kimlik məsələsində ən vacib amil insan hüquqları məsələsidir. Son 20 ildə cəmiyyətimizin əldə etdiyi uğurların, eləcə də üzləşdiyimiz problemlərin milli, etnik, dini mənsubiyyətindən asılı olmayaraq, hamıya eyni dərəcədə aid olmasına diqqət çəkmək istəyirəm. Bu Azərbaycan Respublikasında bütün azərbaycanlıların-Azərbaycan türkü, ləzgi, talış, avar, udi, cek, haput, xınalıqlı, kürd və s. uğurlara eyni şəkildə sevinməsi, hətta eyni problemlərlə üzləşməsini  milli birgəliyin özülü saymaq mümkündür. ASAN xidməti kimi dövlət orqanlarının fəaliyyətini genişləndirməsi, məhkəmə, polis və digər dövlət orqanlarına etimadın artması, dövlət qulluğuna qəbulda şəffaflığın artırılması və s. proseslər son nəticədə etnik, dini mənsubiyyətindən asılı olmayaraq vahid milli kimlik ideyasını gücləndirəcək. Yeri gəlmişkən, milli kimlik məsələsinə etnik-dini mənsubiyyət üzərindən yox, vətəndaşlıq (insan) mənsubiyyəti üzərindən baxmaq vacibdir. "Azərbaycanlı" sözünün vətəndaşlıq termini kimi istifadə olunmasına çalışmaq lazımdır. Hələ ki, azərbaycanlı kimi yalnız Azərbaycan türkləri nəzərdə tutulur. Qeyd edim ki, məhz elmi tədqiqatlarda milli kimlik məsələsində özünü göstərən ziddiyətlər məişət səviyyəsində adlandırmalarda da hiss olunur. Yaxşı olar ki, "azərbaycanlı" sözünün vətəndaşlıq anlamında istifadə olunması təşəbbüsləri çoxalsın, bu sözün yalnız Azərbaycan türklərinə aid olmaması cəmiyyətə çatdırılsın. Onu da deyim ki, bu həssaslıq tələb edən incə bir prosesdir.
Yeri gəlmişkən, qeyd edim ki, milli kimlik, etnik kimlik, xalq anlayışlarının paralel olaraq, sinonimlər kimi işlədilməsinə ehtiyac vardır. Çünki elmi ədəbiyyatda, elmi müzakirələrdə bununla bağlı müzakirələrdən yekun nəticə hasil etmək mümkün deyildir. Ona görə də yaxşı olar ki, rəsmi sənədlərdə, dərsliklərdə, tarix kitablarında bu anlayışlar sinonim kimi istifadə olunsun.
Müasir  dövrdə insan hüquqları üzərində qurulan Qərb (əsasən ABŞ) imperiyasının şahidi oluruq. Ümumiyyətlə, tarixən uzunmüddətli imperiyaların qurulmasında insan məsələsi xüsusi rol oynamışdır.  İmperiyalar milli və ya yerli dövlətləri məhv etsə də, fərdlərin inkişafı mümkün olmuşdur. İmperiyaların geniş ərazilərə yayılması da, təkcə onların hərbi qüdrəti ilə deyil, nəzarət etdiyi böyük ərazilərdə insanların ticarət etməsi, məhsullarını geniş bazara çıxarmaq imkanı və s. ilə ölçülürdü. Yerli hökmdarların əməllərindən daha yuxarılara şikayət etmək imkanları vardı. Fərdlər böyük imperiyalarda böyük vəzifələr tuturdular. Məsələn, Əməvilərdən fərqli olaraq Abbasilər dövrü ərəb deyil, müsəlman imperiyası adlanırdı. Çünki müxtəlif etnoslara məxsus müsəlmanlar bu imperiyanın idarə olunmasında xüsusi yer tuturdular. Yaxud, Çar Rusiyası dövründə, sovet dövründə azərbaycanlının fərd olaraq, yüksək mövqelər əldə edirdi. Kremlə şikayət etmək olurdu və s. Yəni imperiyalar milli dövlətləri məhv etsələr də öz hökmranlıqlarını fərdlərin üzərində qururdu. Lakin bu proses bitmirdi. Fərdlərin azadlıqları son nəticədə milli təfəkkürün, milli dünyagörüşün yenidən inkişafına gətirib çıxarır, müstəqillik uğrunda mübarizə güclənir, milli dövlət bərpa olunurdu. Sovet dövlətinin yaranması və dağılması prosesinə diqqət yetirin.
Bu gün də Qərb öz imperiyasını müxtəlif vasitələrlə insan azadlığı üzərində qurur. Milli dövlətlərin ən böyük üstünlüyü odur ki, öz vətəndaşlarına, fərdlərinə qlobal güclərin təklif etdiyi azadlıqdan daha yaxşısını versin. Burada heç də həddindən artıq azadlıqdan danışmıram. Əsas olan vətəndaş azadlıqlarıdır. Bu elə bir azadlıq növüdür ki, cəmiyyət onun daha şirin olduğunu düşünür. Özünün milli dünyagörüşünə, milli təfəkkürünə, həyat tərzinə uyğun gəlməyən, bəzən də zidd olan qlobal azadlıqlardan üstün tutur. İki min il idi ki, yunanlar müxtəlif imperiyaların tərkibində (1848-ci ilədək) idi. Amma demokratiya ideyası daim yunanlarla bağlı olmuşdur.
Moderləşmə, dəyişmə prosesi bütün şərtləriylə bir tamdır. Bu bütünlük təmin olunmasa, dəyişikliklər sağlam şəkildə davam edə bilməz. Dəyişikliklər sağlam, məqsədyönlü irəliləməsə, düşüncə, davranış, başqalarına yanaşma kimi məsələlərdə  milli kimlik-Qərb və ya Şərq mübarizəsi başlayır. Əslində bu mübarizənin olması təbiidir. Azərbaycan kimi, Qərblə Şərqin kəsişmə nöqtəsində yerləşən ölkələrdə milli kimlik mübarizəsi özünəməxsus xüsuüiyyətləri ilə seçilir. Azərbaycanda açıq cəmiyyət formalaşır, Qərb və Şərqlə tanış olan (biznes, siyasət, din, təhsil və s. sahələrdə) fərdlərin dəyişmə prosesi son nəticədə cəmiyyətdə öz əksini tapır. Fərdin bu yolda yalnışlığı cəmiyyətdə Avropa demokratik dəyərlərini mənimsəmə, islam dünyası, türk dünyası ilə əlaqələrin yalnış başa düşülməsinə gətirib çıxara bilər. Düçüncədə möhkəmlənən bu vəziyyət həyat tərzində də özünü göstərir, yanlış müqayisələri, addımları gücləndirir. Qloballaşmanın önünə keçməyin,əngəllənməyin mümkün olmadığını nəzərə alsaq, bu prosesin təbii təsirlərinin milli birliyimizi pozmasına əngəl olacaq tədbirlərin həyata keçirilməsi vavibdir. Qloballaşma haqqında "Yerli olanın evrənsəlləşməsi (beynəlmiləlləşməsi), beynəlmiləl olanın yerliləşməsi" terminlərindən istifadə olunur. Kəskin geosiyasi maraqların mövcud olduğu Azərbaycan Respublikasında siyasi sistemin Avropa demokratik dəyərlərinə uyğun modernləşməsini birmənalı olaraq müsbət proses kimi qəbul etmək çətindir. Azərbaycan dövlətinin demokratikləşmə yolunda atdığı addımlar, cəmiyyətin demokratikləşməyə nə qədər hazır olması ilə yanaşı, geosiyasi vəziyyətlə bağlı obyektiv məsələləri nəzərə almaq vacibdir. Teokratik İran və avtoritar Rusiyanın qonşuluğunda yerləşən, Ermənistanın işğalı ilə üzləşən Azərbaycanın Avropa demokratik dəyərlərini tam olaraq tətbiq etməsi mümkün deyildir. Bu da bir reallıqdır ki, qloballaşma milli dövlətin demokratikləşmə prosesinə mənfi təsir göstərir, başqa dövlətlərin müdaxilə imkanlarını artırır. Bu baxımdan da Azərbaycanın özünəməxsus demokratikləşmə prosesini həyata keçirməsi vacibdir. Yuxarıda qeyd etdiyim kimi, vətəndaşlara verilən azadlıqlar  qlobal dəyişiklərə tab gətirməklə yanaşı, üstün olmalıdır.

3.Milli kimliyin inkişafında din faktoru

Qloballaşma milli kimlikdə DİN FAKTORU-nu önə çıxarmışdır. Müasir dövrdə etnik-dini təmələ əsaslanan kimliklərin rolu artır. Milli dövlətlər yeni dünya düzəninin yarandığı bir dövrdə qlobal söz sahibi olan hegemoniya ilə üzləşməkdədir. Dövlət içində yerli yönətimlər, alt kimliklər bu qlobal hegemoniyanın dəstəyi ilə güclənməkdədir. Yeni dövrdə yazarların, sənətçilərin, sosioloq, etnoqraf, kompüter proqramçılarının milli kimlik şüuru yaratmaq, mədəni kimliyi inkişaf etdirmək sahəsində ciddi işlər görməsi vacibdir. Bunun üçün əvvəlcə nələrə sahib olduğumuzu müəyyənləşdirmək lazımdır. Azərbaycan Prezidentinin 2004-cü il fərmanı ilə latın qrafikası ilə təkrar nəşr olunan yüzminlərlə tiraj kitabların informasiya-kommunikasiya texnologiyalarında əksini tapması lazımdır. Cəmiyyətimizi radikal, qeyri-ənənəvi təriqətlərdən qorumaq üçün Azərbaycançı mövqedən çıxış edən ənənəvi dini icmaların rolunun möhkəmləndirilməsinə ehtiyac vardır. Bu dini icmalara qrantlar ayrılması şəklində də həyata keçirilə bilər. Eyni zamanda Bakı İslam Universitetininin, BDU İlahiyyat fakültəsinin fəaliyyəti yenidən qurulmalıdır. Bakı İslam Universiteti ali təhsil müəsisəsi kimi gündəmdə yoxdur. Bununu da əsas səbəbi odur ki, BİU Qafqaz Müsəlmanları İdarəsinin nəzarəti altındadır və mahiyyətcə mollaxanaya (mədrəsəyə yox) bənzəyir. Yaxşı olar ki, BİU Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin idarəçiliyinə verilsin. Bu universitetdə fəlsəfə, sosiologiya, dinlər tarixi, eləcə də islamla yanaşı, müxtəlif dinlər tədris olunsun. Mollaların atestasiyadan keçməsi, Quran oxumasını tələb etmək yaxşıdır. Bəs, din adamının Azərbaycan tarixini, başqa dinləri bilməsi lazım deyil. BİU ali təhsil müəssisəsindən daha çox  qapalı bir təşkilata bənzəyir. Əgər indiyədək bu ali təhsil müəssisəsində həqiqətən yaxşı (çoxsaylı) mütəxəssislər yetişsəydi, dövlət orta məktəblərdi dinin əsasları fənninin tədrisinə razı olardı. Hazırda Azərbaycanda dinin ən çox yada düşdüyü yas mərasimləri Azərbaycandan başqa istənilən başqa dövlətə, başqa xalqa, müxtəlif qruplara xidmət edən (bilərəkdən-bilməyərəkdən) mollaların əlində qalıbdır. Əgər həqiqətən Azərbaycanda dini özünüdərkin inkişaf etməsini istəyiriksə, əvvəlcə Azərbaycançı din adamlarını yetişməsinə çalışmaq, hələlik ali məktəblərdə dinin əsaslarının (islam və başqa dinlər) ümumi (DQİDK-də təsdiqlənmiş) proqram və dərslik əsasında tədris olunması lazımdır. Əvvəl-axır bu iş həyata keçməlidir, yaxşı olar ki, vaxtında addımlar atılsın.

 

Konsepsiyanı tam oxumaq üçün onu yükləyin.


© 2018 Bütün hüquqlar qorunur www.millikimlik.az