Milli Kimlik

"Milli Kimlik" Konsepsiyasının hazırlanması

 

Layihə "Müasir İnkişaf" İctimai Birliyinin təşkilatçılığı; Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun iştirakı; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2013-cü il ərzində icra edilir. Layihənin sonunda "Milli Kimlik" Konsepsiyası təqdim olunacaq. Layihə çərçivəsində tədbirlər, sorğular, müsabiqələr, sosial şəbəkələrdə və KİV-də təbliğat, araşdırma yazılar və s. istiqamətdə çalışmalar həyata keçiriləcək, nəticələr bu sayt vasitəsilə cəmiyyətə təqdim olunacaqdır.

 

Layihənin əsaslandırılması

Azərbaycan Respublikasında son illər sosial, iqtisadi, mədəni və digər sahələrdə həyata keçirilən məqsədyönlü siyasət, irimiqyaslı islahatlar dövlətimizi sürətlə dünyanın inkişaf etmiş ölkələri sırasına yaxınlaşdırmış, bir çöx sahələrdə böyük nailiyyətlər əldə edilmiş, əhalinin sosial rifah halı xeyli dərəcədə yaxşılaşmışdır. Dövlətimiz dünya siyasi sistemində öz yerini möhkəmləndirmiş, siyasi və iqtisadi müstəqilliyimizin qorunması istiqamətində hazırda balanslaşdırılmış siyasət həyata keçirilməkdədir.

Sosial, iqtisadi, mədəni və digər sahələrdə dövlət tərəfindən görülən məqsədyönlü işlərin əhəmiyyətini vurğulamaqla yanaşı qeyd etmək lazımdır ki, ölkə əhalisinin mənəvi həyatı, milli-mədəni dəyərlərin qorunması, vətəndaşların, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi və ümumən dövlətin ideoloji əsaslarının formalaşdırılması istiqamətində müəyyən boşluqlar hələ də mövcuddur.

Hazırda Azərbaycan Respublikası vətəndaşlarında, xüsusən yetişməkdə olan gənc nəsildə milli şüurun, vətən əxlaqının, milli kimlik anlayışının, milli-dövlətçilik dünyagörüşünün formalaşması, vətən və dövlət qarşısında məsuliyyət hisslərinin artırılması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmasına, vətəndaşları olduğu Azərbaycan Respublikasına münasibətdə bağlılığının artırılmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsinə zərurət vardır.

Təəssüflər olsun ki, dövlət müstəqilliyimizin bərpasından 20 ildən artıq vaxt keçməsinə baxmayaraq hazırda Milli Kimlik, Dövlətçilik İdeologiyası və s. kimi vacib anlayışlara aktuallığını itirmiş məsələlər nöqteyi-nəzərindən yanaşma hələ də mövcuddur. Lakin bu yanlışdır. Çünki hər bir dövlətin mövcud olmasında, formalaşmasında və inkişafında milli ideyanın rolu əvəzsizdir. Buna rəğmən hazırkı şəraitdə bizim cəmiyyətdə bu sahədə ciddi bir boşluğun olması müşahidə edilməkdədir. Həmin boşluğun mövcud olması, cəmiyyətə kənardan ideoloji baxışların mütəmadi sirayət etməsinə, cəmiyyət, xüsusən isə gənclər arasında yad dünyagörüşlərin, ideoloji baxışların yayılmasına şərait yaradır, milli və mənəvi dəyərlərimizin zəifləməsi, təhrifə məruz qalmasına səbəb olur. Kənar ideoloji baxışların ən çox sirayət etdiyi sahələrdən biri də dini cərəyanlar və baxışlar vasitəsi ilə sirayət edən ideyalardır. Buna görə də milli kimlik ideyası və milli mənəvi dəyərlərimizin qorunması işinə eyni platformada baxılması və ideoloji işin aparılması zəruridir. Məsələnin həlli üçün dövlət tərəfindən təsdiqlənmiş normativ məzmunlu ideoloji hüquqi sənədin mövcudluğu zəruridir. Bu işə töhfə vermək məqsədilə ideoloji sahədə milli siyasətimizi əks etdirə biləcək proqram xarakterli sənədin layihəsinin hazırlanması, kosmopolitizm, ifrat millətçilik, radikal dini cərəyanlara qarşı effektli mübarizənin təşkili üçün araşdırmaların aparılması, ideoloji maarifləndirmənin həyata keçirilməsi və onların nəticəsi olaraq “Milli Kimlik” Konsepsiyasının hazırlanması vacib amildir. Konsepsiya vasitəsilə milli dövətçilik ideyasının əsası olan və prinsipləri hələ də tam olaraq açıqlanmayan Azərbaycançılıq ideyasının mahiyyətini aydınlatmaq olar.

 

Məqsəd

Layihənin məqsədi Azərbaycan Respublikasının milli dövlətçilik maraqları əsas götürülməklə və Azərbaycan xalqının tələbatları, eləcə də mövcud ictimai rəy nəzərə alınmaqla ekspertlərin iştirakı ilə Azərbaycan Respublikasının milli dövlətçilik ideologiyasının – “Milli Kimlik” Konsepsiyasının layihəsini hazırlamaqdır.

Göstərilən məqsədlərə uyğun olaraq qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur;
­- Milli ideologiya, Milli Kimlik, Milli-Mənəvi dəyrələr, Qüdrətli dövlət ideyası və s. bağlı aparılmış nəzəri araşdırmaları ümumiləşdirmək
- Kütləvi tədbirlər vasitəsilə Milli dövlətçilik ideologiyası ilə bağlı ictimaiyyətin müxtəlif təbəqələrinin, dövlət və qeyri-dövlət qurumlarının, ziyalıların və tədqiqatçıların mövqeyini ortaya çıxarmaq
- Milli dövlətçilik ideologiyasınının əsaslarını və strukturunu müəyyən etmək
- Həyata keçirilən tədbirlərin nəticələrinin ümumiləşdirilməsi və sistemləşdirilməsi əsasında “Milli Kimlik” adlı Konseptual sənəd hazırlamaq;
- Hazırlanmış Konsepsiyanın müvafiq dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə təqdim etmək, geniş şəkildə təbliğ etmək və cəmiyyətin bu istiqamətdə hərəkət etməsinə nail olmaq.

 

Nəticə

Gənclərin, ziyalıların və bütövlükdə ictimaiyyətin böyük marağını təmin etməklə, ən aparıcı KİV-lərlə güclü əlaqələr qurmaqla Layihənin realizəsinin gedişi barədə məlumatların kifayət qədər işıqlandırılmasına şərait yaratmaq olacaq. Layihənin effektiv reallaşdırılması, mötədil, milli ruhlu gənclərdə, ziyalılarda, eləcə də dövlət orqanlarında ona marağı artıracaq, bu tip tədbirlərin ənənə halı almasına imkan verəcək. Nəticədə vətənpərvərlik və vətəndaşlıq hissinin təbliği planlı və sistematik xarakter əldə edəcək. Eyni zamanda milli dövlətçilik ideologiyasının, milli dəyərlərin, vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi üzrə yeni dövlət proqramının hazırlanması üçün baza rolunu oynaya bilər. Layihələrin reallaşacağı təqdirdə aşağıdakı mühüm nəticələrin əldə ediləcəyinə ümid bəslənilir:
­- Azərbaycan Respublikası vətənaşlarında milli vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi;
- İnsanlarda vətəndaşlıq öhdəliklərinin aşılanması;
- Vətəndaşaların mübarizə ruhunda tərbiyə edilməsi, onlarda dövlətin və cəmiyyətin problemlərinə marağın artırılması;
- Milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, müasir bəşəri dəyərlərin mənimsənilməsi;
- Dövlətçilik ideologiyası problemi ilə bağlı normativ bazanın təkmilləşdirilməsi.


© 2018 Bütün hüquqlar qorunur www.millikimlik.az